Məhkəmə

AİHM Xədicə İsmayıla tətbiq olunan ölkədən çıxış qadağasını hüquq pozuntusu kimi tanıyıb

7 aprel, 2026
332

Açıq mənbə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist Xədicə İsmayılın şikayəti əsasında Azərbaycan hökumətinin daha 12 min avro təzminat ödəməsinə qərar verib. 

Bu barədə vəkil Fariz Namazlı məlumat yayıb. 

AİHM daha öncə - yanvarın 27-də X.İsmayıla qarşı hüquq pozuntularına görə 16 min avro təzminat təyin etmişdi. 

Bu dəfə isə məhkəmə jurnalistin Azərbaycandan çıxış hüququnun məhdudlaşdırılması barədə şikayətinə baxıb. 

2016-cı ilin mayında Ali Məhkəmə X.İsmayıl barəsindəki həbs cəzası hökmünü şərti cəza ilə əvəz etmişdi. Azərbaycan qanunvericiliyində isə şərti cəzaya məhkum edilmiş şəxslərin ölkədən çıxış hüququnun məhdudlaşdırılması nəzərdə tutulur. 

X.İsmayıl yerli məhkəməyə müraciət edərək bu qadağanın ləğv edilməsini xahiş edib. O qeyd edib ki, beynəlxalq təşkilatlar tərəfindən konfranslara dəvətlər alır və belə tədbirlərdə iştirak araşdırmaçı jurnalist kimi fəaliyyəti üçün vacibdir. Bundan əlavə, o, cərrahi əməliyyatla bağlı anasını Türkiyədə müşayiət etmək üçün icazə istəyərək tibbi sənədlər təqdim edib. 

Yerli məhkəmələr onun müraciətini rədd edərək qeyd edib ki, ona istədiyi vaxt Azərbaycandan çıxmağa icazə verilməsi hakimiyyət orqanlarının sınaq müddəti ərzində onun davranışına nəzarət etmək imkanlarını məhdudlaşdıra və onun islahına mane ola bilər. Bundan əlavə, məhkəmə bildirib ki, ərizəçinin ölkəyə qayıdacağına dair heç bir təminat yoxdur.

AİHM isə işə baxaraq vurğulayıb ki, şəxsin sadəcə cinayət məsuliyyətinə cəlb olunması və hələ reabilitasiya edilməməsi onun ölkəni tərk etmək azadlığına məhdudiyyət qoyulmasını əsaslandırmaq üçün kifayət deyil. 

Qərarda qeyd olunub ki, sözügedən işdə yerli məhkəmələr ərizəçinin xaricə səfər etmək hüququna qoyulmuş məhdudiyyətin proporsionallığını lazımi şəkildə qiymətləndirməyib və buna dair əsaslandırma təqdim etməyiblər. 

Buna görə də, məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı protokolunun 2-ci maddəsinin pozuntusunu tanıyıb. Azərbaycan hökumətinin jurnalistə maddi və mənəvi zərərə görə 10 min, hüquqi xərclərə görə isə 2 min avro təzminat ödəməsinə qərar verib. 

Xədicə İsmayıl 2014-cü ilin dekabrında Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə ittiham olunaraq həbs olunub.

Sonradan ona qarşı 179.3.2-ci (külli miqdarda mənimsəmə), 192.2.2-ci (xeyli miqdarda gəlir əldə etmək məqsədilə törədilmiş qanunsuz sahibkarlıq), 213.1-ci (vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən ağırlaşdırıcı hallarla sui-istifadə) maddələrlə əlavə ittihamlar irəli sürülüb. 

İstintaq orqanı iddia edib ki, X.İsmayıl 2008-2010-cu illərdə "Azadlıq Radiosu"nun Bakı ofisinin rəhbəri olduğu vaxt jurnalistləri qanunsuz işə götürüb, onlarla əmək müqaviləsi bağlamayıb və bununla da vergidən yayınıb. 

2015-ci ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalisti Cinayət Məcəlləsinin 179.3.2, 192.2.2, 213.1 və 308.2-ci maddələri ilə təqsirli bilərək 7 il yarım həbs cəzasına məhkum edib. 

X.İsmayıl AİHM-ə ərizəsində ittihamları rədd edib və məhz jurnalist fəaliyyətinə görə haqsız olaraq həbs olunduğunu bildirib. 

AİHM daha öncə jurnalistin həbsi ilə bağlı qərarında qeyd edib ki, hakimiyyət orqanlarının ərizəçiyə qarşı apardığı cinayət işlərinin, onun ifadə azadlığına müdaxilə etməsinin əsas məqsədi onun jurnalist fəaliyyətini susdurmaq və cəzalandırmaq olub. Bununla da, konvensiyanın 10-cu (ifadə azadlığı hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələri üzrə pozuntular tanınıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

AİHM “Qış parkı” söküntülərinə görə Azərbaycanın 751 min avro təzminat ödəməsinə qərar verib

9 noyabr 2026

Foto: Toplum TV

Bakıda “Qış parkı”nın salınması zamanı sökülən evlərlə bağlı daha bir qrup vətəndaşın şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) kompensasiya məbləğini müəyyənləşdirib. “Azadlıq Radiosu” yazır ki, noyabrın 3-də açıqlanan qərara əsasən, Azərbaycan hökuməti mülkiyyət hüquqları pozulmuş 13 ərizəçiyə ümumilikdə 751 min 250 avro təzminat ödəməlidir. Kompensasiya alacaq şəxslər arasında Ağ Partiya sədri Tural Abbaslının anası Başxanım Abbasova da var. Məhkəmənin qərarına əsasən, ona dəymiş maddi ziyana görə 104 min 500 avro, mənəvi ziyana görə isə 3 min avro ödənilməlidir. AİHM bu iş üzrə ilk qərarını 2025-ci ilin fevralında çıxarıb. Həmin qərarda 13 ərizəçinin mülkiyyət hüququnun pozulduğu müəyyən edilib. Məhkəmə qeyd...
Məhkəmə

“Toplum TV işi”ndə jurnalist hakimə: ‘Bunu məhkəmə hesab etmirəm, məni zaldan çıxarın’

2 noyabr 2026

Toplum TV

Noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Proses başlamazdan əvvəl “Toplum TV” jurnalisti Fərid İsmayılov saxlanıldığı təcridxanada məhbuslara münasibətlə bağlı danışıb. “Umbakı Penitensiar Müəssisəsində insanlıq əleyhinə cinayətlər baş verir. Təcridxananın rəisi Rəşad Yusifov sentyabrın 27-də öz iş otağında ictimai fəal Nicad İbrahimi Pərviz adlı rejim rəisinə döydürüb. Məhbusun vəziyyətini işçilər və məhbuslar görüb. Kameraları açıb baxsınlar. Qan içində qalan məhbusu yerdə sürüyərək qanı təmizlətdiriblər. Pərviz adlı rejim rəisi tərəfindən döyülüb. Onu o qədər döyüblər ki, yer bütün qan olub. Sonra N.İbrahimə deyiblər qanı silsin. O da bundan imtina edəndə özünü yerdə sürüyüb, qanı elə siliblər”,...

Seçilmiş Videolar

Toplum TV loqo