Açıq mənbə
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunmasından 108 il keçir.
AXC 28 may 1918-ci ildə Gürcüstanın paytaxtı Tbilisidə elan olunub. Bu, Şərqdə ilk demokratik respublika quruluşu kimi tarixə düşüb.
Cümhuriyyətin yaradılması Çar Rusiyasının süqutu və bölgədə yaranan siyasi boşluq şəraitində baş verdi. Milli Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan xalqının suverenliyi və dövlət müstəqilliyi rəsmən elan olundu.
Fətəli xan Xoyski başda olmaqla, ilk hökumət quruldu. AXC hüquqi dövlət quruculuğu, təhsil islahatları, qadınlara seçki hüququnun verilməsi və milli ordu yaradılması sahələrində addımlar atdı.
AXC daxili siyasi və iqtisadi böhranlar, həmçinin xarici təzyiqlərlə üzləşirdi. 1920-ci ilin aprelində Sovet Rusiyası Azərbaycana qoşun yeritdi və 28 apreldə XI Qızıl Ordu Bakını ələ keçirərək AXC-ni süquta uğratdı. Beləliklə, 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti sona çatdı və ölkədə Sovet hakimiyyəti quruldu.
1991-ci ildə SSRİ-nin dağılması Azərbaycana yenidən müstəqillik qazanmaq imkanı yaratdı. 30 avqust 1991-ci ildə dövlət müstəqilliyi elan edildi, 18 oktyabrda isə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunaraq Azərbaycan AXC-nin hüquqi varisi kimi tanındı.
Sovet dövründə düşmən obrazı yaradılan Məmməd Əmin Rəsulzadə və başqa cümhuriyyətçilər müstəqillik dönəmində də doğma münasibət görmədilər. Doğrudur, 1990-cı illərin əvvəlində Rəsulzadənin şəkli milli valyutanın üzərində əks olunsa da, bəzi yerlərdə heykəli, büstü qoyulsa da, Əliyevlər hakimiyyəti dövründə ona münasibət birmənalı olmadı.
Onun adı Bakı Dövlət Universitetindən və büstü universitetin qarşısından götürülüb, uzun illər şəhərin mərkəzində - Kukla Teatrının qarşısında heykəli qoyulacağı deyilsə də, həmin abidə qoyulmayıb. Bundan başqa, vaxtilə onun şəkli manatın üzərində həkk edilsə də, sonradan neft buruqları ilə əvəzlənib.
Bundan başqa, hər il Rəsulzadənin doğum günündə və ya Cümhuriyyətin ildönümündə müxalif siyasi partiyaların onun Novxanıdakı abidəsini kütləvi şəkildə ziyarət etməsinə müxtəlif maneələr törədilir.
Hakimiyyət Cümhuriyyətlə bağlı mesajlarında onun əhəmiyyətini birbaşa danmasa da, cümhuriyyətçilərin siyasi irsini kiçiltməyə çalışır. Ölkə başçısı İlham Əliyev çıxışlarında tez-tez Cümhuriyyətin Yerevanı (İ.Əliyev "İrəvan" deyib) Ermənistana verdiyini, bunun bağışlanmaz xəyanət olduğunu deyir.
Millət vəkilləri və başqa hakimiyyət mesajçıları Cümhuriyyətlə bağlı çıxışlarında mövzunu həmişə Heydər Əliyevə gətirirlər. Televiziyalarda da mayın 28-də ekranın küncündə Əliyevin rəsmini görmək olar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Azərbaycanda siyasi məhbus sayılan şəxslərin beynəlxalq “advokasi” fəaliyyəti ilə bağlı müraciəti
jam-news
Məmməd Alpay: “Hökumət legitim vətəndaş cəmiyyəti fəaliyyətini cinayət kimi qələmə verir”
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”