Manşet

Əli Kərimli niyə həbs edildi?

1 Dekabr, 2025
208

Foto: açıq mənbə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsi Azərbaycanda bir mərhələnin tamamilə qapanması baxımından simvolik hadisədir.
Hansı mərhələnin?

Söhbət çox minimal səviyyədə bəzi hüquq və azadlıqların hələ mövcud olduğu, həddən artıq zəifləsə də müxalifət, azad media və müstəqil vətəndaş cəmiyyəti kimi demokratik institutların öz mövcudiyyətini davam etdirə bildiyi dönəmdən gedir. Bu dönəm artıq geridə qaldı.

Azərbaycanda institusional müxalifətin tabutuna vurulan son mismar

Gerçək müxalifət onsuz da illərlə davam edən ardıcıl basqılar nəticəsində resurslarını və proseslərə təsir gücünü itirmişdi. Əli Kərimlinin siyasi aktivliyi internet TV-lərdə çıxışlar və sosial media paylaşımlarından uzağa getmirdi. Lakin hakimiyyət buna belə dözüm göstərmədi. AXCP liderinin həbsi Azərbaycanda institusional müxalifətin tabutuna vurulan son mismar oldu.

Bəs Əli Kərimli hakimiyyətə hər hansı təhdid yaratmırdısa, onun həbsi hansı ehtiyacdan irəli gəlir?

Əvvəla, bu, 2 il əvvəl başlayan və “Abzas Media”, “Toplum TV”, “Meydan TV” kimi müstəqil media qurumlarının ölkə daxilində fəaliyyətinin dayandırılması, əməkdaşlarının həbsi, daha sonra bir sıra siyasətçi və ictimai fəalların da saxlanması ilə nəticələnən böyük repressiya dalğasının məntiqi davamıdır.

Mühacirətdəki blogerlərə, aktivistlərə qədər uzanan repressiyadan ölkə daxilindəki əsas müxalif simanın kənarda qalması mümkün deyildi. Digər tərəfdən, müxalif təşkilat və onun lideri hazırda rejim üçün təhlükəli deyilsə, bu, o demək deyil ki, hər zaman belə olacaq.

Azərbaycan orta və uzunmüddətli perspektivdə rejimin daxili sosial sabitliyi qorumaqda çətinlik çəkəcəyi turbulent bir mərhələyə qədəm qoyub. İqtisadi tərəqqi ehtimalı yoxdur, tam əksinə, tənəzzül və deqradasiya gözlənilir. Hətta Orta Şərqdəki müharibə (İran–İsrail) neftin ciddi bahalaşmasına səbəb olmadısa, bundan sonra hansı faktor enerji bazarında qiymətləri qaldıra bilər ki?

Bazarda neft bolluğu var, ölkələrin hasilatı artırma potensialı da yüksəkdir. Tələbat isə artmır, yaxud çox az artır. Qlobal ticarətdə özünəqapanma, proteksionizm tədbirlərinin prioritet olduğu dövrdəyik. Beynəlxalq iqtisadi inteqrasiya dövrünün qayıdacağını və böyümə templərinin yüksələcəyini gözləmək əbəsdir. Bütün bunlar enerji xammalına tələbatı azaldır.

Üstəlik, ABŞ yaxın vaxtlarda Venesuela probleminin həllinə nail olaraq orada özünə yaxın idarəçilik qura bilsə, dünyada ən zəngin neft ehtiyatlarına malik bu ölkə bazara xeyli əlavə neft çıxaracaq. Bu baş verərsə, enerji bazarında qiymətlər daha da ucuzlaşacaq. (Qiymətin hətta indiki səviyyədə qalması da Azərbaycan üçün diskomfortdur.)

Bir sözlə, gözlənilən sunami Azərbaycanın büdcə gəlirlərini daha da azaldacaq. Üstəlik, ölkədə hasilatın geriləməsi problemi də var. Bütün bunlar yoxsulluğun daha da dərinləşməsini, ölkə iqtisadiyyatının stresə girməsini şərtləndirir. İqtisadiyyatla birlikdə siyasi iqtidar da stresə girir və özü ilə iqtisadi çöküş gətirən sunami dalğasının mənfi təsirlərini daxildəki repressiya dalğası ilə neytrallaşdırmağa çalışır.

Lakin toplumda neqativ enerjinin yığılması da riskdir

Cəmiyyətdə tədricən narazılıq artır, bu isə öz növbəsində loyallığı azaldır. Bu narazılıq etiraz aksiyaları ilə müşayiət olunmaya bilər. Repressiv aparat və onun yaratdığı qorxu mühiti hələ ki, küçə aksiyalarını mümkünsüz edir. Lakin toplumda neqativ enerjinin yığılması da riskdir.

Alt qatlarda yığılan bu enerjinin nə vaxtsa üzə çıxıb sosial partlayışa səbəb olmayacağına kimsə təminat verə bilməz. Necə deyərlər, “ac qılınca çapar”. Həmin an yetişəndə narazı kütlələri öz ətrafına toplayıb onları yönləndirə biləcək müxalif mərkəzin və liderin önə çıxması mümkün ola bilər. Hakimiyyət bu ehtimalı düşünərək indidən profilaktik tədbirlər görür.

Kiçik dövlətlər çətin sınaqlar qarşısında qalacaq

Xarici siyasətdə də hər şey rəvan getmir, risklər var. Rusiya–Ukrayna sülh prosesində baş verənlər Azərbaycana başağrısı yarada bilər. Görünən budur ki, Tramp administrasiyası Putin rejimi ilə separat razılaşmalar əldə edərək Ukraynanı əlverişsiz şərtlərlə sülhə məcbur edir. Rusiya Ukraynada istədiklərinə nail olarsa, nəzərlərini postsovet məkanının digər məntəqələrinə yönəldəcək. Moskva Cənubi Qafqazda öz mövqelərini yenidən gücləndirməyə cəhd edərsə, onu kim dayandıracaq? Trampın dünyagörüşü güclünün haqlı sayıldığı fəlsəfəyə əsaslanır.

O, hesab edir ki, Rusiya böyük və güclü dövlət olduğu üçün Ukrayna məsələsi məhz onun maraqlarına uyğun şəkildə həllini tapmalıdır. Beynəlxalq hüququn ayaqlar altına atıldığı və meşə qanunlarının hökmran olduğu bir dünya düzəni formalaşır ki, belə vəziyyətdə kiçik dövlətlər çətin sınaqlar qarşısında qalacaq.

Əlbəttə, Azərbaycan hakimiyyəti Putin Rusiyası ilə normal münasibətlər qurmaq təcrübəsinə malikdir. Lakin bu, zənn edildiyi qədər asan olmur və görünən, görünməyən çoxlu güzəştlərin hesabına başa gəlir. Üstəlik, son bir ildə münasibətlərdə yaranan gərginliklər şübhəsiz ki, Moskvada Azərbaycan hakimiyyəti ilə bağlı məmnunluğu artırmayıb. Bəzi rusiyalı jurnalist və blogerlərdən “Qarabağ məsələsi hələ bitməyib” şəklində replikalar da eşidilir. Bütün bunlar Bakıda narahatlıq yaradaraq onun özünüqoruma instinkti ilə hərəkət etməsinə səbəb olur. Əli Kərimlinin həbsi də bu instinktin nəticəsidir.

Azərbaycan qeyri-müəyyənliklərlə dolu, qaranlıq bir mərhələyə daxil olub…


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

MBH: "Bir aydan çox aclıq edən inanclı fəal huşunu itirib, digəri 'kars'a salınıb" 

12 Dekabr 2025

İllustrasiya: Toplum TV

Həbsdə olan inanclı fəal, noyabrın 9-dan azadlığa buraxılması üçün aclıq edən Nigar Bağırovanın səhhətinin daha da pisləşdiyi bildirilir.  Bu barədə Müsəlman Birliyi Hərəkatı bəyanat yayıb.  Bəyanatda deyilir ki, N.Bağırova təcridxanada huşunu itirib və başı yerə dəyərək zədələnib.  "Hadisədən sonra həbsxana əməkdaşları Şərqiyə Sadıqova və Aytən İbrahimovanın kamerasının qapısını açaraq onlara belə deyiblər: “Gəlin, Nigarı sürüyüb çıxarın.” Bu ifadə həm insani, həm də hüquqi baxımdan ciddi narahatlıq doğurur. Məsələyə dair şikayətlər cavabsız qalır", - deyə qeyd olunub.  MBH-nin məlumatına əsasən, N.Bağırova aclıq aksiyasını davam etdirdiyi üçün həbsxana rəhbərliyinin təzyiq və hədə-qorxuları ilə üzləşir.  MBH digər inanclı fəal Tərlan Sayadovun isə saxlanıldığı...
Manşet

AXCP İmişli şöbəsinin fəalı saxlanılıb, evində axtarış aparılıb

12 Dekabr 2025

Foto: açıq mənbə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İmişli rayon şöbəsinin fəalı Vüqar Qədirlinin saxlanıldığı bildirilir.  Bu barədə "Azadlıq Qəzeti” məlumat yayıb.  Xəbərdə bildirilir ki, V.Qədirli dekabrın 12-i səhər saatlarında saxlanılıb və İmişli rayonunda işlədiyi kafedə və sonra evində polis və mülki geyimlilər tərəfindən axtarış aparılıb.  Onun hazırda harada və hansı ittihamlarla saxlandığı məlum deyil.  Hazırda AXCP-nin sədri Əli Kərimli də daxil olmaqla 18 üzvü həbsdədir.  Dekabrın 1-də Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.  Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Eyni gündə...

Seçilmiş Videolar

Toplum TV loqo