Xalqın fəxri - Nobel sülh mükafatına layiq görülən Ales Belyatski haqqında
img.zerkalo.io/
Hüquq müdafiəçisi Ales Belyatski 2022-ci il Nobel sülh mükafatına layiq görüldü. Bu şəxs onilliklər boyu Belarusda demokratik dəyişikliklərə çağırıb və siyasi məhbusların hüquqlarını müdafiə edib. Belyatski indi də həbsdədir, yenə də siyasi məhbus statusundadır. Belarusun “Zerkalo” portalı bugünlərdə bütün dünyanın danışdığı adam haqqında məqalə yayımlayıb.
Toplum TV materialı Azərbaycan auditoriyasına təqdim edir.
Ales Belyatski 1962-ci ildə müasir Kareliya ərazisində anadan olub. Amma üç yaşında ikən valideynləri əslən olduqları Belarusa qayıdıblar. Qomel universitetinin tarix-filologiya fakültəsini bitirən Belyatski hərbi xidmətdən sonra Minskdə aspiranturaya daxil olub. Bu zaman o, gənc ədəbiyyatçıların “Tuteyşıya” cəmiyyətinin təsisçilərindən və liderlərindən biri olur. Bu təşkilat sayəsində Belarus ədəbiyyatına sonralar klassikə çevriləcək xeyli sayda qələm adamı ortaya çıxır: şair Anatoli Sısdan tutmuş prozaik Andrey Fedorenkoya qədər. Belyatskinin ədəbiyyata marağı bununla məhdudlaşmır. Aspiranturanı bitirdikdən az sonra Maksim Boqdanoviçin ədəbiyyat muzeyinin direktoru (1989-1998) olur, özü də onu bu vəzifəyə əməkdaşlar özləri seçirlər. Məhz onun dövründə ölkədəki ən yaxşılardan birinə çevrilən bu müəssisə həm Belarusda, həm də Rusiyada (Yaroslavlda) filiallarını açır. Belyatski özünü çox yaxşı təşkilatçı kimi göstərir, bu da gələcəkdə öz sözünü deyir.
https://toplum.tv/dunya/rejimler-deyisende-niye-heykeller-yixilir
1996-cı ildə onun əməkdaşlarının bir hissəsi həbs edilən siyasi fəallara və onların qohumlarına kömək etməyə başlayır: ölkədə dinc etiraz aksiyalarının zorakı dağıdılması başlamışdı. Beləcə hüquq müdafiə mərkəzi ideyası yarandı, onun da rəhbəri o oldu. Tezliklə muzeylə vidalaşmaq lazım gəldi və “Vesna” (yeni təşkilatın adı belə idi) Belyatskinin əsas məşğuliyyət yeri oldu.
Bunun öz məntiqi var. Mədəniyyət getdikcə daha çox dövlətin nəzarəti altına düşürdü və gələcək Nobel laureatı artıq məhsuldar işləyə bilmirdi. Ölkədə repressiyalar artırdı, hüquq müdafiəçilərinin köməyinə ehtiyac duyulurdu. Üstəlik, Belyatskinin çoxdan siyasətə həvəsi vardı. Onu hələ 1988-ci ildə mintiqdə (“Dzyadı” əcdadları anma günündə) iştiraka görə inzibati məsuliyyətə cəlb etmişdilər, o, Belarus xalq cəbhəsinin yaradıcılarından biri idi: təşkilat komitəsinin üzvü olmuşdu.
Ales həm də alternativ əsaslarla seçilmiş Minsk şəhər sovetinin deputatı (1991-1996) idi. Belyatski dövlət çevrilişi cəhdinə (QKÇP) qarşı açıq şəkildə çıxmaqdan qorxmamışdı. Şəhər sovetinin binası üzərindən asılacaq milli ağ-qırmızı-ağ bayrağı iclas zalına məhz o gətirmişdi. Bu zaman parlament onu hələ dövlət bayrağı kimi tanımamışdı.
Doxsanıncı və sıfırıncı illərin hüdudunda Belyatski BXC sədrinin müavini və estafeti doxsanıncı illərin fəallarından təhvil alan yeni müxalifətin liderlərindən biri idi. Amma sonra siyasətdən uzaqlaşdı və sırf hüquq müdafiəçiliyi ilə məşğul oldu.
Hakimiyyət onun işini özünəməxsus qiymətləndirdi. “Vesna” çoxsaylı pozuntularla keçən 2001-ci il prezident seçkiləri zamanı müşahidələrdə fəal iştirak edirdi. İki il sonra, 2003-cü ildə mərkəzin dövlət qeydiyyatı ləğv olundu. Belyatskinin komandası təxminən 20 ildir ki, qeydiyyatsız çalışır.
Birinci həbs
2011-ci ilin avqustunda Belyatski saxlanıldı. İkitərəfli hüquqi yardım haqqında razılaşmalar çərçivəsində Litva və Polşa hakimiyyətləri onun xarici bank hesabları barədə məlumatları rəsmi Minskə ötürdülər. Bunun əsasında hüquq müdafiəçisi vergilərdən yayınmaqda ittiham olundu, onu əmlakı müsadirə olunmaqla və cəzasını gücləndirilmiş rejimdə çəkməklə 4,5 il azadlıqdan məhrum etdilər. Belyatski həm də dövlətə 90 min dollar kompensasiya ödəməli idi. Məbləğ vətəndaşların ianələri sayəsində yığıldı.
Ales öz günahını etiraf etmədi. O, izah etdi ki, hesabdakı vəsaitlər hüquqları pozulan belaruslara yardım məqsədilə istifadə olunurmuş. “Vesna”nı qeydə almadıqlarına görə hesabı xaricdə açmalı olub.
Gələcək Nobel laureatı barmaqlıqlar arxasında ağır şəraitdə olub. İndi özü təcridxanada olan hüquq müdafiəçisi Valentin Stefanoviçin “BelaPan”a dediyinə görə, həmkarı 2 saylı Bobruysk koloniyasında yeddi ay ərzində yeddi tənbeh alıb. Məsələn, onlardan biri guya icazə verilməyən vaxtda yatdığına görə olub. Əslində isə meditasiya edirmiş.
Hüquq müdafiəçisi koloniyada qablaşdırıcı işləyib və aya 11 min rubl – o zaman 1 ABŞ dollarından bir qədər çox – qazanıb. TUT.BY-nin saxlanma şəraiti ilə bağlı sualına cavab verərkən o deyib ki, özünə qarşı zorakı təxribat baş verməyib, amma psixoloji basqı hiss olunub.
- Sən yüzdən çox adamın olduğu dəstədəsən. 15 adamın olduğu bölümdə qalırsan. Amma kimsə səninlə əlaqə saxlamır. Səndən üç metr aralı gəzirlər. Çünki əgər birisi salamlaşsa, ya da havadan və futboldan danışsa, sabah artıq dəstədə olmayacaq. Mənim Bobruysk düşərgəsinə getməyim dəstənin “Narodnaya volya” qəzetinə abunə olanlardan təmizlənməsi ilə başladı. Beləcə dörd nəfəri dərhal başqa dəstəyə keçirdilər. Həmin vakuum halı ən son dəqiqəyə qədər davam etdi. Bu müddət ərzində bir neçə nəfəri başqa dəstəyə keçirdilər. Cərimə təcridxanasına düşənlər də olurdu. Bu, psixoloji cəhətdən sıxır. Sən özünü başqaları ilə birlikdə hiss edirsən, amma başqaları səndən qorxur – hüquq müdafiəçisi belə deyirdi.
Belyatskiyə hətta vəfat edən atası ilə vidalaşmaq imkanı verilmədi. Rayon məhkəməsi üç dəfə həmin icazəni verdi və DİN-in Cəzaların icrası departamenti üç dəfə saya salmadı. Ales atasını yalnız morqda görə bildi.
Hüquq müdafiəçisi daha əvvəl də - 2006, 2007, 2012, 2013 və 2014-cü illərdə - Nobel sülh mükafatına namizəd göstərilib. 2012-ci ildə nüfuzlu siyasətçilər və ictimai xadimlər son ana qədər əmin idilər ki, mükafat Belarusa gedəcək. Ola bilər, bu, Belyatskiyə daha tez azadlığa çıxmaqda kömək edərdi. Təəssüf ki, belə olmadı, elə tez azadlığa çıxması da. Hərçənd, təkcə 2011-ci ilin avqustunda onun azadlığa buraxılması üçün Belarus vətəndaşları və əcnəbi xadimlər 600 müraciət göndərmişdilər.
Belyatski 2014-cü ilin iyununda amnistiya ilə azadlığa çıxdı. 2 saylı Bobruysk koloniyasında keçirdiyi 1052 gün ərzində iki kitab yazdı. Onlardan biri ədəbiyyatşünas məqalələr toplusu, digəri isə “Məhbəs ədəbiyyatı” terminini tətbiq etdiyi “Asveçanıya belaruşçınay” adlı esse idi. Sonuncu əsəri elə həmin 2014-cü ildə Belarus sərhədindən keçirməyi qadağan etdilər: onda Belarusun dövlət maraqlarına zərər tapdılar.
Yenə barmaqlıqlar arxasında və yeni ittihamlar
“Elə bir təəssürat var ki, sanki üç il palçığın içində olmusan, çıxmısan və yuyunmalısan”, - Belyatski azadlığa çıxdıqda ilk mətbuat konfransında dedi. Amma eyni zamanda əminliklə söylədi ki, ölkədən getməyi planlaşdırmır.
- Getmək fikrim yoxdur, mənə burada çox rahatdır. Hətta düşərgədə də özümü rahat hiss edirdim, çünki ətrafımda öz insanlarımız idi. Mənim üçün bu önəmlidir. Ola bilər, bir qədər qocayam, amma Belarus cəmiyyətinin ab-havası mənim üçün çox önəmlidir. Qərbə gedəndə öz mühitində olmadığını hiss edirsən.
Belyatski bu prinsiplərə indiyə qədər sadiqdir. Onuncu illərdə o, onlarla nüfuzlu mükafata layiq görülüb. Onların arasında Lex Valensa, Vatslav Havel, ABŞ Dövlət departamentinin mükafatları var. O, xaricdə rahat həyat sürə bilərdi, amma Belarusdan getmədi. Nə onuncu illərin nisbətən sakit ikinci yarısında, nə 2020-dən sonra.
https://toplum.tv/dunya/putin-heqiqeten-nuve-silahindan-istifade-ede-bilermi
Kütləvi etiraz aksiyaları zamanı Belyatski Koordinasiya şurasının üzvü oldu. Onu, eləcə də onlarla hüquq müdafiəçisini 2021-ci il iyulun 12-də saxladılar.
Alesi bir il təcridxanada saxladılar, guya vergiləri ödəmədiyinə görə. Hər şeydən göründüyü kimi, ittiham tamamilə mənasızlaşıb, çünki 2022-ci ilin sentyabrında yeni ittiham səsləndirildi. İndi “Vesna” əməkdaşlarını bir qrup şəxs tərəfindən təşkil olunan iri məbləğdə pul qaçaqmalçılığında və ictimai asayişi kobud şəkildə pozan qrup halında hərəkətləri maliyyələşdirməkdə günahlandırırlar. İttihamın ən sərt maddəsi 12 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.
Tərcümə: Yadigar Sadıqlı
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
yahoo
BBC
Suriyada kim qalib gəldi?
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb