Foto: TASS
Rusiya Xarici İşlər Nazirliyi (XİN) ötən ilin dekabrın 25-də qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sığorta ödənişlərinin edilmədiyi barədə iddialara cavab verib.
Sentyabrın 4-də bəyanat yayan Rusiya XİN AZAL şirkətinə, habelə qəzadan sağ çıxan sərnişinlərə və ölənlərin ailələrinə sığorta ödənişlərinin edildiyini bildirib.
Rusiya XİN bir sıra adı açıqlanmayan Azərbaycan media orqanlarını “ödənişlərin edilməməsi” barədə “yalan məlumat” yaymaqda ittiham edib.
“Biz artıq bizə tanış olan, emosional reaksiya yaratmağa hesablanmış, faciə üzərindən qurulan daha bir spekulyasiya ilə üz-üzəyik”, – açıqlamada deyilir.
Nazirliyin məlumatına görə, fevral ayından etibarən Rusiyanın sığorta şirkəti “AlfaStraxovaniye” ASC sığorta ödənişlərinə başlayıb və AZAL-a təyyarənin tam sığorta dəyəri — 1,003 milyard rubl (12,3 milyon dollar) həcmində kompensasiya ödənilib.
Nazirlik əlavə edib ki, “uçuş zamanı xəsarət alan və ya həlak olan 62 sərnişindən 46-sı ilə bağlı sığorta iddiaları da tam həll olunub”. Bunlara 35 azərbaycanlı, 7 rusiyalı, 3 qırğız və 1 qazax sərnişin daxildir. Ümumilikdə xəsarət alan sərnişinlərə və həlak olanların ailələrinə edilən sığorta ödənişlərinin həcminin 358,4 milyon rubl (4,4 milyon dollar) təşkil etdiyi bildirilir.
Ödənişlərin qalan hissəsi ilə bağlı isə nazirlik qeyd edib ki, xəsarət alan digər sərnişinlər və ailə üzvləri ilə məbləğ üzərində razılaşma işləri davam etdirilir.
Açıqlamaya sentyabrın 5-də münasibət bildirən Azərbaycan XİN mətbuat katibi Ayxan Hacızadə bunun ictimaiyyəti çaşdırdığını deyib.
O bildirib ki, AZAL-a və sərnişinlərə Rusiyada qeydiyyatda olan sığorta şirkəti tərəfindən sığorta ödənişlərinin həyata keçirilməsi və təyyarənin vurulması ilə bağlı Azərbaycanın Rusiyadan kompensasiya tələb etməsi "tamamilə fərqli mövzulardır".
"Sözügedən şirkət tərəfindən qeyd edilən sığorta ödənişlərinin təşkili prosesi artıq 6 aydır həyata keçirilir. Ümumilikdə, bu ödənişlər məhz AZAL-ın sığorta müqaviləsi çərçivəsində, şirkətin təyyarəsini və sərnişinləri sığorta etməsi nəticəsində öhdəliklərə uyğun olaraq təmin edilir. Ödənişlərin məhz Rusiya sığorta şirkəti tərəfindən həyata keçirilməsi məsələsinə gəldikdə qeyd edək ki, adətən təyyarələrin sığortası müvafiq beynəlxalq sığorta şirkətləri vasitəsilə həyata keçirilir. Rusiyanın ərazisində heç bir beynəlxalq sığorta şirkətinin fəaliyyət göstərmədiyini nəzərə alaraq, AZAL təyyarəsinin sığortası Rusiya şirkəti vasitəsilə aparılıb", - o qeyd edib.
"Beləliklə, sığorta ödənişlərinin Azərbaycanın Rusiya hökumətindən tələb etdiyi kompensasiya ilə eyniləşdirilməsi cəhdləri düzgün deyil", - Hacızadə əlavə edib.
Rusiya və Azərbaycan arasında münasibətlər ötən ilin dekabrın 25-də AZAL təyyarəsinin qəzaya uğramasından sonra pisləşib. Azərbaycan prezidenti İlham Əliyev təyyarənin Rusiya ordusu tərəfindən vurulduğunu iddia edib.
Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub.
Bu ilin iyununda isə Rusiyada azərbaycanlılara, ardınca Azərbaycanda rus vətəndaşlara qarşı reydlər və həbslər başlayıb. Rusiyanın Yekaterinburq şəhərindəki reyd zamanı iki azərbaycanlı öldürülüb.
Əliyev "Əl-Ərəbiyyə"yə müsahibəsində azərbaycanlılara qarşı reydləri "xalqımıza qarşı misli görünməmiş hərəkət" adlandırıb.
"Münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik", - o bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Foto: açıq mənbə
Avropa Məhkəməsi Səbaildə sökülən evə görə 130 min avrodan çox təzminat təyin edib
Azərbaycan müəllimi öz nazirindən təxminən 15-16 dəfə az əmək haqqı alacaq
“Toplum TV işi”: “Belə işə görə siz müstəntiqlərə cinayət işi açmalı idiniz”
Prezident Azərbaycanın ət və süd ixrac edəcəyini deyir, əslində vəziyyət necədir?
Gürcüstan Əfqan Sadıqovun “Facebook” paylaşımına görə deportasiyasına qərar verib