Dünya

Avropa Məhkəməsi Rusiyaya qarşı 879 şikayət ərizəsinə baxmaqdan imtina edib

4 Sentyabr, 2026
116

sosial media

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2022-ci il sentyabrın 16-dək baş vermiş pozuntularla bağlı Rusiyaya qarşı verilmiş 879 şikayəti baxılan işlərin siyahısından çıxarıb. Məhkəmənin açıqlamasına görə, Rusiyanın silahlı münaqişələrdə iştirakı ilə bağlı şikayətlər bu qərara daxil edilməyib və onlara ayrıca baxılacaq.

Şikayətlər ədalətli məhkəmə araşdırması, mülkiyyət və ifadə azadlığı, saxlanma şəraiti, miqrasiya, hərəkət azadlığı və şəxsi məlumatların qorunması kimi məsələləri əhatə edir.

AİHM bildirib ki, qərar şikayətlərin qəbuledilməz və ya əsassız olması ilə bağlı deyil. Məhkəmə əsas səbəb kimi Rusiyanın 2022-ci ilin martından əməkdaşlığı dayandırmasını, sorğulara cavab verməməsini və qərarları icra etməyəcəyini bildirməsini göstərib.

Məhkəməyə görə, şikayətlərin hər birinə ayrıca baxılması böyük resurs tələb edir, halbuki Rusiyanın Konvensiya üzrə məsuliyyətinə dair əsas hüquqi məsələlər əvvəlki qərarlarda araşdırılıb. Rusiyanın qərarları icra etməməsi ərizəçilərin təzminat almaq imkanlarını da məhdudlaşdırır.

Bununla belə, qərar Rusiyanı 2022-ci il sentyabrın 16-dək törədilmiş insan hüquqları pozuntularına görə beynəlxalq məsuliyyətdən azad etmir. Şərait dəyişərsə, şikayətlərə baxılması bərpa oluna bilər.

Şikayətlərinə baxılmayan ərizəçilər arasında rusiyalı müxalif siyasətçilər Aleksey Navalnı, Gennadi Qudkov, Lev Şlosberq və Sergey Udaltsov, hüquq müdafiəçiləri Vladimir Oseçkin, Oleq Orlov və Aleksandr Çerkasov, vəkil Dmitri Aqranovski, jurnalistlər Mariya Ponomarenko və Pavel Nikulin, həmçinin Boris Nemtsovun qətli işi üzrə məhkum edilmiş Temirlan Eskerxanov da var.

Beynəlxalq insan hüquqları üzrə hüquqşünas Kirill Koroteyev qərarı tənqid edib:
“Bu 879 sətir sadəcə rəqəmlər deyil. Onların arxasında illər, hətta onilliklər boyu insan iztirabı dayanır”.

Onun sözlərinə görə, ən köhnəsi 2007-ci ildə verilmiş müraciətlər arasında Beslan girov böhranının qurbanlarının, “Kolskaya” qazma platformasında ölənlərin ailələrinin, hökuməti tənqid etdiyinə görə cəzalandırılanların və məhbusların şikayətləri var.

Koroteyev bildirib ki, qərar ərizəçilərə və vəkillərinə etiraz imkanı verilmədən qəbul edilib. O, Azərbaycan və Böyük Britaniya da daxil olmaqla bəzi ölkələrdə Konvensiya sistemindən çıxmaq çağırışlarının səsləndiyi vaxtda bu qərarın təhlükəli presedent yarada biləcəyini deyib.

Azərbaycanla AİHM arasında əməkdaşlıqda da problemlər var. Avropa Şurası Nazirlər Komitəsinin hesabatına əsasən, 2025-ci ildə AİHM-in Azərbaycanla bağlı 75 qərarı icraya nəzarət üçün komitəyə göndərilib. Azərbaycan bu göstəriciyə görə İtaliya ilə birlikdə ikinci yeri tutub.
2025-ci ilin sonunda Azərbaycanın icra etmədiyi AİHM qərarlarının sayı 397-yə çatıb. Bununla ölkə Ukrayna və Türkiyədən sonra üçüncü yerdə qərarlaşıb.

Hesabata görə, Azərbaycan hökuməti 2025-ci ildə komitənin sorğularına yalnız iki dəfə cavab verib və martın 18-dən sonra əlaqəni dayandırıb. Prezident İlham Əliyev isə 2025-ci il aprelin 9-da Azərbaycanın bundan sonra AİHM qərarlarını tanımayacağını bildirib. O, bunu Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı səlahiyyətlərinin təsdiqlənməməsi ilə əsaslandırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Putin və Uitkoff görüşü: Moskva üçtərəfli danışıqlara razılaşıb, ABŞ dizel razılaşmasına görə təşəkkür edib

22 Oktyabr 2026

RIA Novosti

Rusiya prezidenti Vladimir Putinlə Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff oktyabrın 21-də Sankt-Peterburqda üç saatlıq görüş keçirib. Uitkoff Osloda Ukrayna prezidenti Volodimir Zelenski və Avropa tərəfdaşları ilə apardığı danışıqlarda müzakirə olunan təklifləri Putinə çatdırıb. O, ABŞ, Rusiya və Ukrayna arasında sülh nizamlanması ilə bağlı üçtərəfli danışıqların keçirilməsini təklif edib. Ağ Evin xüsusi nümayəndəsi həmçinin dizel yanacağı ilə bağlı razılaşmaya və ABŞ vətəndaşı Stiv Habbardın azad edilməsinə görə Moskvaya təşəkkür edib. Stiv Habbard 2022-ci ildən Rusiyanın nəzarətində olan ərazidə saxlanılan 74 yaşlı, təqaüddə olan amerikalı müəllimdir. Rusiya onu Ukrayna tərəfində muzdlu döyüşməkdə ittiham edərək 2024-cü ildə 6 il 10 aya yaxın...
Dünya

NYT: “ABŞ və İsrail Konqresə seçkilərdən sonra İrana yeni zərbələr planı hazırlayır”

22 Oktyabr 2026

sosial media

ABŞ və İsrailin ABŞ Konqresinə 3 noyabrda keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları bərpa etməyi planlaşdırdığı bildirilir. “The New York Times” (NYT) mümkün hərbi əməliyyatlarla bağlı müzakirələrdən xəbərdar mənbələrə istinadən yazıb ki, plan İranın nüvə obyektləri, enerji infrastrukturu, raket və pilotsuz uçuş aparatı anbarlarına qarşı qısa, lakin intensiv əməliyyatı nəzərdə tutur. Nəşr Kolanq-Qaz-La dağının altında yerləşən ehtimal edilən yeraltı nüvə obyektini də mümkün hədəflərdən biri kimi göstərib. Bəzi ABŞ rəsmiləri qəzetə bildiriblər ki, Vaşinqton İranın neft emalı zavodlarına zərbə endirməkdən yayınmaq niyyətindədir. Bu, prezident Donald Trampın benzin qiymətlərinin daha da bahalaşacağı ilə bağlı narahatlığı ilə əlaqələndirilir. NYT-nin yazdığına...

Seçilmiş Videolar

Toplum TV loqo