İqtisadiyyat

Rəşad Həsənov: "Özəl sektora dəyən zərərin heç ¼-i qədər də dəstək göstərilmədi"

14 Aprel, 2021
3239

BFC

"Özəl sektora dəyən zərərin heç ¼-i qədər də dəstək göstərilmədi". 

İqtisadçı Rəşad Həsənov "Toplum TV"-yə açıqlamasında belə deyib. 

Milli Məclisin aprelin 13-də keçirilən plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, mühasibat uçotunun aparılmasında ixtisaslaşmış kadrların çatışmazlığı, səriştəli kadrların isə özəl sektora axını müşahidə olunub. 

İqtisadçı Vüsalə Əhmədova isə əhalinin çalışmaq üçün özəl sektora axın etməsi fikri ilə razı olmadığını söyləyir. 

"Prezidentin 18 iyun 2019-cu il tarixli sərəncamına əsasən, dövlət sektorunda çalışanların, yəni 600 min nəfərin əməkhaqqı 20-50% artırıldı. Ölkədə ən yüksək məvacib verən sahə neft-qaz-mədən sektorudur. Bu sektorda çalışanların maaşı 1500-4500 manat civarındadır. İkinci yerdə bank və maliyyə sektoru gəlir ki, burada çalışanların da maaşları 1400-1600 manat arasındadır. Ancaq ölkə əhalisinin əksəriyyətinin, yəni özəl sektorda çalışanların maaşları cəmi 300-400 manat təşkil edir. Səhiyyə, kənd təsərrüfatı, peşə, elmi-texniki, sosial sahələr üzrə dövlət sektorunda maaşlar isə 400-600 manatdır".

Vüsalə Əhmədova - Sosial Media

V.Əhmədova maaşlar arasındakı kəskin uçuruma diqqət çəkir: "Məsələn, nəzarət-səhm paketi dövlətə məxsus olan banklarda rəhbər işçilərin aylıq məvacibləri 20-50 min manat arasındadır. Enerji sektorunda çalışanlara rəsmi maaşdan əlavə pul verildiyi də məlumdur. Yəni belə bir şəraitdə əhlinin özəl sektora meyl etməsi nə dərəcədə inandırıcıdır?"

İqtisadçı Rəşad Həsənov isə deyir ki, Vüqar Gülməmmədovun fikirlərini qısamüddətli dövr üçün qiymətləndirmək lazım deyil: "Bu, daha geniş vaxt kəsiyində baş verən posesdir. İnkişaf etmiş ölkələrdə mütəxəssislər özlərini özəl sektorda sınamağa üstünlük verirlər. Ona görə ki, bu sektorda həm yüksəlmə, həm də gəlir əldəetmə imkanları daha genişdir. Azərbaycanın özəl sektorunda bunun əksi idi - sabit gəlir mənbəyi, rüşvət və korrupsiyanın geniş yayılması, biznesdə məmur olma faktorlarına görə insanlar dövlət sektoruna güvənirdilər". 

İqtisadçının fikrincə, özəl sektorda inkişaf səviyyəsinin aşağı olması, ayrı-ayrı sahələrin zəif inkişaf etməsi, peşəkar kadrlara layiqli qiymət verilməməsi də vətəndaşların dövlət sektoruna - daha dayanıqlı və sabit gəlirlərə üstünlük verməsini şərtləndirirdi: "Amma vəziyyət getdikcə dəyişir. Məsələn, xaricdə təhsil alan gənclərin özəl sektora marağı güclənir. Özəl sektorda rəqabətli mühitin formalaşması, 2015-ci ildən sonra böyük neft gəlirləri fonunda formalaşan biznes piramidasının dağılması və daha bacarıqlı kadrlara ehtiyac yaranması bu sektorun inkişafına səbəb olur". 

V.Əhmədova özəl sektoru seçənlərin sayındakı artımın səbəbini sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin ayrılması ilə izah edir: "Məlum olduğu kimi, COVID-19 pandemiyasının iqtisadi zərərlərini minimuma endirmək üçün, pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan muzdlu işçilərin əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin veriləcəyi bildirildi. Proqramda sahibkarlar üçün iki istiqamətdə dəstək nəzərdə tutulurdu, həm fərdi sahibkarların özləri üçün, həm də işçilərinin əmək haqlarını ödəmələri üçün. Faktiki fəaliyyətini dayandırmış çox sayda fərdi sahibkar oldu ki, dəstəkdən faydalanmaq üçün son aylarda fəaliyyətlərini aktivləşdirdilər. Eyni zamanda, yardımdan yararlanmaq üçün işçilərin sayını süni surətdə artıranlar da oldu". 

