Sosial

Nazirin "narahatlığa əsas yoxdur" dediyi virus nə qədər təhlükəlidir?

28 Aprel, 2022
2576

açıq mənbədən götürülüb

Aprelin 27-nə olan məlumata görə, dünyada 190 nəfər mənşəyi bəlli olmayan hepatit virusuna yoluxub.

Onların əksəriyyəti İngiltərədə (110) olmaqla, Avropada 140 yoluxma faktı qeydə alınıb.

Virusa yoluxma halı İspanya, İsrail, ABŞ, Danimarka, İrlandiya, Hollandiya , İtalya, Norveç, Fransa, Ruminya, Belçika, İsraildə də qeydə alınıb. Son məlumatlara görə, bu virus artıq Asiyaya da çatıb, Yaponiyada 1 nəfər xəstəliyə yoluxub.

Aprelin 23-də Ümumdünya Səhiyyə Təşkilatı virusla əlaqədar ən azı 1 nəfərin öldüyünü, 17 uşağa qaraciyər transplantasiyayası həyata keçirildiyini açıqlayıb. BMT-nin səhiyyə agentliyi bu halların bir aydan 16 yaşa qədər olan uşaqlarda qeydə alındığını bildirib.

Açıqlamalara görə, hepatitin və ya qaraciyərin iltihabının simptomları arasında qızdırma, halsızlıq, iştahsızlıq, ürəkbulanma, qusma, qarın ağrısı, sidiyin rənginin tündləşməsi, açıq rəngli nəcis, oynaq ağrısı və sarılıq daxildir. ÜST xəstəliklə bağlı olaraq əllərin tez-tez yuyulmasını və tənəffüs yollarının gigiyenasına nəzarət etməyi tövsiyə edir. Həmçinin simptomları hiss edənlərə sidik, qan, nəcis testlərini, tənəffüs yollarının müayinəsini və qaraciyərin biopsiyasını məsləhət görür.

WHO

İngiltərənin araşdırma mərkəzləri xəstəliyin mənşəyini tapmağa çalışsalar da, hələlik bu barədə məlumat yoxdur. İlkin fərziyyələrə görə, xəstəliyin səbəbi adenovirus infeksiyası ola bilər. Bununla belə, qida, içki və şəxsi vərdişlərə dair keçirilən sorğu anketləri nəticəsində də xəstəliyin yaranma səbəbləri ilə bağlı ortaq nəticəyə gəlmək mümkün olmayıb. 

İnfeksionist Mərdan Əliyev deyir ki, virusun xüsusiyyətləri hələlik bəlli olmadığı üçün onun barəsində ətraflı danışmaq çətindir.

“Hepatit virusları hava damcı yolu ilə yox, təmas vasitəsilə yoluxur. Ona görə də sürətli yoluxma qabiliyyətinə malik deyil. Bəzi hepatit virusları var ki, məsələn, Hepatit E ümumiyyətlə, bizim ölkə üçün xarakterik deyil. Mənşəyi bəlli olmayan virusun xüsusiyyətlərini - hansı yolla yoluxması, necə yoluxması, bizim ölkə üçün xarakterik olub-olmamasını bilmirik deyə, nəsə demək çətindir”.

Mərdan Əliyev - açıq mənbədən götürülüb

Həkimin sözlərinə görə, hepatit virusları digər orqanlar üçün təhlükəli deyil, o, yalnız hepatit və digər qaraciyər xəstəliklərinə səbəb olur.

M. Əliyev valideynləri uşaqların gigiyenasına riayət etməyə, adamların sıx toplandıqları yerlərdə ehtiyatlı olmağa, məktəbləri və bağçaları isə şübhəli hal aşkarlanan uşaqlara qarşı tədbir görməyə çağırır.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də mənşəyi məlum olmayan hepatit virusu ilə bağlı birgə məlumat yayıb.

Məlumatda bildirilib ki, Azərbaycanın səhiyyə qurumları tərəfindən respublika ərazisində epidemioloji vəziyyət dərhal araşdırılıb. Nəticələrə əsasən, indiyə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı aşkarlanmayıb.

Vətəndaşların nəzərinə çatdırılıb ki, respublika ərazisində vəziyyət diqqətlə izlənilir və nəzarət altındadır.

“Əhaliyə təşvişə düşməmək, lakin profilaktik tədbirlərə, xüsusən adi gigiyena qaydalarına riayət etmək, o cümlədən əllərin tez-tez yuyulması, xəstə insanlarla (asqırma, öskürmə və s. əlamətləri) təmasdan çəkinmək, habelə, çirkli əllərlə gözlərə, buruna və ya ağıza toxunmamaq tövsiyə edilir”.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo