Sosial

Naxçıvanda iməcilik: Yayda məmurların əkin sahələrində alaq vururuq

21 İyun, 2022
2518

Açıq mənbələrdən götürülüb

20 ildən çoxdur ki, Naxçıvanda müəllimlər istirahət günlərini iməcilikdə keçirirlər.

Rəsmi  qurumların təsdiq etmədiyi, amma çoxsaylı şahidi olan bu iddianı Şərurdakı məktəblərin birində işləyən gənc müəllim söyləyir.

Artıq 10 ildir iməciliklərdə “könüllülük” edən müəllim deyir ki, tələbəlik illərindən bəri həftəsonları və bayram günlərində bu işlə məşğul olur. Bir sözlə, şəhərin təmizliyi də iş vaxtına daxildir.

“Kimin başı xarab olub ki, könüllü hər həftə iməciliyə çıxsın, saatlarla istidə, ya da şaxtada çöllərdə qalsın. Səhər saat 9-da orda olmalısan, axşam saat 4-5-ə kimi. Kərəntini, kərkini, beli əlinə verirlər ki, yeri bellə, ot biç. İmtina edəni də işdən çıxarmaqla, həbslə hədələyirlər. Ona görə də heç kim cınqırını da çıxara bilmir. Xəstə olsan belə, gedib iştirak eləməlisən. Getməyəndə ilk zəng edən sahə polisi olur. Gəlib adamı evdən çıxarıb, zorla aparırlar. Baxmırlar ki xəstəsən, ya nəsən”.

https://toplum.tv/sosial/naxcivanda-mecburi-imecilik-telebi-kimse-otbicen-yoxdur-demesin

İməcilik həyat tərzi olmuş müəllimsə deyir ki, iməclik təkcə ictimai məkanlarda keçirilmir.

“İməcilik hər yerdədi. Yayda bəzən məmurların əkin sahələrində işlətməyə, alaq vurmağa, suvarmağa aparırlar. Məktəbin ərazisi çox kiçikdir. Orada 2-3 ayda bir bir dəfə iməcilik edirik. Bizi keçən həftə keçmiş "Dan yeri" “zapravka”sının yanındakı yol qırağında ot biçməyə, alaq təmizləməyə aparmışdılar. Deputat Musanın “zapravkası”nın yanını isə başqa məktəblər təmizləyir. Sonra da bizdən tələb edirlər ki, yüksək təhsil verək, göstərici yuxarı olsun. İstirahət günləri müəllim üçün həm də ona görə lazımdı ki, istitahətədən əlavə, növbəti həftənin dərslərinə hazırlaşsınlar. İməciliklərə görə nə ailəmizə vaxt ayıra, nə də dərsə hazırlaşa bilirik”.  

Təmizlik aksiyalarında 17-18 min “könüllü” iştirak edir

1990-cı illərin sonlarında - Vasif Talıbov hakimiyyətə gələndən sonra Naxçıvanda iməcilik ənənə halını alıb. O vaxtdan bəri hər həftənin istirahət günləri iməciliklər keçirilir. 62 yaşlı Talıbov da isti, şaxta demədən kostyumdaca iməclikdə iştirak edir.

https://toplum.tv/sosial/naxcivanda-coxlu-bagban-ve-supurgeci-stati-olsa-da-bizi-isledib-pul-silirler

Naxçıvan Dövlət Statistika Komitəsinin məlumatına görə, 1995-2010-cu illərdə il ərzində əkilən kol və ağacların sayı 2 mini keçməyib. 2011-ci ildən bəri isə hər il Naxçıvanda 300-400 min ağac, kol əkilib.

Rəsmi məlumata görə, təkcə ötən il 342 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, 330 mindən çox ağac və gül kolu əkilib.

Şərurlu müəllim isə deyir ki, sovet rejimi dağılandan sonra müntəzəm iməcilik söhbəti yalnız Naxçıvanda qalır. “Bu sırf Vasif Talıbovun təfəkkürüdür. Sovet təfəkkürü, köləlik təfəkkürü. Hətta sovet vaxtı belə iməcilik ildə bir dəfə keçirilirdi. İndi demək olar ki, hər gün. Bəzən məmurların əkin sahələrində iş çox olanda bizi həftə içi dərsdən sonra iməciliklərə aparırlar”.

Naxçıvanın rəsmi “Şərq Qapısı” qəzeti hər il yaz və payızda həyata keçirilən aqrotexniki tədbirlərin  mühüm ekoloji əhəmiyyət kəsb etdiyini yazır. Belə tədbirlərdə adətən 17-18 min insan iştirak edir, bəzən plana şəhərin  ahıl vətəndaşlarının evlərini təmizləmək də salınır.

Dörd ildən səkkiz ilədək həbs

“Toplum TV” tədbirlər haqqında Naxçıvan Təhsil Nazirliyindən mövqe almağa çalışsa da, bu baş tutmayıb. Nazirliyin təmsilçisi sualları cavablandırmaqdan imtina edib.

Bu ayın əvvəlindəsə Şərur rayonunda müəllimlərin və məktəb işçilərinin həftəsonları iməciliyə aparılması ilə bağlı səs yazısı yayılıb.

Səs yazısında Şərurdakı məktəblərə iməcilik haqqında tapşırıqlar verilir, direktorlardan dırmıq, otbiçən, vedrə, qayçı gətirmələri tələb olunurdu.

Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi zorla işlədilməyi qadağan edir.

Həmçinin Əmək Məcəlləsinin 17-ci maddəsində qeyd olunur ki, zor işlətməklə, əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işə məcbur etmək qadağandır.  İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməlidirlər. Onlar 4 ildən 8 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdırlar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

“Naxçıvan TV” əməkdaşları: “Bu qədər laqeyd münasibət görməmişik, etiraz aksiyasına hazırlaşırıq”

17 İyun 2026

Azərtac

Naxçıvan Dövlət Televiziyasının bir qrup əməkdaşı maaşların azaldılması, əmək hüquqlarının pozulması və idarədəki vəziyyətlə bağlı narazılıqlarını ifadə edərək, Naxçıvan Ali Məclisinin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırdıqlarını bildiriblər. Əməkdaşlar bununla bağlı “Gündəlik Naxçıvan” vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıblar. Müraciətdə qeyd olunur ki, işçilər əmək haqqları aşağıdır və bu, müntəzəm narazılığa səbəb olur. “Naxçıvan Televiziyasının tarixində bəlkə də heç bir dövrdə əməkdaşlara qarşı bu qədər laqeyd münasibət müşahidə olunmayıb. Hazırda bir çox əməkdaş 450-500 manat əməkhaqqı ilə fəaliyyət göstərir. Onsuz da ağır olan sosial vəziyyət fonunda əməkdaşların qanuni hüquqlarının məhdudlaşdırılması kollektivdə narazılığı daha da artırır”, - müraciətdə bildirilir. Əməkdaşlar əsas problemlərdən biri kimi...
Sosial

Azərbaycan məhbus sayında Avropanın ikincisidir: alternativ cəzalar niyə işləmir?

15 İyun 2026

Açıq mənbə

Azərbaycan hər yüz min nəfərə düşən məhbus sayına görə Avropa ölkələri sırasında ikincidir.  Bu, Avropa Şurasının 2025-ci il üzrə “Avropada həbsxanalar və məhbuslar” adlı illik hesabatında öz əksini tapıb.  Hesabatda bildirilir ki, Azərbaycanda hər 100 min nəfərə 271 məhbus düşür. Bu göstərici ilə Azərbaycan yalnız hər yüz min nəfərə 458 məhbusun düşdüyü Türkiyədən geri qalır. Azərbaycan həbsxanalarında hər 100 yerə isə 98 məhbus düşür. Azərbaycan bu göstərici ilə Avropa ölkələri sırasında 17-ci yerdədir. Vəkil Fariz Namazlı “Toplum TV” - yə deyir ki, bunun birinci səbəbi həbs cəzasına üstünlük verən cəza siyasətidir. “2025-ci ilin əvvəlində Azərbaycanda 27,673 məhbus olub. Bu, hər...

Seçilmiş Videolar

Toplum TV loqo