Araşdırma

Dövlətə xəyanət ayrı-seçkiliyi

22 Oktyabr, 2025
710

Foto: açıq mənbə

Oktyabrın 14-də Səbail Rayon Məhkəməsi Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.

Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

İstintaq R. Mehdiyevin yaşı nəzərə alınaraq ibtidai istintaq müddətində onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini məqsədəuyğun hesab edib.

“Tribunat” hüquq platforması Mehdiyev barədə ev dustaqlığı qətimkan tədbirinin seçilməsinin  qanunauyğunluğunu təhlil edib:

Ramiz Mehdiyevin ittiham olunduğu dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirmə əməlləri xüsusilə ağır cinayətlər, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma isə ağır cinayət hesab olunur.

Bəs xüsusilə ağır cinayətdə ittiham edilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi nə dərəcədə qanunauyğundur? 

Oxşar maddələrlə təqsirləndirilən digər şəxslər haqqında da eyni tədbir seçilibmi?

Cinayət-Prosessual Məcəlləyə əsasən, qətimkan tədbiri şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi daşıyan prosessual məcburiyyət tədbiridir (maddə 154.1). 

Məcəlləyə görə, qətimkan tədbirləri arasında həbs, ev dustaqlığı, girov, zaminlik və digər növlər mövcuddur (maddə 154.2). 

Həbs, ev dustaqlığı və girov yalnız təqsirləndirilən şəxs barəsində seçilə bilər (maddə 154.3).

Bu tədbirlərin tətbiqi üçün əsas şərt şəxsin cinayət təqibi zamanı gizlənmək, istintaqa və ya məhkəməyə mane olmaq, yenidən cinayət törətmək, cəmiyyət üçün təhlükə yaratmaq, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gəlməmək və ya hökmün icrasına mane olmaq ehtimalının mövcudluğudur (maddə 155.1, 155.1.1–155.1.5). Tədbirin növü seçilərkən ittihamın ağırlığı, şəxsin şəxsiyyəti, sosial vəziyyəti və digər amillər nəzərə alınmalıdır (maddə 155.2, 155.2.1–155.2.4).

Həbs-qətimkan tədbirinin seçilməsi üçün şəxsin təqsirləndirildiyi cinayət əməlinin azadlıqdan məhrumetmə sanksiyası ilə cəzalandırıla bilməsi kifayətdir (Cinayət-Prosessual Məcəllənin Kommentariyası).

Ev dustaqlığı qətimkan tədbiri şəxsin tam təcrid olunmadan müəyyən azadlıqlarının məhdudlaşdırılması ilə həyata keçirilir və yalnız məhkəmə qərarı ilə seçilə bilər (maddə 156.2). 

Məhkəmə həbsin zəruri olmadığı qənaətinə gəldikdə, onu ev dustaqlığı ilə əvəz edə bilər (maddə 157.5). Məhkəmə bu qərarı qəbul edərkən təqsirləndirilən şəxsin həbsə əsas sayılan hərəkətləri etməyəcəyinə kifayət qədər əmin olmalıdır (Cinayət-Prosessual Məcəllənin Kommentariyası).

Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxs yaşayış yerini dəyişməməli, müəyyən edilmiş vaxtdan və ərazidən kənara çıxmamalı, elektron nəzarət vasitəsini daşımalı və məhkəmənin müəyyən etdiyi digər vəzifələri yerinə yetirməlidir (maddə 163.3, 163.3-1).

Ev dustaqlığı məhkəmə tərəfindən müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, yaxud müdafiə tərəfinin vəsatəti ilə, həmçinin məhkəmənin öz təşəbbüsü ilə seçilə bilər (maddə 163.2).

Hökumətə yaxın media qurumlarının məlumatına görə, Ramiz Mehdiyev barəsində ev dustaqlığı qərarı istintaq orqanının – işi aparan müstəntiqin vəsatəti və ibtidai araşdırmaya rəhbərlik edən prokurorun təqdimatı əsasında qəbul edilib.

Ali Məhkəmənin “Həbs və ev dustaqlığı qətimkan tədbirlərinə dair müraciətlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Plenum Qərarına əsasən, həbsə bir qayda olaraq yalnız cəmiyyətin maraqlarının şəxsin azadlıq hüququndan üstün olduğu halda yol verilir. Yəni, şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurarsa və o, cəmiyyət üçün təhlükəli sayılarsa (1-ci bənd). Eyni zamanda, məhkəmə qətimkan tədbirinin tətbiqinə əsas olan halları konkret faktlarla əsaslandırmalı, şəxsin yaşı, səhhəti, ailə vəziyyəti və digər halları nəzərə almalıdır (3-cü bənd).

Son illərdə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə nəzərdə tutulan əməllə bağlı hökm verilmədiyini, 193-1.3.2-ci maddənin isə ağır cinayət əməli olduğunu nəzərə alaraq, analizdə 274-cü maddə (dövlətə xəyanət) üzrə işlərə fokuslanırıq.

Qeyd edək ki, “Abzas Media”, “Toplum TV”, “Meclis.info”, “Meydan TV”QHT-lərlə bağlı cinayət işlərində jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri 193-1.3.2-ci maddə ilə ittiham olunublar. Bu işlər üzrə təqsirləndirilənlərin əksəriyyəti istintaq dövründə həbs-qətimkan tədbiri ilə üzləşib.

Məhkəmə praktikasında, xüsusilə 274-cü maddə ilə ittiham olunan şəxslər haqqında, adətən, həbs-qətimkan tədbiri seçilir. Elektron Məhkəmə Sistemində həmin maddə üzrə 27 hökmün hər birində məhkəməyəqədərki icraatda təqsirləndirilənlər barəsində həbs-qətimkan tədbiri seçilib. Yerli məhkəmələr bu qərarları əməlin xarakteri ilə əsaslandırırlar.

2016-cı ildə Səbail Rayon Məhkəməsinin 7 yanvar tarixli qərarı ilə eyni maddə ilə təqsirləndirilən Natiq Kərimov barəsində həbs-qətimkan tədbiri seçilib, lakin 19 yanvar tarixli qərarla bu tədbir ev dustaqlığı ilə əvəz olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi Natiq Kərimova 4 il sınaq müddəti olmaqla 7 il şərti cəza verib.

Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 5-ci maddəsinə əsasən, heç kəs qanunla müəyyən olunmuş hallar istisna olmaqla azadlıqdan məhrum edilə bilməz. Tutulma və ya həbs məhkəmə tərəfindən dərhal araşdırılmalı, qanunsuz hesab edilərsə, şəxs azad edilməlidir.

Yunusova və Yunusov Azərbaycana qarşı (№2) işində AİHM dövlətə xəyanət də daxil olmaqla bir sıra ittihamlar üzrə əsaslı şübhə olmadan həbsin 5-ci maddənin pozuntusu olduğunu müəyyən edib (112, 113-cü bəndlər). Leyla və Arif Yunus barəsində həbs Nəsimi Rayon Məhkəməsi tərəfindən ittihamın ağırlığı və istintaqdan yayınma ehtimalı ilə əsaslandırılmışdı (52, 61-ci bəndlər).

Mirqədirov Azərbaycana və Türkiyəyə qarşı işində də jurnalist Rauf Mirqədirovun dövlətə xəyanət ittihamı ilə həbsi 5-ci maddənin pozuntusu kimi qiymətləndirilib (86-cı bənd).

Eyni maddə ilə İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədov (2016), partiya sədrinin vəzifəsini icra edən İlham Əliyev (2020) və ilahiyyatçı Sərdar Babayev (2021) istintaq dövründə həbs ediliblər.

BMT-nin İxtiyari Həbsə dair İşçi Qrupu Hilal Məmmədovun 2012-ci ildəki həbsini beynəlxalq hüquq normalarına zidd hesab etmişdi (69-cu bənd). Məmmədov əvvəlcə narkotik ittihamı ilə həbs olunub, daha sonra ona qarşı 274 və 283.2.2-ci maddələr üzrə yeni ittihamlar irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il azadlıqdan məhrum edib.

Səid Dadaşbəyli də 274 və 278-ci maddələr üzrə ittiham olunub, Səbail Rayon Məhkəməsi 17 yanvar 2017-ci ildə onun barəsində həbs-qətimkan tədbiri seçib.

Son illərdə talış tədqiqatçısı, alim İqbal Əbilov (2024-cü ilin yayı) və sülh fəalı Bəhruz Səmədov (2024-cü ilin avqustu) da dövlətə xəyanətdə ittiham edilərək istintaq dövründə həbs ediliblər.

AİHK-in 14-cü maddəsi və Konstitusiyanın 25-ci maddəsinə görə, hüquq və azadlıqlar ayrı-seçkilik olmadan təmin edilməlidir. 14-cü maddəyə dair Təlimatda bildirilir ki, dövlət “faktiki bərabərsizlikləri” aradan qaldırmaq məqsədilə fərqli yanaşma tətbiq edə bilər, lakin bu fərqli rəftar obyektiv və ağlabatan əsaslara söykənməlidir (44, 70-ci bəndlər). Timişev Rusiyaya qarşı işində Məhkəmə qeyd edib ki, fərqli rəftarın əsaslandırılması öhdəliyi hökumətin üzərinə düşür (57-ci bənd).

Ramiz Mehdiyev barəsində həbs deyil, ev dustaqlığı qətimkan tədbirinin seçilməsi onun yaşı nəzərə alınmaqla legitim görünə bilər. Lakin Arif Yunusovun səhhəti nəzərə alınmadan eyni ittihamlarla həbs edilməsi məhkəmə hakimiyyətinin Mehdiyevin lehinə ayrı-seçkilik etdiyini göstərir. Halbuki, R. Mehdiyev Prezident Administrasiyasının keçmiş rəhbəri (1995–2019), AMEA-nın sabiq prezidentidir (2019–2022), “Şərəf”, “Şöhrət”, “Heydər Əliyev”, “İstiqlal” və digər orden və medallarla təltif edilib.

Bu isə o deməkdir ki, onun Cinayət-Prosessual Məcəllənin 155.1.1–155.1.5-ci maddələrində göstərilən hərəkətləri (istintaqdan gizlənmək, mane olmaq, cinayəti təkrar törətmək, çağırışlara gəlməmək və s.) etmə imkanı Yunusov, Mirqədirov, Məmmədov, Əhədov və Əliyevdən daha çoxdur.

“Tribunat” belə qənaətə gəlib ki, Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi AİHK-in 14-cü maddəsində nəzərdə tutulan “ayrı-seçkiliyin qadağan olunması” hüququnun pozulmasıdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Araşdırma

Məktəblərdə bullinq: qanunlar niyə yetərli olmur?

2 May 2026

açıq mənbə

“Xəzər Universitetinin Dünya Məktəbinin Beynəlxalq Bakalavr bölümündə 10-cu sinif şagirdi Alpər Qurbanlı Azərbaycanda və inkişaf etmiş ölkələrdə məktəbdaxili zorakılığa qarşı siyasətlərin müqayisəli təhlilini aparıb. Bakı Araşdırmalar İnstitutunun dərc etdiyi təhlili olduğu kimi təqdim edirik: Məktəblərdə bullinq (həmyaşıd zorakılığı və təzyiqi) geniş yayılmış problemdir və bu hal şagirdlərin psixoloji, sosial və təhsil nəticələrinə ciddi təsir göstərir. Bu, şagirdlərin rifahını zəiflədir, sosial inkişafını pozur və öyrənmə nəticələrinə mənfi təsir edir. Psixoloji dəstək mexanizmləri mühüm olsa da, qarşısının effektiv şəkildə alınması üçün məktəblər və digər institutlarda icrası məcburi olan aydın hüquqi çərçivələrin mövcudluğu zəruridir. Beynəlxalq məlumatlar göstərir ki, bullinq Azərbaycanda hələ də ciddi problemdir....
Araşdırma

Xidməti avtomobili bazar qiymətindən 17 faiz baha alan məhkəmə

24 Aprel 2026

Sosial media

Məhkəmələr ölkədə hüquq və ədalətin işləməsini təmin etməyə məsul mötəbər hakimiyyət qoludur. Amma qanun pozuntularının qarşısını almalı olan qurumun özü ilə bağlı səsləndirilən iddialar hüququn tətbiqi ilə bağlı suallar doğurur. Bu baxımdan Hesablama Palatasının Naxçıvan Ali Məhkəməsində yaxın zamanda başa çatdırdığı və nəticələrini açıqladığı audit diqqət çəkir. Yoxlamanın nəticələri göstərir ki, hüququn aliliyini təmin etməli olan bir strukturun fəaliyyətində qanunvericiliyin tələbləri ilə bağlı müəyyən uyğunsuzluqlar mövcuddur. Palata 2023-2025-ci illərdə Naxçıvan Ali Məhkəməsinin xərclədiyi 10,7 milyon manatı təftiş edib. Yoxlamanın aşkarladığı bir sıra qanun pozuntularına diqqət yetirməyə dəyər: Ali Məhkəmədə üç şöbənin hər biri ən azı 8 ştat vahidi əsasında formalaşdırılmalı...

Seçilmiş Videolar

Toplum TV loqo