cnn.com
Astrologiya qədim dövrlərdən bəri insan övladının ən çox maraq göstərdiyi sahədir. Səma cisimlərinin və onların vəziyyətində baş verən dəyişikliklərin Yerə, insanların həyatına təsir göstərdiyinə olan mistik inanış günümüzdə də davam edir. Elmi-texnoloji tərəqqinin mövcud səviyyəsinə baxmayaraq, astronomiya elmi ilə kvazielm sayılan astrologiya arasındakı fərqi bilənlərin sayı bu gün də çox deyil. Amma qeyd etmək lazımdır ki, astrologiya hətta ona inanmayanların da marağını cəlb edən bir məşğuliyyətdir. Necə deyərlər, fala inanma, falsız da qalma.
Çin təqviminə əsasən 2025-ci il İlan ili hesab olunur. Adətən İlan ilində dünyada böyük kataklizmlər, tarixin gedişatını dəyişdirən hadisələr baş verir. XX əsrin əvvəlindən etibarən İlan illərində baş verən mühüm tarixi hadisələrə nəzər salaq:
1905 – ilk Rusiya inqilabının başladığı il. Həmin il bütün imperiyanı, o cümlədən Qafqazı və Bakını tətillər, xalq həyəcanları bürüyüb. Dumanın çağırılması haqqında çar Manifesti və ilk siyasi amnistiya imzalanıb, monarxik sistem məhdudlaşdırılıb, təbəələrə ilk dəfə bəzi vətəndaş hüquqları verilib. Tsusima dəniz savaşında Yaponiya Rusiya donanmasını məhv edib, tərəflər arasında Portsmut sülh müqaviləsi imzalanıb. ABŞ-da Teodor Ruzveltin ikinci prezidentlik müddəti başlayıb.
1917 – Rusiya imperiyasında düz 2 inqilab: monarxiyaya son qoyan fevral burjua-demokratik inqilabı və bolşeviklərin hakimiyyəti ələ keçirdiyi Oktyabr inqilabı baş verib. Çarizmin süqutu Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına fürsət yaratdığı halda, bolşevik inqilabının siyasi nəticələri bir qədər sonra bu cümhuriyyətə son qoyub. Həmin il ABŞ-da Vudro Vilson prezident vəzifəsinin icrasına başlayıb və bu ölkə Birinci Dünya müharibəsinə daxil olub. Bu gün də nəticələri davam edən hadisə - Britaniya İmperiyasının Fələstində yəhudi dövlətinin yaradılmasına razılığının ifadə olunduğu Balfur Deklarasiyası bəyan edilib.
1929 – ABŞ-da Herbert Huver prezidentliyə başlayıb və bütün dünyaya ciddi təsir edən, ABŞ-da isə iqtisadi çöküşə səbəb olan Böyük Depressiya baş verib. SSRİ-də bolşevik inqilabının əsas liderlərindən olan Lev Trotski amansız partiyadaxili mübarizədə Stalinə uduzaraq ölkədən qovulub. 1929-cu il milyonlarla sovet kəndlisinin ölümü və sürgünə göndərilməsi ilə nəticələnmiş kollektivləşmənin vüsət aldığı il olub.
1941 – bəşər tarixində ən qanlı dönəm. İkinci Dünya müharibəsinin ən böyük epizodu olan nasist Almaniyasının SSRİ-yə hücumu baş verib: sovet və rus siyasi tarixçiliyinin dili ilə ifadə etsək, Böyük Vətən müharibəsi başlayıb. ABŞ-da həmin il 3-cü prezidentlik dönəminə başlamış Franklin Delano Ruzvelt “lend-liz” qanunu çərçivəsində SSRİ-yə hərbi yardımların göstərilməsinə sərəncam verib. Yaponiya Pörl-Harborda yerləşən ABŞ Sakit okean donanmasına hücum edib və beləliklə, ABŞ İkinci Dünya müharibəsinə daxil olub. Çin də müharibəyə qoşulub və hərbi əməliyyatlar planetar miqyas alıb.
1953 – SSRİ-ni və dünyanı lərzəyə gətirmiş tiran - İosif Stalin ölüb. Nikita Xruşşovun Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilməsi ilə SSRİ-də yumşalma dövrü başlayıb, böyük amnistiya verilib. Həmin il ABŞ-da general Duayt Eyzenhauer prezident kreslosuna əyləşib. Koreya müharibəsi sona çatıb.
1965 – ABŞ-da Lindon Consonun ikinci prezidentlik müddəti başlayıb və ölkə Vyetnam müharibəsinə qoşulub. Sovet kosmonavtı Aleksey Leonovun timsalında insan ilk dəfə açıq kosmosa çıxıb. SSRİ-də iqtisadi islahat həyata keçirilib və “sovnarxoz”lar ləğv edilib. SSRİ-də ilk siyasi nümayiş keçirilib: Moskvanın Puşkin meydanında dissidentlər yazıçıların həbsinə qarşı etiraz aksiyası keçiriblər, aksiya DTX tərəfindən dağıdılıb. Berinq dənizində SSRİ-yə məxsus 4 trauler (birinin adı “Naxçıvan” idi) qasırğaya düşərək batıb və 106 dənizçi ölüb. Gəncədə An-8 sovet hərbi-nəqliyyat təyyarəsi, Nuxada (indiki Şəki) İl-14 sərnişin təyyarəsi qəzaya uğrayıb. (Ümumiyyətlə, həmin il SSRİ-də və dünyada çoxlu sayda təyyarə qəzaları baş verib). Şarl de Qollun qərarı ilə Fransa ABŞ dollarından imtina edib. İkinci Hindistan-Pakistan müharibəsi baş verib.
1977 – ABŞ-da Cimmi Karter prezidentliyə başlayıb. Hazırda Donald Trampın geri almaq istədiyi strateji əhəmiyyətli Panama kanalı Karter tərəfindən Panama dövlətinə verilib. SSRİ-də və dünyada çoxlu sayda təyyarə qəzası baş verib, məsələn, İspaniyada iki sərnişin təyyarəsinin toqquşması nəticəsində 583 adam ölüb. SSRİ-də yeni Konstitusiya qəbul edilib, bədnam Çernobıl AES istismara verilib və millətçi ermənilər Moskvada terror aktları törədib. Avropada - Fransada gilyotində sonuncu edam həyata keçirilib.
1989 – dünya siyasi tarixinin dönüş anlarından biri. Şərqi Avropada antikommunist inqilabları baş verib, Berlin divarı yıxılıb və sosialist düşərgəsinin çöküşü başlayıb. SSRİ-də “Perestroyka” çərçivəsində ağlagəlməz hadisələr yaşanıb: ilk alternativli, qismən demokratik deputat seçkiləri keçirilib, Mixail Qorbaçov SSRİ Ali Sovetinin sədri seçilib. Əksər respublikalarda milli azadlıq hərəkatları başlayıb, suverenlik elanları bir-birini əvəz edib. Azərbaycanda nəhəng siyasi təşkilat - Xalq Cəbhəsi təsis olunub. Sovet qoşunlarının Əfqanıstandan çıxarılması tamamlanıb və Şərqi Avropadan çıxarılmasına start verilib. Bu müsbət dəyişkliklərə baxmayaraq, Tbilisidə sovet qoşunları kütləvi aksiyanı zorakılıqla dağıdıb və 16 nəfər ölüb. Digər faciəvi hadisələr kimi sovet donanmasına məxsus “Komsomolets” atom sualtı qayığının Norveç dənizində yanaraq batmasını, Azərbaycan və Ermənistanda iki gün ara ilə İL-76 hərbi-nəqliyyat təyyarələrinin qəzaya uğramasını, Gəncədə An-12 hərbi-nəqliyyat və Su-24 döyüş təyyarələrinin toqquşmasını, Xanlarda helikopter qəzasını qeyd etmək olar. İlin sonunda Azərbaycanda - Naxçıvanda SSRİ-İran sərhəd qurğuları xalq hərəkatının fəalları tərəfindən dağıdılıb. Çində qanlı Tyananmen hadisələri baş verib, tələbələrin aksiyası tankların köməyi ilə vəhşicəsinə dağıdılıb. İranda ali rəhbər, ayətullah imam Xomeyni vəfat edib. Rumıniyada inqilab olub və Çauşesku cütlüyü güllələnib. Paraqvayda diktator Alfred Stressner devrilib, Çilidə Auqusto Pinoçet dövrü sona yetib. ABŞ-da böyük Corc Buş prezident kreslosuna əyləşib.
2001 – ABŞ-da kiçik Corc Buş prezidentliyə başlayıb və qlobal geosiyasətdə köklü dəyişikliklərə səbəb olan 11 sentyabr terroru baş verib. ABŞ Əfqanıstanda hərbi əməliyyatlara başlayıb. Keçmiş Yuqoslaviya diktatoru Slobodan Miloşeviç yaxalanaraq beynəlxalq tribunala təhvil verilib.
2013 – Barak Obamanın 2-ci prezidentlik müddəti başlayıb. Çində Si Tsinpin ölkə rəhbəri seçilib. Türkiyədə Gəzi hadisələri baş verib. Misirdə prezident Məhəmməd Mursi devrilib. Ukraynada Maydan hərəkatı başlayıb. Azərbaycanda İsmayıllı hadisəsi baş verib, Bakıda “Əsgər ölümlərinə son” aksiyası keçirilib, ictimai-siyasi fəalların kütləvi həbsləri başlayıb və məlum sonluqlu prezident seçkiləri keçirilib.
2025 - ... bir il sonra bu ilin də mühüm hadisələrini qeyd edəcəyik. Hələlik məlum olan ən ciddi siyasi hadisə yanvarın 20-də ABŞ-da Donald Trampın ikinci prezidentliyinin başlayacağıdır. Diqqət yetirdinizsə, bütün İlan illərində ABŞ-da ya yeni prezident fəaliyyətə başlayıb, ya da mövcud prezidentin növbəti dönəminə start verilib. Burada yəqin ki, bir hikmət var...
Ümid edirik ki, bu il həm Azərbaycanda, həm də bütün dünyada tarixi əhəmiyyətli müsbət dəyişikliklər baş verəcək. İlan ili bizə bunu vəd edir...
"Toplum TV"
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Zurabişvilinin "X" hesabı
CNN.com
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?