Məhkəmə

Apellyasiya Məhkəməsi Fazil Qasımov haqda hökmü qüvvədə saxlayıb

30 Sentyabr, 2025
352

Foto: sosial media

Sentyabrın 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə iqtisadçı Fazil Qasımovun işi üzrə növbəti baxış iclası keçirilib. 

Ailəsinin “Toplum TV”-yə bildirdiyinə görə, F.Qasımov 12 vəsatət verib, lakin hakim onların heç birini təmin etməyib. 

İqtisadçı əvvəlcə dövlət hesabına təyin edilmiş vəkili Şamil Nəcəfovla iki həftədir ünsiyyət qura bilmədiyini deyərək onunla ünsiyyət qurmaq üçün fasilə verilməsini istəyib. Lakin hakim vəsatəti təmin etməyib. 

Daha sonra F.Qasımov dövlət ittihamçısı Tural Qəhrəmanova etiraz edib. O, etirazını onunla əsaslandırıb ki, dövlət ittihamçısı onun vəsatətlərinin əsassız olaraq təmin edilməməsini istəyib. Hakim etirazı təmin etməyib. 

Vəkil Ş.Nəcəfov vəsatət verərək onun iştirakına qədər keçirilmiş bütün proseslərin təkrar edilməsini, işdəki maddi sübutlarla tanış olması üçün ona şərait yaradılmasını və bunun üçün məhkəmə iclasının təxirə salınmasını istəyib. Hakim vəsatəti təmin etməyib. 

Daha sonra F.Qasımov da işdəki maddi sübutların vəkilinə təqdim edilməsi barədə vəsatət verib. O bildirib ki, işə yeni qoşulmuş vəkilin işdəki maddi sübutlarla tanış olmaması qanunsuzluqdur. Hakim yenə də vəsatəti də təmin etməyib. 

Ardınca F.Qasımov ibtidai istintaq zamanı psixotrop maddənin təsiri altında olarkən ondan etirafedici ifadənin alındığını deyib və ifadənin iş materiallarından çıxarılması barədə vəsatət verib. O, həmçinin, bununla bağlı beynəlxalq ekspertlər tərəfindən müayinə olunması üçün də vəsatət verib. Hakim bu vəsatətləri də təmin etməyib. 

İqtisadçı sonra ibtidai araşdırma aparan müstəntiqin qanunsuz hərəkətlərindən Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyini, orada işə baxılıb qərar qəbul edilənə kimi hazırki iş üzrə icraatın dayandırılması barədə vəsatət verib. Vəsatət təmin edilməyib.

Daha sonra F.Qasımov digər iqtisadçı Qubad İbadoğlu barəsində başlanmış cinayət işi ilə bağlı hansı qərarın qəbul edildiyinin öyrənilməsi üçün məhkəmənin sorğu göndərməsini istəyib.

F.Qasımov Türkiyədə Q.İbadoğlu ilə hoteldə görüşərkən ona hər hansı sənəd və ya saxta pul vermədiyini bildirərək hotelin kamera görüntülərinin əldə edilməsi üçün Türkiyənin Azərbaycandakı səfirliyinə sorğu göndərilməsi barədə də vəsatət verib. 

Daha sonra F.Qasımov işdəki saxta pul əsginaslarının başqa bir oxşar cinayət işindəki əsginaslarla ilə eyni olduğunu deyərək bununla bağlı ekspertiza keçirilməsi barədə vəsatət verib. 

O, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən 24 yanvar 2025-ci il tarixli məhkəmə iclasında elan edilmiş fasilə zamanı Penitensiar Xidmətin əməkdaşları tərəfindən məruz qaldığı zorakılıq və 28 fevral 2025-ci il tarixində Bakı İstintaq Təcridxanasında ona edilmiş zorakılıqlarla bağlı şikayətinin araşdırılması üçün müvafiq qurumlara göndərilməsi barədə vəsatət verib. 

Daha sonra o, ibtidai istintaq zamanı ona təyin edilmiş, lakin onun müdafiəsinə buraxılmadan müqaviləsinə müstəntiq Yusif Yusifov tərəfindən xitam verilmiş vəkil Araz Abdullayevin şahid qismində çağırılıb dindirilməsi barədə vəsatət verib. 

Hakim bu vəsatətləri də təmin etməyib.     

F.Qasımov vəsatətlərinin “əsassız olaraq” təmin edilməməsini işinə ədalətli baxılmaması kimi dəyərləndirib və məhkəmənin “ədalətsizliyinə və özünə qarşı özbaşınalıqlara görə ölüm aclığına başlayacağını” deyib. Hakim aclıq etməsinin onun hüququ olduğunu deyib. 

F.Qasımov yenə vəsatətlərinin olduğunu deyərək onları səsləndirmək istəyib. Lakin hakim F.Qasımovun vəsatətlər və etirazlar verməsini “hüquqlarından sui-istifadə etməsi və məhkəmənin vaxtının uzadılması kimi” dəyərləndirərək ona bir neçə dəfə xəbərdarlıq edib. 

Hakim F.Qasımovdan apellyasiya şikayətinin dəlillərini oxumağı tez bitirməsini tələb edib və bunun üçün onun 20 dəqiqə vaxtının olduğunu deyib. F.Qasımov buna etirazını bildirib və bu tələbin qanunsuz olduğunu deyib. Lakin hakim bir daha ona xəbərdarlıq edib və prosesi tez bitirməyə çalışıb. 

Hakim vəkilə çıxışa hazırlaşmaq üçün 5 dəqiqə vaxt verib və qısa çıxış etməsini istəyib. Vəkil çox qısa çıxış edərək apellyasiya baxışının qismən istintaq aparılmaqla keçirilməsini və F.Qasımov barəsində bəraət qərarının çıxarılmasını istəyib. Dövlət ittihamçısı Tural Qəhrəmanov da çox qısa çıxış edərək F.Qasımovun təqsirinin sübuta yetirildiyini bildirib və birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını istəyib.

Məhkəmə tərkibi 10 dəqiqəlik müşavirədən qayıdaraq qərarı elan edib. Qərara əsasən birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov bu il martında 9 il müddətinə azadlıqdan məhrum edilib. 
O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olunub. Özü isə ittihamı rədd edir. 
Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir. 
Ötən ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

“Toplum TV işi” üzrə apellyasiya prosesi başlayır

18 Sentyabr 2026

Toplum TV

“Toplum TV işi” üzrə 12 ildən 15 ilədək həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılacaq. Bakı Apellyasiya Məhkəməsində baş tutacaq ilk iclas sentyabrın 21-nə təyin edilib. “Toplum TV işi“ üzrə təqsirləndirilən şəxslərə İyulun 27-də Bakı Ağır Cinayətlər məhkəməsində hökm oxunub. Hökmə əsasən, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. E. Abbasov məhkəmə zalında həbs olunub. Məhkum...
Məhkəmə

Kamal İsayevə 8 il yarım həbs cəzası verilib

8 Sentyabr 2026

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. Yaxınlarının "Toplum TV"yə verdiyi məlumata görə, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Prosesdə əvvəlcə ötən iclaslarda olduğu kimi K.İsayevin müxtəlif vaxtlarda etdiyi sosial media paylaşımları nümayiş etdirilib. Bu dəfəki paylaşımlarda onun Qarabağın azad edilməsi ilə bağlı Azərbaycan xalqına ünvanladığı videomüraciətlər yer alıb.  Müdafiə tərəfi nümayiş etdirilən videoların yenidən ekspertiza olunması və ekspert tərəfindən yeni rəy verilməsi barədə vəsatət qaldırıb. Vəkil Nemət Kərimli bildirib ki, təqdim olunan materiallarda irəli...

Seçilmiş Videolar

Toplum TV loqo