Reuters
Həbsdə olan İstanbul meri, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlunun “X” hesabına Türkiyədən giriş məhdudlaşdırılıb.
Mayın 8-dən etibarən İmamoğlunun 9 milyondan çox izləyicisi olan hesabına Türkiyədən daxil olmaq istəyən “X” istifadəçiləri məhkəmə qərarı əsasında hesaba girişin bloklandığı haqda bildirişlə qarşılaşıblar.
Türkiyənin “Milliyət” qəzetinin məlumatına görə, İmamoğlunun hesabına girişin məhdudlaşdırılması haqda yerli məhkəmənin qərarı İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu vasitəsilə “X” şirkətinə çatdırılıb və şirkət müvafiq addımı atıb.
Türkiyənin Kommunikasiya Nazirliyi bildirib ki, qərara səbəb İmamoğlunun “X” hesabında aprelin 24-də etdiyi bir paylaşımın “açıq şəkildə cinayətə təhrik etmə” kimi qiymətləndirilməsi olub və İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.
İmamoğlunun hesabından aprelin 24-də edilən paylaşımda o, hakimiyyət nümayəndələrinin “həm millətə, həm dövlətə böyük ziyan vurduğunu” bildirib və Türkiyə xalqını “şikayət etməyə, susmamağa, səsini qaldırmağa” çağırıb.
Hesabın məhdudlaşdırılmasından sonra CHP-dən olan Ankara meri Mənsur Yavaş öz hesablarından birini istifadə üçün İmamoğluna verib.
“Əkrəm İmamoğlunun rəsmi sosial media hesabına tətbiq edilən giriş qadağası təkcə bir nəfərə deyil, milyonlarla insanın səsinə qarşı senzuradır. Biz bu qanunsuzluğu ən sərt şəkildə qınayırıq. Lakin bilinməlidir ki, harada ədaləti susdurmağa cəhd edilirsə, biz daha yüksək səslə danışacağıq. Bu hesab Əkrəm İmamoğlunun səsi olmağa davam edəcək və giriş qadağası qaldırılana qədər onun adından istifadə olunacaq”, - hesabdan edilən paylaşımda yazılıb.
Növbəti prezident seçkilərində Ərdoğanın əsas rəqibi olacağı gözlənilən Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyə martın ortalarından böyük siyasi böhranın ortasındadır.
Hakimiyyət İmamoğlunun terror təşkilatları ilə əlaqəsi olduğunu iddia edirdi. Ancaq İmamoğlu yalnız korrupsiyada ittiham olundu.
Müxalifət İmamoğlu və onun bir neçə tərəfdaşına qarşı açılan işi siyasi hesab edir.
İmamoğlunun həbsi İstanbul, Ankara və digər şəhərlərdə kütləvi etirazlara səbəb olub.
Martın 19-dan martın 23-dək etiraz aksiyalarında iştirak edən mindən çox insan saxlanılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Reuters
açıq mənbədən götürülüb