İqtisadiyyat

Prezident Azərbaycanın ət və süd ixrac edəcəyini deyir, əslində vəziyyət necədir?

26 Mart, 2026
599

Foto: president.az

Azərbaycan prezidenti İlham Əliyev martın 23-də Şamaxıda heyvandarlıq kompleksinin açılışında ölkənin ət və süd məhsullarına tələbatından danışıb. 

O iddia edib ki, Azərbaycan hazırda özünün ət və süd məhsullarına tələbatının 100 %-ini olmasa da, böyük hissəsini daxili istehsal hesabına təmin edir:

“Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır. Biz elə etməliyik ki, özümüzü həm ətlə, həm südlə, süd məhsulları ilə 100 faiz təmin edək. Buna yaxınıq, amma hələ ki, buna nail ola bilməmişik. Belə təsərrüfatların fəaliyyətə başlaması bu məqsədi də təmin edəcək və gələcəkdə biz hətta ət və süd məhsullarını ixrac edə də bilərik”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli “Toplum TV”-yə deyir ki, Dövlət Statistika Komitəsi ölkənin ət və süd məhsulları ilə özünü təminat səviyyəsini 88-90 faiz aralığında göstərir.

“Bu ona görədir ki, ölkəyə idxal olunan heyvandarlıq məhsulları ve ölkə daxilində istehsal edilən məhsul toplanır və ümumi istehlak kimi təqdim olunur. Bu, düzgün deyil. Azərbaycan yeganə ölkədir ki, nəinki heyvandarlıq, ümumilikdə ərzaq məhsulları ilə bağlı norma müəyyən etməyib. Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının tərtib etdiyi istehlak norması var və əksər ölkələr bu normaya uyğun olaraq heyvandarlıq məhsulları istehsalının daxili tələbatı təmin etmə normasını müəyyən edirlər. Məsələn, normaya görə, il ərzində adambaşına 78 kiloqram (kq) ət istehlak olunmalıdır. Azərbaycanda isə adambaşına ildə 38 kq ət istehsal edilir. Bu o deməkdir ki, Azərbaycan beynəlxalq norma üzrə ətə tələbatının yalnız 48,7 %-ini daxili istehsal hesabına təmin edir. Süd məhsullarına tələbatın isə 55 %-ini təmin edə bilir”, - o bildirib. 

Ekspertin sözlərinə görə, əgər prezident Azərbaycanın ət və südə tələbatının tamamilə daxili istehsal hesabına ödənməsini istəyirsə, ət və süd istehsalı iki dəfə, yem istehsalı isə dörd dəfə artırılmalıdır. 

Əliyevin idxalın azaldığını deməsinə baxmayaraq, Azərbaycan son illərdə ət idxalını artırıb. Ötən il Monqolustan və Somali kimi ölkələrdən ət idxal olunması xəbəri sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu. 

2020-ci ildə Azərbaycan xaricdən 78.6 milyon manat dəyərində ət idxal etmişdisə, ötən il bu rəqəm 117 milyonu keçib. Süd idxalı da son 5 ildə iki dəfə artıb. 

Rəsmi statistika həm də 2019–2025-ci illərdə Azərbaycanda iribuynuzlu mal-qaranın sayının 9,2 % (təxminən 200 min baş), xırdabuynuzlu heyvanların isə 18 % (1,6 milyon baş) azaldığını göstərir. 

İdxal olunan iribuynuzlu heyvanların sayı 2024-cü illə müqayisədə 2,1 dəfə artaraq 115,3 min başa çatıb. Buna, ümumilikdə, 91 milyon dollardan çox vəsait xərclənib. 2025-ci ildə diri qoyun idxalı isə təxminən 70 % artaraq 307 min başa yüksəlib və buna 33 milyon dollar sərf olunub.

V.Məhərrəmli deyir ki, idxal olunan diri heyvanların böyük hissəsi dərhal kəsimə aparılır və onların da əti daxili istehsal kimi təqdim olunur. 

“Damazlıq adı ilə gətirilən cins mal-qara isə Avropa ölkələrində damazlıq hesab olunmur. Bəzi işbazlar onları Avropada ucuz qiymətə alıb, gətirib, burada kəndlilərə baha qiymətə satır. Həmin ödənişin də 60%-ini dövlət ödəyir. Bu mal-qaranın südvermə məhsuldarlığı az olur və yüksək standarta cavab vermir”, - o əlavə edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Kartdan karta köçürmələrə limit nəyi dəyişəcək?

7 Avqust 2026

Toplum TV

Azərbaycanda avqustun 1-dən kart əməliyyatlarına məhdudiyyət tətbiq olunur.  Azərbaycan Banklar Assosiasiyasının (ABA) yaydığı məlumata görə, bank xidmətləri istifadəçiləri kartdan karta əməliyyatı ilə gündəlik ən çox 5 dəfə öz kartlarına köçürmə qəbul edə bilər. Aylıq ümumi köçürmə məbləği isə 20 min manatı keçməməlidir. Məxaric əməliyyatlarına isə hələlik məhdudiyyət qoyulmadığı bildirilir.  ABA prezidenti Zakir Nuriyev “AzTV”-yə müsahibəsində deyib ki, limit bütün kart köçürmələrinə şamil olunmayacaq. "Söhbət şəxsi köçürmə kanalı ilə biznes məqsədi üçün, uçotdan kənar dövriyyə üçün aparılan, şübhəli və ya dələduzluq xarakterli əməliyyatlardan gedir. Sağlam xarakterli normal köçürmələrə hər hansı limit olmayıb və olmayacaq", - o qeyd edib. Z.Nuriyev “sağlam xarakterli”...
İqtisadiyyat

Ekspert: “Azərbaycanda demək olar ki, hər ailədə ən azı bir nəfərin kredit borcu var”

4 Avqust 2026

Açıq mənbə

Azərbaycanda əhalinin banklara olan kredit borcu 19,1 milyard manata çatıb. Bu məbləğin təxminən 9,4 milyard manatını istehlak kreditləri təşkil edir. Bu isə əhalinin banklara olan ümumi borcunun təxminən yarısının istehlak kreditlərindən ibarət olduğunu göstərir. Müqayisə üçün qeyd etməyə dəyər ki, 2024-cü ildə istehlak kreditlərinin həcmi 8,445 milyard manat, 2025-ci ildə isə 9,354 milyard manat olub. Bu göstəricilər istehlak kreditlərinin artan tendensiyada olduğunu göstərir. İstehlak kreditlərinin həcminin artması əhalinin kreditlərə daha çox müraciət etməsinin səbəbləri ilə bağlı suallar yaradır. İnsanlar kreditləri əsasən hansı ehtiyaclarını qarşılamaq üçün götürür və bu borclanmanın artmasına nə təsir edir? Mövzu ilə bağlı “Toplum TV”-yə danışan iqtisadçı...

Seçilmiş Videolar

Toplum TV loqo