Qafqaz Müsəlmanları İdarəsi: “Yerevandakı Göy məsciddə keçirilən mərasim vandalizm təzahürüdür”
Yerevantsi
Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Yerevandakı Göy məsciddə keçirilən mərasimi və məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adının verilməsini pisləyib.
Hər iki qurum noyabrın 11-də bununla bağlı bəyanat yayıb. Qafqaz Müsəlmanları İdarəsi baş verənləri “aşkar vandalizm təzahürü və təxribat” adlandırıb.
Noyabrın 9-da İranın Ermənistandakı səfirliyinin Mədəniyyət Mərkəzi Yerevandakı Göy məsciddə tədbir təşkil edib. Tədbirdə fars şairi Firdovsinin “Şahnamə” dastanının erməni dilinə tərcüməsi təqdim olunub. Həmçinin məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adı verilib və onun büstünün qoyulacağı bildirilib.
Mərasimdə İranın vitse-prezidenti Həmid Purməhəmmədi də iştirak edib.
Qafqaz Müsəlmanları İdarəsi Ermənistan hökumətini oxşar tədbirlərin qarşısını almağa çağırıb. Qurum hesab edir ki, mərasim İslam ənənələrini pozub və məscidin tarixi irsini təhrif edib.
“Mədəni xalqlar hər hansı kitab təqdimatını başqa dinə mənsub ibadət məkanında deyil, öz mədəniyyət ocaqlarında keçirirlər. Mədəni tədbir adı altında məsciddə şou düzənləmək heç kəsə başucalığı gətirə bilməz”, - bəyanatda deyilir.
İdarə bildirib ki, belə hallar Azərbaycanla Ermənistan arasındakı sülh prosesini şübhə altına alır və revanşist qüvvələrin maraqlarına xidmət edir.
DQİDK isə vurğulayıb ki, Göy məscid XVIII əsrdə İrəvan xanlığı dövründə, Hüseynəli xanın hakimiyyəti illərində inşa edilmiş Azərbaycan memarlığı və dini irsinin mühüm nümunəsidir. Abidə tarixdə “Göy məscid”, “Göy cami” və “Hüseynəli xan məscidi” adları ilə tanınıb.
“İstənilən mədəni irs nümunəsinin hansısa ölkənin vəsaiti hesabına bərpası onun həmin ölkəyə məxsusluğunu iddia etmək üçün əsas sayılmır. Göy məscidin tarixi kimliyi onun inşa edildiyi dövr, İrəvan xanlığı və şəhərin Azərbaycan mədəni irsi ilə bağlılığı əsasında qiymətləndirilməlidir. Abidənin “fars məscidi” kimi təqdim olunması, adının və tarixi kontekstinin dəyişdirilməsi cəhdləri elmi-tarixi yanaşmaya deyil, siyasi məqsədlərə xidmət edir”, - qurumun bəyanatında qeyd olunub.
Ermənistan hakimiyyəti ittihamlara hələlik münasibət bildirməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Əbu-Dabi danışıqları: Ukrayna və Rusiya yalnız əsir mübadiləsi üzrə razılığa gəlib
sosial media
primeminister.am
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir