Sosial

“Qaraciyərlə ağciyərimiz yerini dəyişib” – Nübarda yolların vəziyyətindən şikayətlənən sürücü

6 Aprel, 2022
2212

Küləkli günlərin birində yolumuzu Nübar qəsəbəsindən salırıq.

Qəsəbənin girişində bizi bir neçə yerdə zibil qablarından daşan tullantılar, bir də onların içində eşələnən inəklər qarşılayır.

Elə həmin zibilliklərdən birində nəsə axtaran qəsəbə sakini qutuların içindən tapdıqlarını aramla arabasına yığır.

Qəsəbədə zibillikdən gələn üfunət iyi kanalizasiyanın qoxusuna qarışıb.

Nübarda kanalizasiya sistemi yoxdur. Sadəcə bəzi küçələrdə sakinlər öz hesablarına kanalizasiya çəkdiriblər, bəzi yerlərdəsə lyuklar dolub daşır, çirkab sular küçəyə axır.

“Kanalizasiya xətlətini özümüz qazmışıq. Yağış yağanda kanalizasiya boruları da dolub daşır”, - sakinlərdən biri deyir.

Valideynlərin ayaqqabı daşıması

Nübar qəsəbəsinin içərilərinə doğru kələ-kötür yollarla irəliləyirik. Qəsəbə sakini Nizami Əliyev bu yolları da öz hesablarına çəkdiklərini söyləyir.

Nizami Əliyev

“Nübara bələdiyyə təyin olunub, amma bu ərazilərə, demək olar ki, baxmır, Hökməli ərazisinə baxır. Bu yolu daşlamaq, düzəltmək, hamısı camaatın cibinin puluyla olub. Heç kəs deyə bilməz ki, biz bu yola daş tökmüşük”.

Onun sözlərinə görə, bir neçə dəfə Abşeron rayon İcra Hakimiyyətinə müraciət etsələr də, gəlib-gedən olmayıb: “Bizimlə elə rəftar etdilər ki, az qaldı ordan qaçaq. Bircə onu dedilər ki, bura niyə gəlmisiniz, yol nə vaxtsa çəkiləcək, amma nə vaxt çəkiləcək bilmirik. Halbuki yağış yağanda palçıqdan uşaq məktəbə gedə bilmir”.

Ağakərim Kərimov

Nübar sakini Ağakərim kişinin sözlərinə görə, yağış yağanda burda palçıq dizə çıxır.

“Hava yağıçlı olanda palçıq az qala ayaqqabını ayağımdan çıxarır. 22 ildir burda yaşayıram, eyni vəziyyətdir. Neçə dəfə İcra Hakimiyyətinə getmişik, aldadıblar ki, gedin, hər şey yaxşı olacaq. “Yaxşı olacaq, yaxşı olacaq”, axırımız da bu”, - qəsəbə sakini İsmayıl Eyvazov deyir.

İsmayıl Eyvazov

Soyadını söyləmək istəməyən Gülay adlı qəsəbə sakinisə danışır ki, yağış yağan kimi su evlərinə dolur.

“Dağın suyu axıb tökülür evlərimizə, zirzəmilərimizə. Hər il adambaşına 100-150 manat qoyub yolu düzəldirik, heç bir il də çəkmir. Uşaqları məktəbə aparanda rezin çəkmə geyindiririk, sonra məktəbdə dəyişdiririk. Qayıdanda da eyni cür. Valideynlər palçığın əlində əsir qalıb. Heç kənddəkilər belə yaşamır. Rayondan qohumlar gəlmək istəyəndə “yağış yağanda gəlməyin” deyirik. Rayondan təmiz gəlirlər, gəlib burda palçığa batırlar”.

Yağış yağanda uşaqlarını məktəbə aparmaqda çətinlik çəkən başqa bir valideyn Aytən Şirinovanın söylədiyinə görə, qəsəbədə məktəblilərin məktəb ayaqqabılarıyla yol ayaqqabıları ayrı-ayrıdır.

Aytən Şrinova


“Böyrəklərimizdə daş yoxdur, böyrəklərimizin özü də yoxa çıxıb”

Nübarda avtobus sürücüləri də yollardan təngə gəliblər. 551 nömrəli marşrut avtobusun sürücüsü Rafiq kişinin söylədiyinə görə, qəsəbənin yolları xarab olduğundan maşınlar tez-tez sınır.

Rafiq Qazaxlı

“Nə təkər çatdıra bilirik, nə də özümüz vaxtında çata bilirik. Camaat da narazılıq edir. Əlli dəfə müraciət etmişik, baxan yoxdur. Artıq böyrəklərimizdə daş yoxdur, böyrəklərimizin özü də itib, yoxa çıxıb. Qaraciyərlə ağciyərimiz yerini dəyişib”.

Qəsəbəyə yol və kanalizasiya kimi suyu da camaat özü çəkib.

Nübar sakini Ağakərim kişi deyir: “Nə əziyyətlə su çəkmişik, motor almışıq pulla. Nə qədər xərcimiz çıxıb. Amma hər ay gəlib hazırından su pulu alırlar, gecikdirəndə də deyirlər ki, cərimələnəcəksiniz, suyunuzu kəsəcəyik”.

Adil Məmmədov deyilənlərə bunu əlavə edir: “Qəsəbənin yarısına suyu dövlət çəkib, yarısına da camaat motorla özü çəkib. Bilmirik yandırdığımız işığa pul ödəyək, ya motor işlədirik, ona?!”

Adil Məmmədov

Bakının beş böyük qəsəbəsindən biri olan Nübarın kiçik bir poliklinikası da yoxdur. Sakinlərin sözlərinə görə, poliklinikanın təməli qoyulsa da, sonradan tikilməyib.

“Xaraba kimi orda qalıb. Burda getməyə düz əməlli bir poliklinikamız yoxdur. Təcili yardıma zəng etməyə də konkret ünvan lazımdır. Amma dəqiq ünvan yoxdur ki, gəlib tapa bilsinlər”.

Sakinlər deyirlər ki, poliklinika bir tərəfə, qəsəbədə heç normal aptek də yoxdur.

 

“Bir aptek var, o da kəndin o başında. Palçığa bata-bata ora getməkdənsə, şəhərə gedərəm”,- nübarlı sakinlərdən biri söyləyir.

Uzun sözü qısası Bakının iki addımlığındakı Nübar qəsəbəsində problem çoxdur.

Bəs rəsmi qurumlar nə deyirlər?

“Azərsu” ASC-dən “Toplum TV”-yə verilən məlumata görə, Nübar qəsəbəsində mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkəsi mövcud deyil.

“Qəsəbənin bir hissəsində əhali tərəfindən fərdi qaydada çəkilmiş su xətləri mövcuddur. Qəsəbənin içməli su təchizatı və kanalizasiya sisteminin yaradılması gələcəkdə investisiya ayrıldığı zaman Baş plana əsasən həyata keçirilə bilər”, - qurumdan verilən cavabda qeyd edilir.

Nə Abşeron rayon İcra Hakimiyyətindən, nə də Hökməli bələdiyyəsindən digər problemlərə münasibət öyrənmək olur.


 


 


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo