Dünya

"Reuters": 'İran qumar şəbəkəsi vasitəsilə 4 milyard dolları sanksiyalardan yayındırıb'

4 Avqust, 2026
25

Açıq mənbə

“Reuters” agentliyi İrandakı onlayn qumar şəbəkəsinin 4 milyard dollarlıq vəsaiti ölkədən çıxarmağa kömək etdiyini yazıb. 

Agentliyin araşdırmasında iddia olunur ki, buna Dubayda yerləşən “Shelbit” adlı kriptovalyuta birjası vasitəsilə nail olunub. 

“Reuters”-in təhlil etdiyi “blokçeyn” məlumatlarına əsasən, “Shelbit” 2 mindən çox internet saytını əhatə edən qumar şəbəkəsinin maliyyə əməliyyatlarını həyata keçirib. Birja həmçinin beynəlxalq sanksiyalar altında olan İran Mərkəzi Bankı, kriptovalyuta birjası “Nobitex” və İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələndirilən kriptovalyuta hesabları ilə əməliyyatlar aparıb. 

“Reuters” müəyyən edib ki, 2024-cü ilin may ayından etibarən bu hesablardan dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance” platformasına azı 676 milyon dollar köçürülüb. Məlumatlara görə, “Shelbit” İran Mərkəzi Bankı ilə əlaqəli azı 125 milyon dollar dəyərində əməliyyatı emal edib. 

Birja həmçinin iranlı influenserlər Saşa Sobhani və Puyan Moxtari tərəfindən reklam olunan qumar saytları ilə əlaqəli maliyyə əməliyyatlarını da həyata keçirib. Hər iki şəxs “Shelbit” barədə məlumatlarının olduğunu və ya sanksiyalardan yayınma və çirkli pulların yuyulması kimi işlərdə iştirak etdiklərini təkzib edib. 

Araşdırmada o da iddia olunur ki, SEPAH illər əvvəl iri qumar saytlarına nəzarəti ələ keçirərək onları ölkədən kənara pul vəsaitləri çıxarmaq üçün istifadə edib. Lakin agentlik SEPAH-ın birbaşa “Shelbit” və ya bütövlükdə qumar şəbəkəsinə nəzarət edib-etmədiyini, eləcə də vəsaitlərin nəticə etibarilə hara yönəldiyini müəyyən edə bilməyib. 

Dubayın Virtual Aktivləri Tənzimləmə üzrə icra orqanı (VARA) bildirib ki, “Shelbit” lisenziyasız fəaliyyət göstərdiyi üçün əvvəllər də ona qarşı icra tədbirləri görülüb. Qurum iyulun 24-də çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi və qanunsuz maliyyə əməliyyatları ilə bağlı narahatlıqları əsas gətirərək birjaya fəaliyyətini dayandırmağı əmr edib. Hazırda birjanın saytına giriş mümkün deyil. 

“Binance” isə bildirib ki, “Shelbit” heç vaxt onların platformasında hesab açmayıb və bu birja ilə əlaqələndirilən əməliyyatlar ilkin mərhələdə yüksək riskli hesab edilməyib. Şirkətin sözlərinə görə, aidiyyəti hesablar sonradan araşdırılıb, dondurulub və hüquq-mühafizə orqanlarına məlumat verilib.

“Shelbit”, İran hökuməti və SEPAH “Reuters”-in şərh sorğularını cavablandırmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Tramp: “ABŞ-nin Ukraynaya ‘Patriot’ raketlərinin istehsalına lisenziya verəcəyinə hələ əmin deyiləm”

31 İyul 2026

White House

ABŞ prezidenti Donald Tramp administrasiyasının Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket istehsalına lisenziya verib-verməyəcəyinə hələ də əmin olmadığını bildirib. Tramp bu barədə “Financial Times” qəzetinin müxbirinə açıqlamasında deyib. Onun sözlərinə görə, ABŞ administrasiyası hazırda məsələni nəzərdən keçirir. ABŞ prezidenti “Patriot” sistemlərini “unikal silah” adlandırıb və onların istehsalı üçün lisenziyanın kimə verilməsi məsələsində “ehtiyatlı olmaq lazım olduğunu” vurğulayıb. O qeyd edib ki, ABŞ adətən belə lisenziyalar vermir. Trampın açıqlaması onun Ukrayna prezidenti Volodimir Zelenski ilə Ağ Evdə görüşündən iki gün sonra baş verib. V.Zelenski görüşü “yaxşı” adlandırıb. Onun sözlərinə görə, görüş zamanı digər məsələlərlə yanaşı, Rusiyanın ballistik raketlərinə qarşı...
Dünya

Mərakeşdən yüzlərlə miqrant İspaniyanın Seuta anklavına keçib

31 İyul 2026

Nexta

Son günlər Mərakeşdən minlərlə miqrant Şimali Afrikadakı İspaniya anklavı Seutaya keçib. İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, son 24 saat ərzində dəniz və quru yolu ilə təxminən 49 min miqrant Mərakeşdən Seutaya daxil olub. İspaniyanın dövlət televiziyası RTVE isə iyulun 30-da ilkin olaraq Seutaya 2-3 min nəfərin keçdiyini bildirmişdi. Sonrakı hesablamalarda keçidlərin sayının daha yüksək olduğu açıqlanıb. Seuta və Şimali Afrikada yerləşən digər İspaniya şəhəri Melilya Avropa İttifaqının Afrika ilə yeganə quru sərhədini təşkil edir. Hər iki şəhərdə Avropaya keçməyə çalışan miqrantların sərhədi aşmaq cəhdləri vaxtaşırı kəskinləşir. Sosial şəbəkələrdə yayılan videolarda yüzlərlə miqrantın üzgüçülük halqaları ilə dənizi keçdiyi, digərlərinin isə...

Seçilmiş Videolar

Toplum TV loqo