Manşet

"Abzas"çılar: ‘Dövlətdən 200 milyon manat alan Penitensiar Xidmət 10 manatlıq duş naqilini məhkuma aldırır’

21 Noyabr, 2025
120

Foto: açıq mənbə

"Abzas Media"nın həbsdə olan jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova saxlanıldıqları Lənkəran Penitensiar Kompleksindəki şəraitlə bağlı məktub yazıblar. 

"Abzas Media"nın ictimailəşdirdiyi məktubu olduğu kimi təqdim edirik. 

"Hazırlaşın, Lənkərana gedirsiniz” xəbərini Bakıda 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan qadınlardan bəziləri yemək bişirərkən, bəziləri paltar asarkən, bəziləri də hamamda yuyunarkən alıb. Qəfil xəbərdən təəccüblənən qadınların baxışlarındakı suallar çəkilmədən yır-yığış etmələri tələb olunub. 

Sentyabrın 3-də onları elə tələm-tələsik müəssisədən çıxarıblar ki, əşyalarının hamısını yığmağa macal tapmayıblar. 10 nəfər qadın Lənkərana çatdırılandan 2 gün sonra əşyaları yoxlanılıb onlara təhvil verilib. O müddətdə tozlu otaqlarda çirkli paltarlarla yatmalı olublar.

Həmin vaxta qədər Lənkəranda qadınlar üçün cəzaçəkmə müəssisəsi yox idi. Bu ilin avqustunda 4 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Elgiz İsmayılov cənub bölgəsində qeydiyyatda olan qadınları çağırıb Lənkəran Penitensiar Kompleksinə getmək istəyib-istəmədiklərini soruşub. Razılıq verən yüzdən çox məhkumun içərisindən 10 nəfər seçilib və onlara sentyabrın 3-də getmək istədikləri ilə bağlı ərizə yazdırılıb. Amma qadınlara nə vaxt köçürüləcəkləri barədə məlumat verilməyib. Ərizədən 1 saat keçməmiş onları Lənkərana göndəriblər.

Qaçaraq yola salınanda yeni kompleksi xeyli tərifləyiblər ki, gedib orada rahatlıq, iş-güc tapacaqsınız. Amma kompleksə çatan kimi qadınlar qollarına güc verib yerləşdirildikləri bir mərtəbəli cərimə təcridxanasını hörümçəklərdən, toz-torpaqdan, zibillərdən təmizləməli olublar. Təmizlik bir həftə çəkib. Bura gətirilən qadınların yarısı Bakıdakı cəzaçəkmə müəssisəsində çalışıb maaş alıblar. Lənkərana gətiriləndən sonra onlardan 5 nəfərin adı yenə işçi məhkumların siyahısındadır. 

Hər ay kompleksin əməkdaşı gəlib maaş cədvəlinə qol çəkdirir, amma onlara maaş vermir. Məhkumların mağazadakı hesablarına cəmi 10 manat yatırıb gedir. Əslində adlarına 400 manat minimum əməkhaqqı yazılır. Pulun qalanını nə vaxt alacaqlarını soruşanda kompleksin əməkdaşı məhkumlara bir cavab verir: “İnşallah olacaq”.

“İnşallah olacaq” vədini burada kompleksin rəisi Babək İsgəndərovdan tutmuş qadın korpusunun rəisi Zamin Əliyevə qədər eşitmək olur. Məsələn, qanunla yaradılmalı olan istehsalat yerlərinin, peşə məktəblərinin nə vaxt açılacağını soruşanda rütbəlilər deyir: “İnşallah olacaq”.

Korpusda həkim otağının, növbətçi həkimin, zəruri dərmanların, müalicə aparatlarının, ixtisaslı həkimlərin, psixoloqun nə vaxt olacağını soruşanda da eyni cavabı verirlər: “Səbirli olun. İnşallah olacaq”. Ardınca soruşanda ki, bəs kitabla təchiz olunmuş kitabxana, kompüter, telefon, kino, görüntülü danışıq üçün otaq, idman zalı nə vaxt olacaq, yenə “İnşallah”la başlayan cümlə qurulur. Burada dövlətin məsuliyyətini Allahın öhdəsinə buraxırlar. Geriyə daş divardan başqa heç nəyi olmayan, o da rütubətdən hər gün ovulub tökülən tikili qalır.

Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov da kompleksin təminatı ilə bağlı məsələləri Allahın ümidinə buraxıb. İki aydır bura köçürülən qadınlara ancaq diş pastası, diş fırçası, sabun, gigiyenik ped verilib. Gündəlik verilən yeməklərin əksəriyyətini qadınlar qazanlardan zibil yeşiyinə boşaldırlar. Məhkumlar rəis müavinlərinə yemək üçün istifadə olunan ərzaqların onlara çiy halda verilməsini təklif etsələr də, heç biri bununla razılaşmayıb. Əvəzində göndərilən dadsız, keyfiyyətsiz yeməklər davamlı olaraq zibilliyə atılır.

Tez-tez xarab olub atılan həm də hamam avadanlıqlarıdır. Keyfiyyətsiz duş naqilləri xarab olduqca bunu məhkumlara aldırırlar. Sonuncu dəfə hamamda yuyunan qadını müəyyənləşdirib pulu ondan istəyirlər. Kompleksin əməkdaşlarından soruşanda da deyirlər ki, “Neyləyək, Penitensiar Xidmət avadanlıq vermir”. Necə olur ki, dövlət büdcəsindən illik təxminən 200 milyon manat vəsait alan Penitensiar Xidmət 10 manatlıq duş naqilini almaq üçün məhkumun cibinə göz dikir? Bəs dövlət büdcəsindən inventar üçün ayrılan vəsaiti kim mənimsəyir? Cəmi 12 qadın məhkumu olan kompleks onların qanunla müəyyən olunmuş qida, geyim, yataq, gigiyenik, təmizlik vasitələrini verməkdə niyə çətinlik çəkir?

Qadınların kompleksə köçürülməyindən 2 aya yaxın vaxt keçir. Bakıda onlara baş çəkən Penitensiar Xidmətin əməkdaşı Lamiyə adlı şəxs qadınlara söz verib ki, Lənkərana köçürüləndən bir ay sonra gəlib onlarla görüşəcək, şəraitləri ilə maraqlanacaq. Qadınlar Penitensiar Xidmət rəhbərliyinin onlara nə vaxt baş çəkəcəyini soruşanda bir söz eşidirlər: “İnşallah”... Amma söz burada qırılır, ardınca “gələcək” deyilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

MBH: "Bir aydan çox aclıq edən inanclı fəal huşunu itirib, digəri 'kars'a salınıb" 

12 Dekabr 2025

İllustrasiya: Toplum TV

Həbsdə olan inanclı fəal, noyabrın 9-dan azadlığa buraxılması üçün aclıq edən Nigar Bağırovanın səhhətinin daha da pisləşdiyi bildirilir.  Bu barədə Müsəlman Birliyi Hərəkatı bəyanat yayıb.  Bəyanatda deyilir ki, N.Bağırova təcridxanada huşunu itirib və başı yerə dəyərək zədələnib.  "Hadisədən sonra həbsxana əməkdaşları Şərqiyə Sadıqova və Aytən İbrahimovanın kamerasının qapısını açaraq onlara belə deyiblər: “Gəlin, Nigarı sürüyüb çıxarın.” Bu ifadə həm insani, həm də hüquqi baxımdan ciddi narahatlıq doğurur. Məsələyə dair şikayətlər cavabsız qalır", - deyə qeyd olunub.  MBH-nin məlumatına əsasən, N.Bağırova aclıq aksiyasını davam etdirdiyi üçün həbsxana rəhbərliyinin təzyiq və hədə-qorxuları ilə üzləşir.  MBH digər inanclı fəal Tərlan Sayadovun isə saxlanıldığı...
Manşet

AXCP İmişli şöbəsinin fəalı saxlanılıb, evində axtarış aparılıb

12 Dekabr 2025

Foto: açıq mənbə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İmişli rayon şöbəsinin fəalı Vüqar Qədirlinin saxlanıldığı bildirilir.  Bu barədə "Azadlıq Qəzeti” məlumat yayıb.  Xəbərdə bildirilir ki, V.Qədirli dekabrın 12-i səhər saatlarında saxlanılıb və İmişli rayonunda işlədiyi kafedə və sonra evində polis və mülki geyimlilər tərəfindən axtarış aparılıb.  Onun hazırda harada və hansı ittihamlarla saxlandığı məlum deyil.  Hazırda AXCP-nin sədri Əli Kərimli də daxil olmaqla 18 üzvü həbsdədir.  Dekabrın 1-də Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.  Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Eyni gündə...

Seçilmiş Videolar

Toplum TV loqo