Sosial

Vaksin məntəqələrində basabas: "Peyvənd olunmağa əlacsızlıqdan gəlmişik"

2 Sentyabr, 2021
4395

Toplum TV

Vaksin vurduranlar həm saytda, həm də poliklinikalarda qeydiyyatdan keçməli olurlar.

Azərbaycanda sentyabrın 1-dən qapalı məkanlara daxil olmaq üçün COVID-19 pasportu tələb edilir. Bu səbəbdən də əvvəl vaksin vurdurmağa tələsməyənlər indi xəstəxana, poliklinikalara axın edirlər.

Məsələn, səhər saatları olsa da, Nərimanov Tibb Mərkəzi 2 saylı poliklinikanın qarşısında o qədər insan var ki, iynə atsan, yerə düşməz.

“Toplum TV”-yə danışanların çoxu əlacsızlıqdan peyvənd olunmağa gəldiklərini deyirlər. Əks təqdirdə ticarət mərkəzlərinə, restoranlara, hətta iş yerlərinə belə gedə bilməyəcəklər.

Toplum TV

Görünən odur ki, peyvəndlənmə prosesi heç də sakit, qaydasında getmir. Kimi tibb işçilərinin ləngliyindən şikayətlənir, kimi də səhiyyə sisteminin ədalətsizliyindən.

Səhər saat 10 olmasına baxmayaraq bura yığışanların sayı təxminən 200-ə çatar.

Onlar “randevu.az” saytında onlayn növbə götürsələr də, tibbi mərkəzin girişində yenidən adlarını siyahıya yazdırmalı olduqlarını söyləyirlər.

Toplum TV

Dediklərinə görə, peyvənd üçün gələnlərin sayı çox olduğundan ikinci dəfə də yazılı növbəyə durublar.

Poliklinikanın girişində gözləyən işçi həm gələnlərin adını siyahıya yazır, həm də siyahıda olanların içəri keçməsinə nəzarət edir. Nəzarətçinin tək, xəstəxanaya girişin bir yerdən olması prosesin ləng getməsi ilə nəticələnir.

Növbə siyahısından aydın olur ki, birinci dozaya gələn sonuncu adamın siyahıda nömrəsi 180, ikinci doza üçün gələnin sıradakı yeri 204-dür.

İstidən və saatlarla gözləməkdən yorulanların bəziləri ya maskasını çıxarıb, ya da onu düzgün taxmayıb.

Sosial məsafə 1,5-2 metr müəyyənləşdirlsə də, bura toplaşanların arasındakı məsafə 2 addımdan daha yaxındır.

Toplum TV

Yaxınlıqda dayanan bir neçə qadın da elə bundan şikayətlənir. Onlardan biri deyir ki, avqustun 21-i onlayn növbə götürsə də, poliklinika “Pzifer” vaksini tapa bilmədiyi üçün geri qayıtmalı olub. Amma artıq tələblər sərtləşdiyindən seçim etməyəcəyini söyləyir, hansı vaksin olursa-olsun vurdurmağa hazırdır. Onun bu gün siyahıda sıra nömrəsi 103-dür.

Növbədə gözləyənlərin sözlərinə görə, sıranın çatmasına ortalama 1,5 saat vaxt lazımdır. Bu səbəbdən yaxınlıqda yaşyanlar həm vaxt itirməmək, həm də virusa yoluxmamaq üçün evdə gözləməyi üstün tuturlar.

Diqqət çəkən məqamlardan biri də odur ki, yaxınlıqda növbəni və karantin qaydalarına riayət olunmasını tənzimləyəcək heç bir dövlət rəsmisi yoxdur.

“Toplum TV”-nin əməkdaşı bir neçə gün əvvəl 10 saylı şəhər poliklinikasında da eyni vəziyyətlə qarşılaşmışdı. O zaman səhiyyə sisteminə cavabdeh üç quruma - TƏBİB, İcbari Tibbi Sığorta Agentliyi və Səhiyyə Nazirliyinə müraciət edib, bu sualları ünvanlamışdıq:

İnsanlar nə üçün 2-3 saat növbədə gözləməlidir? Şikayətlərlə bağlı hansısa tədbirlər görüləcəkmi?

10 saylı Poliklinika- Toplum TV

İlk iki qurumun açıqlamasından məlum oldu ki, Bakı şəhəri üzrə vaksinasiya prosesini Səhiyyə Nazirliyi, digər şəhər və rayonlarda isə TƏBİB həyata keçirir.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elvin Hacıyev deyir ki, vətəndaşlar vaksin üçün onlayn qaydada növbə götürməli olsalar da, bəziləri növbə götürmədən birbaşa tibb müəssisəsinə müraciət etdiklərindən sıxlıq yaranır.

Elvin Hacıyev - Sosial Media

E.Hacıyevin sözlərinə görə, tibb işçilərinin vəzifəsi vaksin vurdurmağa gələnlər arasında qayda-qanun yaratmaq yox, sadəcə onlayn növbə ilə poliklinikaya yaxınlaşan vətəndaşları peyvəndləməkdən ibarətdir. Eyni zamanda o deyir ki, tibb personalının əsasən qadınlardan ibarət olması poliklinikaların həyətində yaranan növbələrin onlar tərəfindən tənzimlənməsini çətinləşdirdirir.

Nazirlik rəsmisi avqustun 30-dan növbələrin tənzimlənməsinə Daxili İşlər Nazirliyi əməkdaşlarının və ASAN könüllülərinin cəlb ediləcəyini söyləsə də, Nərimanov Tibb Mərkəzində adıçəkilən qurumların nümayəndələrindən heç birini görə bilmədik.

Vaksinlənmək üçün gələnlərin şikayətləri isə təkcə bununla bitmir, onlar peyvəndin keyfiyyətinə və təsirinə şübhə edirlər. Adı Səriyyə olan bir qadın danışır ki, xarici ölkələrdə “SinoVac” vaksini tanınmır. Bu səbəbdən indiyə qədər vaksinlənməyi ertələyib: “Bəlkə də içindəki sudur. Mənim artıq heç nəyə inamım qalmayıb. Peyvənd olunmasam işə qoymayacaqlar, ona görə gəlmişəm”.

Onun sözlərinə dəstək verən başqa bir qadın da vaksinin faydalı olacağına şübhəylə yanaşır, maskasını göstərərək deyir ki, virus ticarət məqsədi ilə yaradılıb: “Ailədə 4 nəfərik. Gündəlik maskaya bir manat xərcləyəndə xeyli pul edir”.

İndiyə qədər ölkəyə 4 növdə vaksin gətirilib: Çin istehsalı “SinoVac”, İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria" ("AstraZeneca"), Rusiya istehsalı “Sputnik V” və “Biontech/Pfizer” peyvəndləri.

Rəsmi açıqlamalara görə, ölkəyə daha çox Çin istehsalı olan “SinoVac” vaksini gətirilib. Elə Nərimanov Tibb Mərkəzindən çıxan vətəndaşlar da bunu təsdiqləyir. Onlar deyirlər ki, “Pfizer” vurdurmaq istəsələr də, xəstəxana rəhbərliyi bitdiyini söyləyir.

Toplum TV

Hazırda Avropa ölkələrinə yalnız Avropa Dərman Agentliyi - EMA-nın təsdiqlədiyi vaksinlərlə peyvənd olunan şəxslərin səyahət edə biləcəyi gözlənir. Bunlar "Pfizer", "Moderna", "Johnson&Johnson" və "AstraZeneca" vaksinləridir.

Siyahıda Çin və Rusiya istehsalı vaksinlər yer almayıb.

Tibbi Mərkəzin qarşında gözləyənlərin əksəriyyəti Çin və Rusiya istehsalı olan vaksinlərin bir sıra Avropa ölkəsində təsdiqlənməməsinə diqqət çəkir, buna görə yubandıqlarını vurğulayırlar.

Bütün çətinliklərə baxmayaraq gələnlər içərisində nikbin düşünənlər də var.

Onlar inanır ki, çatışmazlıqlar olsa da, virusa ancaq peyvəndlənərək qalib gəlmək olar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo