Araşdırma

Sovet simvolları ilə yürüş cəhdi cinayət məsuliyyəti yaradırmı?

29 Noyabr, 2025
484

Foto: açıq mənbə

Noyabrın 7-də Bakıda Oktyabr inqilabının 108-ci ildönümü ilə əlaqədar SSRİ və Azərbaycan SSR bayraqlarını qaldıraraq yürüş etməyə cəhd göstərən şəxslər həbs edilib. 26 noyabrda yürüşün iştirakçıları İbrahim Əsədli və Abdulla İbrahimli haqqında məhkəmə qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin (CM) 233-cü maddəsi ilə təqsirləndirilirlər.

“Tribunat” hüquq platforması hadisəni adıçəkilən şəxslərə cinayət işinin açılması, habelə ifadə və toplaşmaq azadlığı kontekstində təhlil edib.

CM-nin 233-cü maddəsinin dispozisiyası aşağıdakı əməlləri kriminallaşdırır:
    •    ictimai qaydanı kobud surətdə pozan hərəkətlər;
    •    hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla bağlı hərəkətlər;
    •    nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlər.

Bu halların cinayət tərkibi yaratması üçün həmin hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsi təşkil olunmalı və ya onlarda fəal iştirak aktı baş verməlidir. Maddənin sanksiyasında cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Konstitusiya Məhkəməsi Plenumunun CM-nin 221.3-cü maddəsinin şərhinə dair Qərarında qeyd edilir ki, “cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür”.

CM-nin Kommentariyasında isə ictimai qaydanı kobud surətdə pozmaq dedikdə, şəxsi və ya ictimai mənafelərə mühüm ziyan vuran, cəmiyyət üzvlərinə qərəzli şəkildə təhqiredici təsir göstərən hərəkətlər nəzərdə tutulur.

Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaq - vəzifəli şəxsin irəli sürdüyü yalnız qanuni tələbi dərk edərək şüurlu şəkildə yerinə yetirməməkdir.

Yerli mediada yayılan, həmin şəxslərin yürüş cəhdinə dair videogörüntülərdə görünür ki, bir neçə nəfər əllərində bayraqlar Bakıdakı parklardan birində hərəkət edirlər. Onların ətrafında digər şəxslər görünmür, qanuni tələb irəli sürən hakimiyyət nümayəndəsi də müşahidə olunmur. Nəqliyyatın, idarə, müəssisə və təşkilatların normal fəaliyyətinin pozulması isə ümumiyyətlə qeydə alınmayıb, çünki parkda nəqliyyat yoxdur, idarə və müəssisələr yerləşmir. Ümumiləşdirilmiş təhlil göstərir ki, yayılan görüntülərdəki yürüş cəhdi tamamilə dinc xarakter daşıyır, təsadüfi şəxslərin təhqir edilməsi və ya insanların dincliyinin pozulması müşahidə olunmur. Bu isə yürüş cəhdinin ictimai qayda və ya ictimai əxlaqa hər hansı qəsd etmədiyini göstərir.

Digər tərəfdən, Azərbaycan Respublikasında keçmiş SSRİ simvollarının daşınması, nümayiş etdirilməsi və bu simvollarla yürüş keçirilməsi, yəni ümumilikdə kommunist ideologiyasının təbliği qadağan edilməyib və buna görə cinayət məsuliyyəti nəzərdə tutulmur.

Beləliklə, bu şəxslərin əməllərində sözügedən maddənin obyektiv cəhətinə daxil olan hərəkətlərin heç biri mövcud deyil.

Azərbaycan Konstitusiyası (49 və 50-ci maddələr) və Avropa İnsan Hüquqları Konvensiyası (10 və 11-ci maddələr) ifadə və sərbəst toplaşmaq azadlığını təməl hüquqlar kimi müəyyən edir.

Yürüş cəhdindən 19 gün sonra adıçəkilən şəxslərin saxlanılması, cinayət məsuliyyətinə cəlb edilməsi və barələrində həbs-qətimkan tədbirinin seçilməsi onların bu təməl hüquqlarının pozuntusuna səbəb olur.

Çünki onların ifadə və sərbəst toplaşmaq azadlığına müdaxilə qanunla nəzərdə tutulmayıb, legitim məqsəd daşımır və demokratik cəmiyyətdə zəruri hesab edilə bilməz.

AİHM-in Şolari, Moldova Respublikasına qarşı işində bildirilib ki, kommunist rejimləri dövründə geniş yayılmış qırmızı ulduzun taxılması həmin rejimlərin qurbanlarında və onların ailələrində narahatlıq yarada bilər, lakin bu hisslər ifadə azadlığını məhdudlaşdırmaq üçün yetərli əsas deyil (35-ci bənd).

Konvensiyanın 11-ci maddəsində təsbit olunan yığıncaq azadlığı, bu azadlıqdan istifadə edən şəxslərin təşviq etdiyi ideyalara və tələblərə qarşı çıxanları narazı sala biləcək nümayişləri də qoruyur (Kudrevičius və digərləri Litvaya qarşı işi, 145-ci bənd).

Hər iki işin kontekstində xüsusilə vurğulanmalıdır ki, cəmi bir neçə nəfərin SSRİ simvolları ilə Bakının kimsəsiz parklarından birində dinc yürüş cəhdinin paytaxt sakinlərində narahatlıq yaratması barədə hər hansı məlumat yoxdur.

“Tribunat” bildirir ki, keçmiş Sovet simvollarının daşınması və nümayiş etdirilməsi Azərbaycanda hər hansı məsuliyyət yaratmır; kommunist ideologiyasının təbliği kimi təqdim edilən bu əməllərdə CM-nin 233-cü maddəsinin tərkib əlamətləri yoxdur. İbrahim Əsədli və Abdulla İbrahimlinin cinayət məsuliyyətinə cəlb edilməsi və məhkəmə qərarları ilə həbs edilmələri Konvensiyanın 5, 10 və 11-ci maddələri ilə qorunan azadlıq, fikir ifadəsi və dinc toplaşmaq hüquqlarının pozuntusuna səbəb olur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Araşdırma

Məktəblərdə bullinq: qanunlar niyə yetərli olmur?

2 May 2026

açıq mənbə

“Xəzər Universitetinin Dünya Məktəbinin Beynəlxalq Bakalavr bölümündə 10-cu sinif şagirdi Alpər Qurbanlı Azərbaycanda və inkişaf etmiş ölkələrdə məktəbdaxili zorakılığa qarşı siyasətlərin müqayisəli təhlilini aparıb. Bakı Araşdırmalar İnstitutunun dərc etdiyi təhlili olduğu kimi təqdim edirik: Məktəblərdə bullinq (həmyaşıd zorakılığı və təzyiqi) geniş yayılmış problemdir və bu hal şagirdlərin psixoloji, sosial və təhsil nəticələrinə ciddi təsir göstərir. Bu, şagirdlərin rifahını zəiflədir, sosial inkişafını pozur və öyrənmə nəticələrinə mənfi təsir edir. Psixoloji dəstək mexanizmləri mühüm olsa da, qarşısının effektiv şəkildə alınması üçün məktəblər və digər institutlarda icrası məcburi olan aydın hüquqi çərçivələrin mövcudluğu zəruridir. Beynəlxalq məlumatlar göstərir ki, bullinq Azərbaycanda hələ də ciddi problemdir....
Araşdırma

Xidməti avtomobili bazar qiymətindən 17 faiz baha alan məhkəmə

24 Aprel 2026

Sosial media

Məhkəmələr ölkədə hüquq və ədalətin işləməsini təmin etməyə məsul mötəbər hakimiyyət qoludur. Amma qanun pozuntularının qarşısını almalı olan qurumun özü ilə bağlı səsləndirilən iddialar hüququn tətbiqi ilə bağlı suallar doğurur. Bu baxımdan Hesablama Palatasının Naxçıvan Ali Məhkəməsində yaxın zamanda başa çatdırdığı və nəticələrini açıqladığı audit diqqət çəkir. Yoxlamanın nəticələri göstərir ki, hüququn aliliyini təmin etməli olan bir strukturun fəaliyyətində qanunvericiliyin tələbləri ilə bağlı müəyyən uyğunsuzluqlar mövcuddur. Palata 2023-2025-ci illərdə Naxçıvan Ali Məhkəməsinin xərclədiyi 10,7 milyon manatı təftiş edib. Yoxlamanın aşkarladığı bir sıra qanun pozuntularına diqqət yetirməyə dəyər: Ali Məhkəmədə üç şöbənin hər biri ən azı 8 ştat vahidi əsasında formalaşdırılmalı...

Seçilmiş Videolar

Toplum TV loqo