Manşet

Rusiya AZAL qəzasına görə sığorta ödədiyini deyir

5 Sentyabr, 2025
208

Foto: TASS

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ötən ilin dekabrın 25-də qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sığorta ödənişlərinin edilmədiyi barədə iddialara cavab verib. 

Sentyabrın 4-də bəyanat yayan Rusiya XİN AZAL şirkətinə, habelə qəzadan sağ çıxan sərnişinlərə və ölənlərin ailələrinə sığorta ödənişlərinin edildiyini bildirib. 

Rusiya XİN bir sıra adı açıqlanmayan Azərbaycan media orqanlarını “ödənişlərin edilməməsi” barədə “yalan məlumat” yaymaqda ittiham edib.
“Biz artıq bizə tanış olan, emosional reaksiya yaratmağa hesablanmış, faciə üzərindən qurulan daha bir spekulyasiya ilə üz-üzəyik”, – açıqlamada deyilir. 

Nazirliyin məlumatına görə, fevral ayından etibarən Rusiyanın sığorta şirkəti “AlfaStraxovaniye” ASC sığorta ödənişlərinə başlayıb və AZAL-a təyyarənin tam sığorta dəyəri — 1,003 milyard rubl (12,3 milyon dollar) həcmində kompensasiya ödənilib.

Nazirlik əlavə edib ki, “uçuş zamanı xəsarət alan və ya həlak olan 62 sərnişindən 46-sı ilə bağlı sığorta iddiaları da tam həll olunub”. Bunlara 35 azərbaycanlı, 7 rusiyalı, 3 qırğız və 1 qazax sərnişin daxildir. Ümumilikdə xəsarət alan sərnişinlərə və həlak olanların ailələrinə edilən sığorta ödənişlərinin həcminin 358,4 milyon rubl (4,4 milyon dollar) təşkil etdiyi bildirilir. 

Ödənişlərin qalan hissəsi ilə bağlı isə nazirlik qeyd edib ki, xəsarət alan digər sərnişinlər və ailə üzvləri ilə məbləğ üzərində razılaşma işləri davam etdirilir.

Açıqlamaya sentyabrın 5-də münasibət bildirən Azərbaycan XİN mətbuat katibi Ayxan Hacızadə bunun ictimaiyyəti çaşdırdığını deyib. 

O bildirib ki, AZAL-a və sərnişinlərə Rusiyada qeydiyyatda olan sığorta şirkəti tərəfindən sığorta ödənişlərinin həyata keçirilməsi və təyyarənin vurulması ilə bağlı Azərbaycanın Rusiyadan kompensasiya tələb etməsi "tamamilə fərqli mövzulardır". 

"Sözügedən şirkət tərəfindən qeyd edilən sığorta ödənişlərinin təşkili prosesi artıq 6 aydır həyata keçirilir. Ümumilikdə, bu ödənişlər məhz AZAL-ın sığorta müqaviləsi çərçivəsində, şirkətin təyyarəsini və sərnişinləri sığorta etməsi nəticəsində öhdəliklərə uyğun olaraq təmin edilir. Ödənişlərin məhz Rusiya sığorta şirkəti tərəfindən həyata keçirilməsi məsələsinə gəldikdə qeyd edək ki, adətən təyyarələrin sığortası müvafiq beynəlxalq sığorta şirkətləri vasitəsilə həyata keçirilir. Rusiyanın ərazisində heç bir beynəlxalq sığorta şirkətinin fəaliyyət göstərmədiyini nəzərə alaraq, AZAL təyyarəsinin sığortası Rusiya şirkəti vasitəsilə aparılıb", - o qeyd edib. 

"Beləliklə, sığorta ödənişlərinin Azərbaycanın Rusiya hökumətindən tələb etdiyi kompensasiya ilə eyniləşdirilməsi cəhdləri düzgün deyil", - Hacızadə əlavə edib. 

Rusiya və Azərbaycan arasında münasibətlər ötən ilin dekabrın 25-də AZAL təyyarəsinin qəzaya uğramasından sonra pisləşib. Azərbaycan prezidenti İlham Əliyev təyyarənin Rusiya ordusu tərəfindən vurulduğunu iddia edib. 

Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. 

Bu ilin iyununda isə Rusiyada azərbaycanlılara, ardınca Azərbaycanda rus vətəndaşlara qarşı reydlər və həbslər başlayıb. Rusiyanın Yekaterinburq şəhərindəki reyd zamanı iki azərbaycanlı öldürülüb. 

Əliyev "Əl-Ərəbiyyə"yə müsahibəsində azərbaycanlılara qarşı reydləri "xalqımıza qarşı misli görünməmiş hərəkət" adlandırıb. 

"Münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik", - o bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı

7 Sentyabr 2026

sosial media

Nədənsə bu məmləkətin insanlarına baxdıqda Dino Buzzatinin “Tatar çölü” romanının qəhrəmanı Droqonu xatırlayıram. Onun da arzuları vardı və həmin arzular onu yaşadırdı. Bəlkə də insanı yaşadan elə arzularıdır. Bu gün sahib olmadığımız, amma sabah əldə edəcəyimizə inandığımız şeylər, bir gün dəyişəcəyini düşündüyümüz həyat, gələcəyinə ümid etdiyimiz yaxşı günlər. Həyatımızın böyük bir hissəsi bu gözləntilərin içərisində keçir. Bəzən fərqinə varmadan bu günü deyil, gələcəkdə başlayacağına inandığımız başqa bir həyatı yaşayırıq və ya onu yaşamağı arzu edirik. İtalyan yazıçısı Dino Buzzatinin “Tatar çölü” romanında gənc leytenant Droqo hərbi məktəbi bitirdikdən sonra xidmət etmək üçün Bastiani qalasına göndərilir. Qarşıda uzun bir həyatı, hərbçi...
Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...

Seçilmiş Videolar

Toplum TV loqo