Foto: sosial media
İyulun 1-də vəkil Zibeydə Sadıqova “Abzas Media"nın həbsdə olan direktoru Ülvi Həsənli ilə görüşüb.
“Abzas Media”nın xəbərinə görə, Həsənli vəkilinə iyunun 26-dan cərimə kamerasında (karser) saxlanıldığını və həmin gündən aclıq etdiyini bildirib. Aclıq nəticəsində onun çəkisi 77 kiloqramdan 71 kiloqrama düşüb.
Həyat yoldaşı Rübabə Quliyeva isə “Abzas Media”ya bildirib ki, Həsənli aclıq etməsinə baxmayaraq hələ də həkim müayinəsindən keçirilməyib. O, ailəsinə Umbakı qəsəbəsindəki müəssisəyə köçürüldüyü gündən eyni paltarları geyindiyini və təmiz geyimlərinin ona çatdırılmadığını deyib. Həsənli həm də bildirib ki, ona yatmaq üçün köhnə, sınıq, yataq dəsti olmayan çarpayı verilib və buna görə belində ağrılar başlayıb.
Ailəsi əlavə edib ki, Ramin Əkbərov və Pərviz adlı iki təcridxana əməkdaşı Həsənliyə qarşı zorakılıq tətbiq ediblər və itələyiblər. “Bu zaman Ülvi çarpayıya dəyib və ayağından xəsarət alıb. Ailəsi hazırda da onun bədənində xəsarət izlərinin qaldığını qeyd edib”, - xəbərdə qeyd olunur.
Həsənli həyat yoldaşı və iki yaşlı qızı ilə görüşə icazə verilmədiyi üçün aclığı davam etdirəcəyini bəyan edib. Bundan əlavə, o, haqqındakı məhkəmə hökmü qanuni qüvvəyə minməmiş Bakı İstintaq Təcridxanasından Umbakı təcridxanasına köçürülməsinə etiraz edir.
“Abzas Media”nın Bakı İstintaq Təcridxanasında saxlanılan qadın jurnalistləri də Həsənlinin tələblərinin yerinə yetirilməyəcəyi halda aclıq aksiyasına qoşulacaqları bildirilir.
Vəkil Zibeydə Sadıqova məsələ ilə bağlı Penitensiar Xidmətə və Ombudsman Aparatına müraciət edib.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.
Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: VOA
Foto: sosial media
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb