Sosial

Valideyn: ""İdrak" liseyi övladımın təhsil hüququnu pozur”

2 Mart, 2021
2365

Sosial Media

""İdrak" liseyi övladımın təhsil hüququnu pozub. Təhsil Nazirliyindənsə deyirlər ki, biz özəl liseylərə nəzarət edə bilmirik, onların arxasında müəyyən oliqarxlar dayanır. Bu məqamda nazirliyin işinin nə olduğu düşündürücü haldır”.

Bunu “Toplum TV”-yə valideyn Fikrət Cəfərov deyib.

Onun sözlərinə görə, Mönsüm Alışov rəhbərlik etsə də, təhsil ocağı qeyri-rəsmi olaraq Sumqayıtın icra başçısı Zakir Fərəcova məxsusdur, ona görə də heç bir şikayətə məhəl qoyulmur. 

"Pandemiya dövründə qapalı olan qurum təhsilhaqqının 100% ödənilməsini necə tələb edə bilər?" 

Fikrət Cəfərov - Sosial Media

F.Cəfərov bildirir ki, “İdrak” liseyi pandemiya dövründə qapalı olduğu halda, təhsil haqqını 100% ödəməyi tələb edir: “Pandemiya dövründə lisey bizimlə müqaviləsinin şərtlərinin, demək olar ki, heç birini yerinə yetirə bilmədi. Özəl liseylərdə müqavilə şərtlərinin tam yerinə yetirilməsi üçün qurum mütləq fəaliyyət göstərməlidir. Yəni şagird səhər saat 8-dən axşam saat 6-ya kimi liseydə olmalı; əyani dərslər, gündə 4 dəfə yemək, istirahət saatları, ev tapşırıqlarının icrası, 6-a yaxın dərnəkdə fəaliyyət təmin edilməlidir. Bunlar o halda icra oluna bilər ki, lisey açıq olsun və şagird 10 saatını orada keçirsin. Qapalı olan bir qurumun valideynlərdən 100 faiz ödəniş tələb etməsi həm ədalətsizlik, həm də qanun pozuntusudur. Mən 30 faiz ödəniş təklif etmişəm, amma onlar razı deyil. Valideynlər ödəniş etmədiyi üçün “İdrak” liseyi şagirdləri onlayn dərslərdən uzaqlaşdırır və nəticədə onların təhsil hüququ əllərindən alınır”. 

Valideyn məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etdiyini də bildirir: “Liseyin təsisçisi hər kəsin bildiyi bir oliqarxdır. Mən qurumun formal rəhbərinə təklif etdim ki, yaranan narazılıq məhkəmədə həll olunsun, amma şagirdin təhsil haqqı əlindən alınmasın. Təəssüf ki, razılaşmadı. Daha sonra Təhsil Nazirliyinə müraciət etdim. Oradan isə bildirdilər ki, biz özəl liseylərə nəzarət edə bilmirik, onların arxasında müəyyən oliqarxlar dayanır. Bu məqamda Təhsil Nazirliyinin işinin nədən ibarət olduğu düşündürücüdür. Şagirdin təhsil hüququ pozulur və buna kimsə cavab verməlidir. Mən Baş prokurorluğa və prezidentə də müraciət etmişəm, çünki fəaliyyət göstərməmiş bir müəssisənin valideynlərdən ödəniş tələb etməsinin adı dələduzluqdur”. 

Mönsüm Alışov: "Lisey Zakir Fərəcova məxsus deyil" 

Liseyin rəhbəri Mönsüm Alışovsa valideynin iddialarını yalan və əsassız adlandırır: “Fikrət Cəfərov haqsız və ədalətsiz insandır. "İdrak" liseyində ən ucuz və güzəştli təhsilhaqqı onun övladındadır. 7000-8000 manatlıq ödənişlər var, onun övladı isə 6 ildir ki, 3500-4000 manata  təhsil alır. Bu qiymətlər, sadəcə, təhsil üçündür, əlavə xidmətlər təhsilhaqqına daxil deyil. Şagirdlər uzun müddət liseydə zaman keçirdikləri üçün onlara gündə 3 dəfə yemək verilir. Müqavilədə bunlar nəzərdə tutulmayıb”. 

Mönsüm Alışov - Sosial Media
 

Mönsüm Alışov liseyin icra başçısına məxsus olması barədə deyilənləri də təkzib edir: ""İdrak" liseyinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla yaxından-uzaqdan əlaqəsi yoxdur və heç vaxt da olmayıb. Lisey müvafiq qanunvericiliyə əsasən mənim rəhbərliyim altında fəaliyyət göstərir və bütün qərarları da mən verirəm". 

Mönsüm Alışov həmçinin qeyd edir ki, pandemiya dövründə digər liseylərdən fərqli olaraq “İdrak“  güzəştlər tətbiq edib: "Keçən il də, bu il də 30 faiz güzəşt olunub. Bundan artıq mümkün deyil, amma həmin valideyn 70 faiz güzəşt istəyir. Bizdə hərşey pulludur: işıq, qaz, icarə - bunların hamısı təhsil haqqı ilə ödənilir. Valideyn haqsız olaraq şikayət edir, yalan danışaraq güzəşt etmədiyimizi bildirir. Onun övladı güzəştli şərtlərlə oxuduğu və ötən il pandemiya səbəbilə yenidən güzəşt edildiyi halda, nə keçən il, nə də bu il təhsilhaqqını ödəyib. Bildirir ki, mən 2000 manatdan artıq pul ödəməyəcəm. 4500 təhsilhaqqının cəmi 3000 min manatını ödəməlidir, amma bunu belə ödəmək istəmir. Ötən ildən də 1000 manat borcu qalıb”. 

Nabatəli Qulamoğlu: "Bu məsələdə valideyn birmənalı olaraq haqlıdır" 

Nabatəli Qulamoğlu - Sosial Media

Təhsil eksperti Nabatəli Qulamoğlu isə bu məsələdə valideynin birmənalı olaraq haqlı olduğunu deyir: "Bütün liseylər pandemiya dövründə öz öhdəliklərini tam yerinə yetirə bilməyiblər. Bu durumda valideynin təhsilhaqqı ödəməkdən imtina haqqı var. Burada ortaq fikrə gəlmək, razılıq əldə etmək lazımdır. “İdrak” liseyi valideynin 30 faiz ödəniş təklifini qəbul etməli və şagird təhsilinə davam etməlidir”.

Ekspert bu durumda yeganə tənzimləyici qurumun məhkəmə olduğunu qeyd edib: “Mən tam əminliklə deyə bilərəm ki, məhkəmə birmənalı olaraq valideynin tərəfində olacaq. Təhsil Nazirliyi tərəflər arasında razılıq əldə olunması üçün sadəcə tövsiyə verə bilər, çünki lisey özəl qurumdur, onun maliyyə məsələlərinə qarışmağa haqqı yoxdur”. 

Nigar Səmədli


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo