Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr, 2026
30

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir. 

İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb. 

“Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə bütün asfaltı qaşıyıb, yenidən asfalt çəkir. Nəticədə AYNA-nın 15 gün əvvəl çəkdiyi parklanma nişanları da getdi qara dəliyə. İndi AYNA eyni işi təzədən bir də görməlidir. Küçənin uzunluğu 320 metrə yaxındır”, - o yazıb. 

İqtisadçı bu xərclərin vergi ödəyicilərinin hesabına qarşılandığını vurğulayıb:

“Yəni, bütün xərclər bu israfçılığı edən hansısa məmurun cibindən yox, mənim hər ay dövlətə ödədiyim külli miqdarda vergilər hesabına edilir. Eynilə həmin məmurun aldığı maaş kimi. O vergilər ki, belə absurd şəkildə israf edilməsəydi, lazımi bir sahədə vətəndaşlar üçün xidmətlərin yaxşılaşdırılmasına sərf edilə bilərdi. Bu cür cinayətkarcasına israfçılıq dövlət qurumları arasında ən primitiv koordinasiyanın belə olmamasını göstərir. Eyni işin bir ay ərzində iki dəfə görülməsi təkcə idarəetmənin keyfiyyətsizliyi haqqında deyil, dövlət qurumlarının və vəzifəli şəxslərin ictimai vəsaitə nə qədər biganə yanaşdıqları haqqında da çox şey deyir”.

Dövlət qurumları arasında koordinasiyasız fəaliyyətin gündəlik həyata təsiri, xüsusilə, son günlərdə daha aydın müşahidə olunur. Belə ki, avqustun 15-dən bəri Bakı Metropolitenində aparılan təmir işlərinə görə “28 May” və “Nizami” stansiyaları arasında qatarların gedişi dayandırılıb. Həmin xətt üzrə hərəkət etmək istəyən sərnişinlər üçün AYNA tərəfindən istifadəyə verilən ekspres avtobuslarda gediş isə həm ödənişlidir, həm də vətəndaşlar onların azlığından və gec gəlməsindən şikayət edir. 

Problem sentyabrın 15-də təhsil müəssisələrində tədrisin başlaması ilə özünü daha çox büruzə verib. Sərnişinlər sosial şəbəkələrdə yollarda tıxacdan, metroda sıxlıqdan və avtobus qıtlığından şikayət ediblər. 

Mayın 17-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun açılışı keçirilən zaman da bəzi vətəndaşlar oxşar problemlə üzləşmişdi. Belə ki, Dövlət İmtahan Mərkəzinin (DİM) həmin günə təyin etdiyi magistratura imtahanına xeyli sayda abituriyent tıxac ucbatından çata bilməmişdi. 

“Hələ bir müddət əvvəldən hamı bilirdi ki, yollar kilidlənəcək, DİM-ə imtahanın vaxtını dəyişmək təklif olunmuşdu. Amma dəyişmədilər! Bu boyda uzaqgörənsizlik, bu boyda plansızlıq olmaz. Dövlət qurumu vətəndaşın işini asanlaşdırmaq üçün var, onun gələcəyinə baryer olmaq üçün yox. DİM bu gün öz inadkarlığının qurbanı etdiyi hər bir gəncin qarşısında cavab verməlidir! Tıxacda qalan nəqliyyat deyil, sizin idarəçiliyinizdir!”, - təhsil eksperti Əmrah Həsənli həmin vaxt sosial mediada belə yazmışdı. 

Siyasi şərhçi, III Respublika Platformasının qurucu üzvü Araz Əliyev “Toplum TV”yə bildirib ki, bu cür problemlərin əsas səbəbi korrupsiyadır:

“Məsələn, bina tikilir, sonradan “yadlarına düşür” ki, binaya kanalizasiya xətti də çəkmək lazımdır. Məqsəd orada bina tikmək və insanların həyatını yaxşılaşdırmaq deyil. Məqsəd binanın tikintisinə ayrılmış vəsaitdən bacardıqca çox oğurlamaqdır. Bu cür nümunələr Azərbaycanda sonsuz saydadır”, – o qeyd edib.

A.Əliyev əlavə edir ki, idarəetmədə təmsil olunan şəxslər yalnız özləri problemlərdən birbaşa təsirləndikdə onların həllinə çalışır. O, nümunə olaraq iyunda Naxçıvanda AZAL işçilərinə qarşı cinayət işi açılması barədə xəbəri xatırladır. Həmin vaxt “Gündəlik Naxçıvan”ın yaydığı xəbərə görə, prezidentin köməkçisi Anar Ələkbərovun xalasına bileti baha qiymətə satan dörd hava limanı əməkdaşı saxlanılmışdı. 

“Təsəvvür edin ki, indiyə qədər Bakı-Naxçıvan biletlərinə görə sadə vətəndaşlar tərəfindən dəfələrlə şikayətlər səslənsə də, nəzərə alınmırdı. Bu, avtoritar idarəetmə sisteminin yaratdığı yadlaşmadır. İdarəedici elita yalnız özünü düşünür, sadə insanlar əzab çəksə də onların vecinə deyil”, - A.Əliyev qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...
Sosial

Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var 

8 Sentyabr 2026

Toplum TV

Azərbaycanda müxtəlif vaxtlarda pensiyaya çıxmış, amma peşə fəaliyyətini davam etdirən mülki pilotlar Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.  Bu barədə sentyabrın 7-də "Azadlıq Radiosu"nun verdiyi məlumata görə, şikayətə səbəb 2024-cü ilin yayında pilotların pensiyasının yenidən hesablanaraq azaldılması olub.  Ümumilikdə 76 pilot fonda qarşı iddia ilə çıxış edib. Onların arasında 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL təyyarəsinin kapitanı olmuş, prezident tərəfindən Milli Qəhrəman adı verilmiş İqor Kşnyakin də olub.  Bakı İnzibati Məhkəməsi pilotların iddiasını təmin etsə də, DSMF apellyasiya şikayəti verib. Fond Kşnyakin istisna olmaqla, digər 75 pilot barədə aşağı instansiya məhkəməsinin qərarının ləğvini istəyib. Çünki həmin vaxta qədər artıq...

Seçilmiş Videolar

Toplum TV loqo