Manşet

Azərbaycanda hüququn ölümü...

3 Dekabr, 2025
99

Foto/kollaj: Toplum TV

“Qanunların qalxanı arxasında və ədalət adı altında edilən zülmdən daha ağır zülm yoxdur...” (Monteskyö) 

“Məhkəmə var burada? Qərar əvvəldən verilib, indi şou gedir...”

Bu sitat “Toplum TV işi” üzrə məhkəmə prosesində III Respublika platformasının qurucularından olan Ruslan İzzətlinin hakimə ünvanlanmış replikasıdır. Əslində, Ruslan İzzətlinin sözlərində qeyri-adi nəsə yoxdur, o, hər kəsin bildiyi həqiqəti dilə gətirib. Məhkəmənin tamamilə formal proses olduğu, cinayət işinin siyasi motiv daşıdığı və hakim heyətinin ən sonda yuxarıdan gələn təlimata uyğun hökm çıxaracağı hamıya aydındır. 

Amma gündəlik informasiya axınının təsirindən bir qədər uzaqlaşaraq çoxdan bilinən bu acı həqiqətin üzərində dərin düşüncələrə dalanda əslində nə qədər ağır mərhələdən keçdiyimizin fərqinə varırıq. 

Tunelin ucunda hələ ki, işıq görünmür, hər hansı yumşalma əlamətləri hiss edilmir, əksinə, repressiya maşınının çarxları fırlanmağa davam edir. Cəmiyyət hələ ki bu maşını dayandıracaq gücdə deyil. Müxalif mövqe ortaya qoyan hər kəsə növbə çata bilər. 

Azərbaycanda insan hüquqları sahəsində yaranmış vəziyyət artıq problem olmaqdan çıxaraq humanitar fəlakət halını alıb. Müxalif siyasətçi, ictimai fəal və jurnalistlər haqqında həbs qətimkan tədbirləri tərəddüdsüz, çox asanlıqla seçilir, cəzalandırma hələ hökm olmadan, istintaq zamanı başlayır. Hüquqsuzluq adi, gündəlik həyat normasına çevrilib. 

Hazırda Azərbaycanda vətəndaş yoxdur, hüquqsuz təbəə var. Konstitusiyasının əsas insan (vətəndaş) hüquqları və azadlıqlarından bəhs edən İkinci Bölmə, III Fəsli praktiki olaraq qüvvədə deyil və acı gülüş doğurur. Ölkədə konstitusion düzən faktiki olaraq aradan qaldırılıb, Əsas Qanunda yazılmış hüquqların real həyatda tətbiqini tələb edənlərin aqibəti xoş olmur. 

Siyasi motivlə həbs olunan günahsızlar məhkəmə proseslərində öz məsumiyyətlərini isbat etmək məcburiyyətində qalıblar. Amma onların, eləcə də vəkillərin söylədiklərinin hakimlər üçün heç bir əhəmiyyəti yoxdur. Vəkillərin ən mükəmməl müdafiə performansı sərgiləməsi də mənasız və nəticəsizdir. Çünki məhkəmə prosesi teatr və məzhəkədir. 

Bu ölkədə hakimlərin, prokurorların, müstəntiqlərin necə işlədiyi, qanuni gəlirləri ilə hətta on illər boyu əldə edə bilməyəcəkləri sərvətə hansı yolla sahib olduqları da hər kəsə məlum, adiləşmiş həqiqətlərdən biridir. Amma mühakimə olunmalı əməllərin sahibləri başqalarını mühakimə edir.

Bu “qanun keşikçiləri” məhkəmə proseslərində kreslolarına yayxanıb, şüşə arxasına salınmış, həyatı boyu rüşvət almamış, dövlətin büdcəsinə əl uzatmamış, xalqın 1 qara qəpiyinə belə göz dikməmiş təmiz insanları qanunları pozmaqda ittiham edirlər. Sonda isə vicdanları sızlamadan ədalətsiz, haqsız, qanunsuz hökmü oxuyub, arxalarına baxmadan gedirlər. Hökm adlanan o kağız parçası günahsız insanları övladlarından, yaxınlarından, dostlarından, iş-gücündən ayırır, həyatlarını alt-üst edir, ailələri gözüyaşlı qoyur. Bu dəhşətli ədalətsizlik təkcə fərdi baxımdan həmin şəxslərin və ailələrin yox, bütövlükdə cəmiyyətin faciəsidir.

Qədim Roma filosofu və din adamı Avreli Avqustin (Aurelius Augustinus) “ədalət olmayınca dövlət böyük bir qruplaşmadan başqa nədir ki?” demişdi. Bu sözlərin hikmətini bu gün öz həyatımızda hiss edirik. 

Dövlətin təməl missiyası vətəndaşlara xidmət etməli olduğu halda, Azərbaycanda dövlət qorxunc bir zorakılıq aparatına çevrilib. “Azərbaycan vətəndaşları” adlanan icma dövlətin yalnız zorakı üzünü görür. Dövlət gücünü əlində cəmləşdirənlər həqiqətən bir qruplaşma kimi hərəkət edir. 

Həyatda hər şeyin bir sonu olduğu kimi, hazırkı mərhələnin də nə vaxtsa sonu yetişəcək. Amma o zamana qədər ölkəyə, onun gələcəyinə, topluma, insanlara vurulan zərbələrin təsiri yəqin ki, çox uzun müddət davam edəcək...


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

MBH: "Bir aydan çox aclıq edən inanclı fəal huşunu itirib, digəri 'kars'a salınıb" 

12 Dekabr 2025

İllustrasiya: Toplum TV

Həbsdə olan inanclı fəal, noyabrın 9-dan azadlığa buraxılması üçün aclıq edən Nigar Bağırovanın səhhətinin daha da pisləşdiyi bildirilir.  Bu barədə Müsəlman Birliyi Hərəkatı bəyanat yayıb.  Bəyanatda deyilir ki, N.Bağırova təcridxanada huşunu itirib və başı yerə dəyərək zədələnib.  "Hadisədən sonra həbsxana əməkdaşları Şərqiyə Sadıqova və Aytən İbrahimovanın kamerasının qapısını açaraq onlara belə deyiblər: “Gəlin, Nigarı sürüyüb çıxarın.” Bu ifadə həm insani, həm də hüquqi baxımdan ciddi narahatlıq doğurur. Məsələyə dair şikayətlər cavabsız qalır", - deyə qeyd olunub.  MBH-nin məlumatına əsasən, N.Bağırova aclıq aksiyasını davam etdirdiyi üçün həbsxana rəhbərliyinin təzyiq və hədə-qorxuları ilə üzləşir.  MBH digər inanclı fəal Tərlan Sayadovun isə saxlanıldığı...
Manşet

AXCP İmişli şöbəsinin fəalı saxlanılıb, evində axtarış aparılıb

12 Dekabr 2025

Foto: açıq mənbə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İmişli rayon şöbəsinin fəalı Vüqar Qədirlinin saxlanıldığı bildirilir.  Bu barədə "Azadlıq Qəzeti” məlumat yayıb.  Xəbərdə bildirilir ki, V.Qədirli dekabrın 12-i səhər saatlarında saxlanılıb və İmişli rayonunda işlədiyi kafedə və sonra evində polis və mülki geyimlilər tərəfindən axtarış aparılıb.  Onun hazırda harada və hansı ittihamlarla saxlandığı məlum deyil.  Hazırda AXCP-nin sədri Əli Kərimli də daxil olmaqla 18 üzvü həbsdədir.  Dekabrın 1-də Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.  Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Eyni gündə...

Seçilmiş Videolar

Toplum TV loqo