Dünya

İranda valyuta böhranı fonunda etirazlar: “Hakimiyyət etirazlardan dərs çıxarmasa, daha repressiv olacaq”

13 Yanvar, 2026
229

Foto: AFP

İranda yerli valyutanın devalvasiyasına etiraz olaraq baş qaldıran etirazlar iki həftədir iri şəhərlərə yayılıb. 

Hökumət ölkə daxilində internetə girişi və xaricə telefon zənglərini məhdudlaşdırıb. Bu, etirazların gedişi barədə dəqiq məlumat əldə etməyi çətinləşdirib. 

İranda və xaricdə olan hüquq müdafiəçiləri artıq 650-yə qədər etirazçının, habelə 50-yə yaxın təhlükəsizlik qüvvəsi əməkdaşının öldüyünü xəbər verirlər. 10 mindən çox insanın isə həbs olunduğu bildirilir. 

İranın dövlət televiziyası yanvarın 12-də hökumət dəstəkçilərinin paytaxt küçələrinə çıxdığını göstərən görüntülər yayımlayıb. 

Prezident Məsud Pezeşkian da xalqı “iğtişaşçılara qoşulmamağa” çağırıb və hökumətin iqtisadi islahatlara gedəcəyini deyib. 

Ali lider Seyid Əli Xamenei isə etirazların ilk günlərində etdiyi çıxışda etirazçıların “yerlərinə oturdurmalı olduğunu” bildirib. 

Tehranın mərkəzi bazarında mağaza satıcılarının etirazı ilə başlayan nümayişlər qısa müddətdə bütün ölkəyə yayıldı və birbaşa hakimiyyət dəyişikliyinə çağıran şüarlarla müşayiət olundu. 

Vaşinqton Universitetinin müəllimi, sosioloq Ramin Cabbarlı “Toplum TV”-yə deyib ki, İran xalqı hökumətin iqtisadi problemləri həll edəcəyinə ümid etmədiyi üçün onun dəyişməsinə çağırır. 

“Bunun inqilabla nəticələnməsi isə başqa faktorlardan asılıdır. Araşdırmalar göstərir ki, hakim elitanın öz daxilində çatlar yaranmadıqca, hadisələr inqilaba aparmır. Biz İrandakı hadisələrdə hələlik bunu görmürük. Həm Pezeşkianın, həm parlament sədrinin çıxışlarında mesajların Xameneinin mesajları ilə üst-üstə düşməsi göstərir ki, siyasi çatlar yoxdur”, - o bildirib. 

Vaşinqtonda mənzillənən Kuinsi İnstitutunun qeyri-rezident elmi işçisi Eldar Mamedov da “Toplum TV”-yə deyib ki, etirazlar hələlik rejimin süquta uğraması baxımından ciddi təhlükə yaratmaya bilər. 

“Bunun üçün küçələrdə milyonlarla insanın davamlı və koordinasiyalı iştirakı, neft hasilatı kimi əsas sahələrdə işçilərin tətili, fundamental xidmətlərin fəaliyyətinin pozulması və xüsusilə təhlükəsizlik aparatında olmaqla elita daxilindən xalqın tərəfinə keçənlərin olması lazımdır. Bu şərtlər hələ mövcud deyil”, - o qeyd edib. 

Xamenei yanvarın 3-də etdiyi çıxışında etirazçıların iqtisadi çətinliklərdən etdiyi şikayətləri haqlı sayıb və hökumətin bunları həll etmək üçün çalışdığını deyib. 

Pezeşkian da yanvarın 11-dəki çıxışında başçılıq etdiyi hökumətin etirazçıları dinləyəcəyinə və problemləri “nə yolla olursa olsun” həll edəcəyinə söz verib. Mamedov isə bunun hökumət üçün asan olmayacağını düşünür. 

“Rejim formal olaraq ayaqda qalmağı bacarsa belə, ən azı hazırki ali lider hakimiyyətdə qaldığı müddətdə əhalinin sosial və iqtisadi tələblərinə real həll yolları təklif etmək iqtidarında deyil. Rejim bəzi sahələrdə güzəştlərə gedib - məsələn, məcburi hicab qaydaları artıq böyük ölçüdə tətbiq olunmur. Lakin daxili korrupsiya və idarəetmədə səriştəsizliklə xarici sanksiyaların birgə təsiri nəticəsində iqtisadi vəziyyəti sabitləşdirmək qabiliyyəti ciddi şübhə altındadır”, - o deyib. 

İranın yaxın keçmişində bir neçə dəfə genişmiqyaslı etirazlar olub. Ən son bu cür etirazlar 2022-ci ilin sentyabrında Məhsa Əmini adlı gənc qızın polis tərəfindən ölümünə qarşı başlamış və 2023-cü ilin yazına qədər davam etmişdi. Etirazlar bütün ölkəyə yayılsa və gənclər tərəfindən dəstəklənsə də, nəticə etibarilə hakimiyyət daxilində ciddi dəyişikliklərə səbəb olmamışdı. 

Cabbarlı deyir ki, xalqın keçmiş etirazlardan nəticə çıxarmaması cari və gələcək etirazlarda da öz sözünü deyir və mənfi nəticələr göstərir. 

“Gələcək etirazlar üçün ümidlər azalır. Hakimiyyət nöqteyi-nəzərindən isə daha da repressiv olması mümkündür. Xüsusilə də, insan hüquqlarının getdikcə daha az önəm verildiyi bir dünyadan söhbət gedir. Elə bir gedişatın şahidi ola bilərik ki, gələcək etirazlarda insan hüquqları deyil, məsələn, etnik kimlik daha qabardılsın. İstənilən halda, hakimiyyət etirazlardan dərs çıxarmasa, daha repressiv olacaq. Lakin bu, ölkənin gəlirlərinin azalacağı və insanların daha da yoxsullaşacağı reallığını dəyişməyəcək”, - o əlavə edib. 

Mamedov düşünür ki, hakimiyyət yenə də etirazları yatıra bilsə belə, bu, çıxış yolu deyil. Onun fikrincə, irəliyə doğru yol qaçılmaz olaraq yeni liderlikdən keçir - ya varislik, ya da daxili çevriliş nəticəsində. 

“Müxtəlif ssenarilər mümkündür. Birinci və hazırda ən real görünən variant rejim daxilindən dəyişiklik baş verməsi, daha millətçi elementlərin hakimiyyəti ələ alaraq ruhaniləri kənarlaşdırmasıdır. Bu halda siyasi baxımdan daha avtoritar, lakin mədəni və sosial baxımdan daha liberal bir rejim formalaşa bilər. Tam miqyaslı, aşağıdan-yuxarı dəyişiklik də mümkündür - əgər daxili müxalifət səfərbər olaraq rejimin müəyyən hissələri ilə əməkdaşlıq edərsə, yeni bir konstitusion mərhələ yarana bilər. Ən mənfi ssenari - və hazırda ən az ehtimal olunan - xarici qüvvələrin dəstəyi ilə kürd, bəluc və əhvazilərdən təşkil olunan separatçı qruplar vasitəsilə daxili parçalanmanın baş verməsi və bunun xaosla, vətəndaş müharibəsi ilə nəticələnməsidir”, - o vurğulayıb. 

İran, həmçinin, sayı ölkə əhalisinin təxminən 15-16%-ini təşkil etdiyi deyilən etnik azərbaycanlılara ev sahibliyi edir. Bu dəfəki etirazlarda isə onların aktivliyi müşahidə edilmir. 

Cabbarlı qeyd edir ki, Tehrana iş üçün köç etmiş azərbaycanlılar da etirazlarda iştirak edir, çünki onlar da digərləri kimi iqtisadi çətinliklərdən əziyyət çəkir. 

“Azərbaycan vilayətində yaşayanlar, habelə digər etnik azlıqlar üçün isə məsələ başqa cürdür. Onlar üçün milli azadlıq hərəkatı daha önəmlidir. Rza Pəhləvinin öz adına çıxarmaq istədiyi etiraz onlara maraqlı deyil. Azərbaycanlılar və digər millətlər üçün Pəhləvinin ölkəyə qayıdışına çağıran etirazlar, bir diktatorun digər diktatorla dəyişməsinə çağırış deməkdir”, - o deyir. 

ABŞ prezidenti Donald Tramp da artıq bir neçə dəfə İran hakimiyyətinə xəbərdarlıq edib və deyib ki, etirazçılar ölərsə, İrana zərbə endirə bilər. O, yanvarın 11-də jurnalistlərlə söhbətində rəhbərlik etdiyi administrasiyanın bir neçə hərbi variantı nəzərdən keçirdiyini bildirib. 

Tramp ikinci prezidentliyinin ilk ilində artıq bir dəfə İrana zərbə endirib. Onun əmri ilə iyunda İsraillə müharibə edən İranın nüvə obyektlərinə ABŞ ordusu tərəfindən “bunkerdağıdıcı” bombalar atılıb. 

Mamedov da düşünür ki, Tramp uzunmüddətli, çıxılmaz müharibələrə getməkdənsə “nümayişkaranə, birdəfəlik zərbələrə” üstünlük verir. 

“Lakin son vaxtlar isə o, oğul Corc Buşu xatırladan bir ritorika sərgiləyir - İrana “azadlıq” vəd edir. Halbuki əvvəllər bu cür neokonservativ ritorikanı açıq şəkildə rədd edirdi. Əgər Trampı Tehrandakı rejimin artıq son nəfəsini verdiyinə inandırmaq mümkün olsa, o zaman zərbə endirə bilər. Beləliklə, “son təkanı” verdiyinə görə bunu öz uğuru kimi təqdim edər. Lakin hazırda o, ziddiyyətli siqnallar verir. Bir tərəfdən hədə-qorxu gəlir, digər tərəfdən isə keçmiş İran şahının oğlu Rza Pəhləvi ilə görüşmək üçün edilən təzyiqlərə müqavimət göstərib və etirazçıların təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü deyil, izdiham nəticəsində həlak olduqlarını deyib. Bu, açıq-aşkar məntiqsiz iddiadır, lakin bu mərhələdə hədələri həyata keçirməyə istəksiz olduğunu göstərə bilər. Bundan əlavə, Oman vasitəsilə Tehran və Vaşinqton arasında müəyyən kommunikasiya mövcuddur. Böyük ehtimalla, məqsəd hərbi qarşıdurmanın qarşısını almaq və nüvə proqramı üzrə danışıqları bərpa etməkdir. Ümumilikdə isə vəziyyət son dərəcə axıcıdır. Etirazların trayektoriyası öz təbiətinə görə proqnozlaşdırmaq baxımından olduqca çətindir və buna uyğun olaraq Tramp da daxil olmaqla xarici oyunçuların hesablamaları dəyişəcək”, - o deyib. 

İranla qonşu olan Azərbaycan isə münasibətlərdə bir neçə il davam edən gərginlikdən sonra ötən il normallaşma yoluna qayıtdı. Pezeşkian iki dəfə Azərbaycana səfər etdi. Azərbaycanın 2023-cü ildə Tehrandan təxliyə olunan səfirliyinin fəaliyyəti bərpa olundu. 

Buna baxmayaraq, İranla düşmən olan İsrailin Azərbaycanla yaxınlığı da İranla münasibətlərdə öz sözünü deyib. Hələ İkinci Qarabağ Müharibəsindən sonra İran rəsmiləri Azərbaycanı İsrail şirkətlərini Qarabağa gətirməkdə ittiham edirdi. 

Ötən ilin iyununda 12 günlük İran-İsrail münaqişəsi zamanı Azərbaycan ehtiyatlı bəyanat verərək tərəfləri sülhə çağırmışdı. Münaqişənin bitməsindən bir neçə gün sonra isə Pezeşkian Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında İsrailin Azərbaycanın hava məkanından hərbi məqsədlərlə istifadəsinə dair iddiaları dilə gətirmiş, Əliyev də onları birmənalı təkzib etmişdi. 

Mamedov düşünür ki, Əliyev İran rejiminin devrilməsində maraqlı deyil, çünki bu, miqrasiya axınları ilə birlikdə regional vəziyyəti, o cümlədən Azərbaycanın özünü də sabitlikdən çıxara bilər.

“Əliyevin maraq dairəsində olan Tehranın tam dağılması deyil, daha çox onun nəzarətinin zəifləməsidir. Çünki bu, İranda yaşayan azərbaycanlı əhali üzərində Bakının təsir imkanlarını artıra bilərdi. Bu, eyni zamanda Ermənistanı daha da təcrid edərdi. Lakin Qarabağ müharibəsində əldə edilən uğurdan sonra formalaşan siyasi özünəinamın (hətta təkəbbürün) təsirini də kiçiltmək olmaz. Əgər ən mənfi ssenari - İranda vətəndaş müharibəsi və xaos - reallaşarsa, o zaman bütün hesablamalar alt-üst ola bilər və Əliyev “İran azərbaycanlılarının hüquqlarını qorumaq” adı altında prosesə müdaxilə etməyə cəhd göstərə bilər”, - o qeyd edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Müharibə qurbanlarını yad edən ukraynalı idmançı olimpiadadan kənarlaşdırılıb

13 Fevral 2026

Foto: AFP

İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında Ukraynanı təmsil edən idmançı müharibə qurbanlarını yad edən dəbilqə taxdığına görə olimpiadadan kənarlaşdırılıb.  Skeleton yarışçısı Vladislav Heraskeviçin yarışdan kənarlaşdırılması qərarı fevralın 12-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən verilib.  BOK üzərində Rusiyanın işğalçı müharibəsi nəticəsində həyatını itirmiş ukraynalı idmançıların rəsmlərinin əks olunduğu dəbilqəni taxmağı daha öncə qadağan etsə də, Heraskeviç məşqlərə bu dəbilqə ilə çıxmağa davam edirdi.  BOK prezidenti Kirsti Koventri fevralın 12-i səhər saatlarında ukraynalını fikrindən daşındırmaq üçün şəxsən yarışın keçirildiyi yerə gəlib. Lakin Heraskeviç güzəştə getməyib.  İdmançı qərarın açıqlanmasından sonra sosial media hesabında bunu "şərəfli olmağın bədəli" adlandırıb.  "Mən bu yarışda medalçılar arasında ola...
Dünya

Sözçü: "Vens Əliyevlə məhbusların azad edilməsindən danışıb" 

11 Fevral 2026

Foto: EPA

Azərbaycanda rəsmi səfərdə olan ABŞ vitse-prezidenti Ceyms Vensin prezident İlham Əliyevlə görüşdə "məhbusların azad edilməsi" məsələsindən danışdığı bildirilir.  "Azadlıq Radiosu"nun xəbərinə görə, bu barədə Vensin sözçüsü məlumat verib.  "Onlar, əsasən, ticarət və rifah, texnologiya və diplomatik əlaqələrin genişləndirilməsini müzakirə ediblər. "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə müqavilələr və güzəştlərdən, məhbusların azad edilməsi kimi etimadyaratma tədbirlərindən, ABŞ investisiyaları və regional iqtisadi inteqrasiya daxil olmaqla, növbəti addımlardan da danışıblar", - sözçü deyib.  Açıqlamada Azərbaycanda həbsdə olan və yenicə hökm oxunmuş ermənilər, yoxsa "siyasi məhbus" kimi tanınan jurnalist və vətəndaş cəmiyyəti üzvlərindən söhbət getdiyi aydın deyil.  Vens fevralın 10-da...

Seçilmiş Videolar

Toplum TV loqo