İqtisadiyyat

Azərbaycana ikinci neft bumu lazımdır?

30 Yanvar, 2026
208

Foto: president.az

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 20-də Davosda çıxışlarının birində dedi ki, ikinci neft bumu üçün “əsaslı ümidlərimiz var”. 

Müstəqillik dövründə neft və qaz satışından əldə olunan gəlirlər ölkə iqtisadiyyatının əsasını təşkil edib. 2015-ci ildə dünyada neft qiymətinin kəskin düşməsindən sonra da neft-qaz sektoru büdcə gəlirlərində əsas paya sahib olmağa davam edib. 

Açıq Azərbaycan Təşəbbüsünün təsisçisi, iqtisadçı Zöhrab İsmayıl “Toplum TV”-yə deyir ki, neft bumu dövründəki yüksək gəlirlərin Azərbaycan iqtisadiyyatını şaxələndirəcəyi, nəticə etibarilə ölkənin neftdən asılılığını azaldacağı ilə bağlı illuziyalar puç olub. 

“15 il əvvəl Azərbaycanın ixracatında qeyri-neft məhsulları yalnız 8-10% təşkil edirdisə, indi də eyni mənzərədir. Digər tərəfdən, neft ixracı da azalır, çünki neft bumunun pik dövrü olan 2010-cu illə müqayisədə neft hasilatı, demək olar ki, yarıbayarı azalıb”, - o qeyd edib. 

2010-cu ildə Azərbaycanda neft hasilatı 50 milyon tona yaxın idisə, ötən il bu göstərici 27,6 milyon ton təşkil edib. 

Z.İsmayılın sözlərinə görə, keçən müddət ərzində Azərbaycanda infrastruktur layihələri də yarımçıq həyata keçirilib. 

“Azərbaycanda böyük avtomobil yollarının tikintisi başa çatmayıb. Kəndlərdə yol, su, kanalizasiya, tibbi xidmətlərə çıxış problemi hələ də qalmaqdadır. Bakının özündə məktəb problemi var. Siniflərdə şagird sıxlığı müşahidə olunur. Hökumət bu problemləri neft bumu dövründə həll edə bilməyib”, - o vurğulayıb. 

Z.İsmayıl ikinci neft bumunun baş verəcəyinə isə inanmır. O düşünür ki, hökumət ümidlərini növbəti bumun baş verəcəyinə bağlamamalıdır. 

“İllər keçir, resurslar tükənir. Çox güman ki, biz bu il və ya növbəti illərdə müşahidə edəcəyik ki, Azərbaycan ticarət kəsiri ilə üz-üzə qalsın. Bunun da səbəbləri odur ki, yanlış iqtisadi siyasət yürüdülür və iqtisadiyyat üzərində dövlətin monopoliyası saxlanılır”, - o əlavə edib. 

III Respublika Platformasının qurucu üzvü, siyasi şərhçi Elman Fəttah sosial media hesabında prezidentin fikrinə münasibət bildirərək yazıb ki, Azərbaycana növbəti neft bumu lazım deyil. 

“Çılpaq şəkildə deməliyik ki, birinci neft bumu yenicə müstəqil olmuş Azərbaycan xalqını Əliyevlərin köləsinə çevirdi. Neft pulları xalqın rifahına yox, Əliyevlər ailəsinin hakimiyyətini möhkəmləndirməyə axdı. Azərbaycan insanı varlı sakin olmaq bir yana, hətta sadə vətəndaş hüquqlarını məhz neft bumu sayəsində itirdi. Neftdən əldə olunan gəlirlər hesabına güclənən rejim bu gücünü xalqı əzməyə sərf etdi və buna nail oldu. Neft bumu Azərbaycanda güclü institutlar yaratmadı, azad iqtisadiyyat qurmadı, cəmiyyətə müstəqil məhkəmə, azad media vermədi, əvəzində bir ailəni hakimi-mütləqə çevirdi, cəmiyyətdə köləlik kültürü yaratdı. Məncə hamımız əminik ki, neft bolluğu Azərbaycan üçün əsl lənət oldu. Əlbəttə, artıq neft tükənir. İkinci neft bumu anonsu da “blef”dən başqa bir şey deyil. Amma yenə də hər ehtimala dua edək ki, Allah bizi Əliyevlər dövründə ikinci neft bumundan qorusun. Belə bir şey həqiqətə çevrilsə, indi təbəəyə çevirdikləri xalqın hər fərdinin kürəyinə rəsmi kölə damğası da vurarlar bunlar. Bizə neft bumu yox, azadlıq, hüquq bumu lazımdır. Bizə rəhbərə itaət edən kütlə yox, insan ləyaqətinin üstün tutulduğu cəmiyyət lazımdır. Bizə xalqı rəiyyətə çevirən yox, xalqa xidməti şərəf bilən hökumətlər lazımdır”, - o qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır

18 Sentyabr 2026
Gələn il Azərbaycanın dövlət büdcəsinə neft-qaz sektorundan daxilolmaların 955 milyon manat azalacağı gözlənilir. Hökumət qeyri-neft-qaz gəlirlərinin artması hesabına büdcənin ümumi gəlirlərində 1,6 faizlik artım proqnozlaşdırır. Maliyyə Nazirliyinin açıqladığı ilkin göstəricilərə əsasən, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat olacaq. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə gəlirlərin 625 milyon, xərclərin isə 696,4 milyon manat artması deməkdir. Neft-qaz sektorundan büdcəyə 15 milyard 480 milyon manat daxil olacağı nəzərdə tutulur. Bu məbləğ cari ilin proqnozundan 5,8 faiz azdır. Bununla belə, büdcə gəlirlərinin 39,5 faizi yenə neft-qaz sektorunun payına düşəcək. Azalma əsasən Dövlət...
İqtisadiyyat

Yeni dövlət proqramı Azərbaycanın ərzaq təhlükəsizliyini təmin edə bilərmi?

16 Sentyabr 2026

president.az

Prezident İlham Əliyev sentyabrın 10-da “Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nı təsdiqləyib. 38 səhifəlik proqramda qeyd olunub ki, "ölkədə qida təhlükəsizliyi sahəsində mühüm nailiyyətlər əldə edilməsinə baxmayaraq, mövcud vəziyyətin təhlili bu sahədə bir sıra çatışmazlıqların olduğunu göstərir." "Belə ki, qida zəncirinin bütün mərhələləri üzrə (tarladan süfrəyədək) izlənilmə mexanizmlərinin tam formalaşmaması, heyvan və bitki sağlamlığına nəzarət sistemlərində bəzi çatışmazlıqlar qida təhlükəsizliyinin təmin edilməsinin əsas problemlərindəndir", - deyə əlavə olunub. Proqramda əsas məqsədlər sırasında milli qida təhlükəsizliyi sisteminin gücləndirilməsi, qida mənşəli xəstəliklərin və təhlükələrin azaldılması və başqa məqsədlər göstərilib. Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli isə “Toplum TV”yə...

Seçilmiş Videolar

Toplum TV loqo