Rəşad Həsənov - Sosial Media

Rəşad Həsənov bu fikirlə razılşamır, deyir ki, hökumət sahibkarlara lazımi səviyyədə yardım etmədi: "Özəl sektora pandemiya dövründə dəyən zərərin heç ¼-i qədər də dəstək göstərilməyib. Müəssisələrin böyük əksəriyyəti sıradan çıxmaq üzrədir. Real nəticələrə baxın, orta aylıq əməkhaqqında azalma gedir. Əmək bazarında rəqabət, işsizlik kəskin artıb". 

İqtisadçının sözlərinə görə, əslində, Vüqar Gülməmmədovun dediyinin əksi baş verib, insanlar daha çox dövlət sektoruna yönəlib: "Özəl sektor işçilərin maaşını azaltdı, iş yerlərini ixtisar etdi, amma dövlət sektoru bu istiqamətdə daha sabit idi. İş yerləri bağlansa da, işçilərin əmək haqqları ödəndi. 

Bu məsələdə narahatedici məqam insan kapitalının, düşünən beyinlərin ölkədən axını məsələsidir. Bu daha ciddi prosesdir və sürətlə baş verir. Bu istiqamətdə dövlət konkret tədbirlər görməlidir. Postpandemiya dövründə beyin axını gələcək inkişaf üçün ciddi risklər yaradır. İndi ölkələr resursları ilə deyil, insan kapitalı ilə müqayisə olunurlar. İnsan resursları güclü olan ölkələrdə daimi dayanıqlı inkişafı təmin etmək olur".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Yeni dövlət proqramı Azərbaycanın ərzaq təhlükəsizliyini təmin edə bilərmi?

16 Sentyabr 2026

president.az

Prezident İlham Əliyev sentyabrın 10-da “Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nı təsdiqləyib. 38 səhifəlik proqramda qeyd olunub ki, "ölkədə qida təhlükəsizliyi sahəsində mühüm nailiyyətlər əldə edilməsinə baxmayaraq, mövcud vəziyyətin təhlili bu sahədə bir sıra çatışmazlıqların olduğunu göstərir." "Belə ki, qida zəncirinin bütün mərhələləri üzrə (tarladan süfrəyədək) izlənilmə mexanizmlərinin tam formalaşmaması, heyvan və bitki sağlamlığına nəzarət sistemlərində bəzi çatışmazlıqlar qida təhlükəsizliyinin təmin edilməsinin əsas problemlərindəndir", - deyə əlavə olunub. Proqramda əsas məqsədlər sırasında milli qida təhlükəsizliyi sisteminin gücləndirilməsi, qida mənşəli xəstəliklərin və təhlükələrin azaldılması və başqa məqsədlər göstərilib. Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli isə “Toplum TV”yə...
İqtisadiyyat

DGK: Azərbaycan bu il 9 milyard dollarlıq neft ixrac edib

15 Sentyabr 2026

azərtac

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 10-dan çox ölkəyə ümumilikdə 9,28 milyard dollar dəyərində 14,68 milyon ton neft ixrac edib. Ən çox neft satılan ölkə İtaliya olub. Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu dövrdə İtaliyaya 5,23 milyard dollarlıq 8,47 milyon ton neft ixrac olunub. İxracın həm dəyərinə, həm də həcminə görə ikinci yerdə Çexiya, üçüncü yerdə Rumıniya qərarlaşıb. Çexiyaya 712,8 milyon dollarlıq 1,06 milyon ton, Rumıniyaya isə 581,7 milyon dollarlıq 924,9 min ton neft satılıb. İlk üçlükdən sonra Hindistan gəlir. Yanvar-avqust aylarında bu ölkəyə 399,2 milyon dollarlıq neft ixrac olunub. Sonrakı yerlərdə Tunis (266,3 milyon dollar), Almaniya (262,3 milyon dollar), Bolqarıstan...

Seçilmiş Videolar

Toplum TV loqo