Sosial

Nazir müavini: “Xəzərin dayazlaşması sürətlənir” 

25 Avqust, 2025
547

Foto: açıq mənbə

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Xəzər dənizinin dayazlaşdığını və geri çəkildiyini deyib. 

“Reuters” agentliyinə danışan nazir müavini bildirib ki, dəniz artıq on illərdir dayazlaşır, lakin son göstəricilər tendensiyanın sürətləndiyindən xəbər verir. 

Onun sözlərinə görə, son beş ildə dəniz səviyyəsi 0,93 metr, son 10 ildə 1,5 metr, son 30 ildə isə 2,5 metr düşüb. Hazırki düşmə sürətini isə o, ildə 20–30 santimetr kimi qiymətləndirib.

“Sahil xəttinin geri çəkilməsi təbii şəraiti dəyişir, iqtisadi fəaliyyəti pozur və dayanıqlı inkişaf üçün yeni çağırışlara ehtiyac yaradır”, – Hacıyev bildirib.

Hacıyev, həmçinin, problemin həlli üçün Azərbaycan və Rusiya nümayəndələrini bir araya gətirən işçi qrupunda Azərbaycanı təmsil edir və bu qrup ilk dəfə aprel ayında toplanıb.

“Reuters”in məlumatına görə, son vaxtlar iki ölkə arasında münasibətlərin pisləşməsinə baxmayaraq, imzalanmış protokola əsasən işçi qrup sentyabrda məsələni izləmək və həll yolu tapmaq üçün nəzərdə tutulan birgə proqramı onlayn şəkildə təsdiqləməyi planlaşdırır.

Agentlik bildirir ki, Azərbaycan rəsmiləri problemi Xəzərə daxil olan suyun 80%-ni təmin edən Volqa çayı üzərində Rusiyanın bəndlər tikməsində günahlandırır.

Hacıyev həm də qeyd edib ki, dənizin geri çəkilməsinə görə Bakı limanına daxil olan gəmilər manevr edərkən çətinliklərlə üzləşirlər. “Bu isə yükdaşıma imkanlarını azaldır və logistika xərclərini artırır”, – o əlavə edib.

Bakı Beynəlxalq Dəniz Limanının direktoru Eldar Salahov isə agentliyə deyib ki, Dubəndi neft terminalı vasitəsilə neft və neft məhsullarının daşınması bu ilin ilk yarısında ötən ilin eyni dövründəki 880 min tonla müqayisədə 810 min tona düşüb.

O, azalmanı suyun səviyyəsinin düşməsi ilə əlaqələndirib və qeyd edib ki, limanın sabit və fasiləsiz fəaliyyətini təmin etmək üçün iri miqyaslı lildən təmizləmə işləri aparmaq zəruridir.

“2024-cü ildə Dubəndi neft terminalında ən böyük tankerlərin məhdudiyyətsiz daxil ola bilməsini təmin etmək üçün 250,000 kubmetrdən çox dərinləşdirmə işləri aparılıb”, – o bildirib. 

Salahov əlavə edib ki, apreldə Bakı Gəmiqayırma Zavodu yeni dərinləşdirmə gəmisi “İnşaatçı Soltan Kazımov”u inşa etməyi başa çatdırıb və gəmi tezliklə istismara veriləcək. Onun sözlərinə görə, bu gəmi limanın imkanlarını qorumaq üçün dibi 18 metrədək dərinləşdirməyə imkan verəcək.

“Reuters”, həmçinin, Hacıyevə istinadla suyun geri çəkilməsinin bataqlıqları və qamışlıqları məhv etməsi və bəzi dəniz növlərinin sağ qalmasını təhlükə altına qoymasından xəbər verib. 

“Ən böyük zərbəni kürüləri ilə məşhur olan və artıq məhv olmaq təhlükəsi altında qalan nərəkimilər alır. Onlar yay və payız yaşayış yerlərinin 45%-ə qədərini itirir və ənənəvi kürütökmə yerlərindən – çaylardan kəsilirlər. Xəzər suitiləri dənizin sahəsinin kiçilməsi və şimalda onların çoxaldığı mövsümi buzlaqların yoxa çıxması ilə təhdid altındadır”, – nazir müavini qeyd edib. 

“Dəniz səviyyəsi 5 metr aşağı düşdükdə, suitilər çoxalma yerlərinin 81%-ə qədərini itirirlər, 10 metrlik enmə ilə isə onlar demək olar ki, tamamilə münasib yerlərdən məhrum olurlar,” – o əlavə edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Hacı Vəliyev: "Azərbaycan hökuməti qan pulumu mənimsəməkdə israrlıdır"

15 İyul 2026

Sosial media

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri, İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyev əlillik təyinatının bərpa olunmamasından şikayət edir.  Onun bu barədə müraciəti iyulun 14-də sosial media hesabında dərc olunub.  "Mənə qarşı edilən işgəncələr, qeyri-insani rəftar, hüquq pozuntuları, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müalicə almaq hüququmdan məhrum edilməyim və əlillik təyinatımın artıq 2 aydır məqsədli şəkildə bərpa olunmaması səbəbilə özümü faktiki olaraq əsirlikdə hiss edirəm", - o qeyd edib.  H.Vəliyev xatırladıb ki, müharibədə bir gözünü itirməsi, digərinin isə ağır yaralanmasına baxmayaraq 2021-ci ildə ona yalnız müvəqqəti - 5 il müddətinə 2-ci qrup əlillik təyin olunub. Həmin müddət bu il tamam...
Sosial

Nazir dərsliklərdə məzmundan şikayət edir, bəs nə qədər haqlıdır?

15 İyul 2026

edu.gov.az

“Dərslik çap ediləndən sonra kimsə çay içəndə orada hərf səhvi tapıb bunu Azərbaycan təhsilinin ən böyük problemi kimi qələmə verirsə, mən bunu əhəmiyyətli hesab etmirəm”. Elm və təhsil naziri Emin Əmrullayev bu sözləri ötən ay yerli mətbuata müsahibəsində deyib. Buna baxmayaraq, o, məktəb dərsliklərində ciddi məzmun problemlərinin olduğunu da etiraf edib.  “Dərslikdə hansısa mövzu, ümumiyyətlə, yoxdursa, bu artıq ciddi problemdir. Hansısa mövzu artıqdırsa, bu da ciddi problemdir. Biz bu qədər mövzunu keçməliyikmi? Bəlkə, daha az mövzu keçməliyik? Bəlkə, fərqli mövzular keçməliyik?”, - o sual edib.  Fizika, təbiət, həyat bilgisi kimi dərsliklərin hazırlanmasında iştirak etmiş təhsil eksperti Yalçın İslamzadə “Toplum TV”-yə...

Seçilmiş Videolar

Toplum TV loqo