açıq mənbədən götürülüb
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin birbaşa danışıqlar təklifini qəbul edib.
Zelenski Ukraynanın danışıqlar üçün hər bir formata hazır olduğunu, özünün isə mayın 15-də Putini Türkiyədə gözləyəcəyini qeyd edib.
O, bunu mayın 11-də “X” səhifəsində yazıb.
“Ümid edirəm ki, Putin bu dəfə qoşulmamaq üçün bəhanələr axtarmayacaq”, - Zelenski bildirib.
Ukrayna prezidenti əlavə olaraq mayın 12-dən etibarən “bütöv və qeyd-şərtsiz” atəşkəs gözlədiyini qeyd edib.
“Elə bir atəşkəs ki, diplomatiyaya lazımi zəmin yaratmaq üçün kifayət qədər uzun müddət davam etsin və sülhü əhəmiyyətli dərəcədə yaxınlaşdırsın. Bunu Ukrayna çoxdan təklif edib, bizim tərəfdaşlarımız təklif edir, bütün dünya da buna çağırır. Rusiyadan dəqiq cavab gözləyirik”, - Zelenski yazıb.
Mayın 10-da Kiyevdə Zelenski ilə görüşən Fransa, Böyük Britaniya, Polşa və Almaniya liderləri Rusiyadan mayın 12-ə qədər atəşkəsə razı olmasını tələb ediblər və əks halda yeni sanksiyalarla hədələyiblər. ABŞ Prezidenti Donald Tramp da ölkəsinin sanksiyalara qoşulacağını deyib.
Putin isə mayın 11-ə keçən gecə çıxış edərək Ukraynanı mayın 15-də Türkiyədə birbaşa danışıqlara çağırıb, atəşkəs mövzusuna isə toxunmayıb.
Siyasi müşahidəçilər bunu Putinin atəşkəs tələbindən yayınmaq cəhdi kimi qiymətləndiriblər.
Fransa, Almaniya və Polşa liderləri bildirib ki, atəşkəs qüvvəyə minmədən birbaşa danışıqlar ola bilməz.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
AFP
Reuters