Məhkəmə

Fazil Qasımovun məhkəməsində vəkil DİN əməkdaşından soruşur: “Tapançası olan təhlükəli şəxsin əllərini niyə qandallamamısınız?”

18 Yanvar, 2025
28

Açıq mənbədən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində iqtisadçı “Qubad İbadoğlu işi”nə görə həbs edilmiş Fazil Qasımovun və Anar Əliyevin məhkəməsi davam edir.

Məhkəmə iclasına hakim Mahirə Kərimova sədrlik edir. 

Yanvarın 17-də keçirilən məhkəmə iclasında qanunsuz odlu silah epizoduna görə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Ramil Səlimov şahid ifadəsi verib. O bildirib ki, 19 iyul 2023-cü ildə Anar Əliyevin üstündə odlu silah olması haqda idarəyə məlumat daxil olub və onu yaşadığı evin yaxınlığında saxlayıblar. İdarəyə gətirəndən sonra üzərinə baxış keçirilib, Makarov tipli tapança, güllələr və yüzlük əskinaslardan ibarət 800 dollar aşkar edilib. R.Səlimovun dediyinə görə, Anar Əliyev tapançanı iki il əvvəl tapdığını, dollarları isə Qubad adlı şəxsin ona verdiyini bildirib, evində axtarış zamanı isə 7000 dollar aşkar edilib. 

Vəkil Fuad Ağayev Anar Əliyevin üzərinə baxış və maddi sübutun götürülməsi prosesinin videogörüntülərinin məhkəmədə nümayişinə dair vəsatət qaldırıb. Hakim vəsatəti təmin edib. 

Baş Cinayətkarlıqla Mübarizə İdarəsində Anar Əliyevin üzərinə baxış və götürülmə prosesinin videogörüntüləri zamanı görünür ki, Anar Əliyevin belində tapança var və o, otaqda qolları qandalsız vəziyyətdədir. Otaqda bir neçə əməkdaş var, onlardan biri saxlanılan şəxsin anket məlumatlarını qeyd edir. Vəkil Fuad Ağayev şahiddən saxlanılan şəxsin qollarının hansı səbəbdən qandallanmadığını soruşub. 

Vəkil: - Sizə məlumat daxil olub ki, bu adamda odlu silah var və siz gedib onu belində tapançayla idarəyə gətirmisiniz. Özünüz də bayaq dediniz ki, uzun illərin peşəkar əməliyyatçısısınız. Üzərində odlu silah olan təhlükəli şəxsin əllərini niyə qandallamamısınız? Axı o, silahlıdır, təhlükəlidir. Tutulduğu yerdən idarəyə qədər sizinlə yol gəlib, idarənin otağına aparılıb, orada xeyli vaxt saxlanılıb. Belində silah, əlləri qandalsız. Bunu necə izah edə bilərsiniz? 

Şahid: - O, mənim öz işimdir. İstəməmişəm, qandallamamışam.  

Vəkil: - Necə yəni öz işimdir? Bu adam gətirilib, otaqda bir saat məlumatları dəqiqləşdirilib, çox rahat şəkildə danışır, belində tapança, otaqdakılar da çox rahatdırlar. Axı şəxsin üzərində oldu silah var, hər han hər şey ola bilərdi. 

Şahid: - Özgüvən məsələsidir. 

Vəkil: - Hə, yəni siz güvənirdiniz ki, gətirdiyiniz silahlı şəxs heç nə etməyəcək? 

Şahid: - Bəli, otaqdakılar da peşəkarlardır. 

Videoçəkilişdəki görüntülərdə Anar Əliyevdən üzərindəkinin nə olduğu soruşulur. O isə “tapançadır”, deyir. Sonra Ramil Səlimov ona yaxınlaşaraq sellofana bükülü vəziyyətdə olan silahı götürüb masanın üzərinə qoyur. Başqa bir əməkdaş əlcək geyinərək silahı sellofandan çıxarır və hissələrə ayıraraq masanın üzərinə yığır. Sonra Ramil Səlimov əlcəksiz silahı götürür, güllələrə toxunur. 

Vəkil yenə ona sual verir: “Baxın, şəxsi tutub idarəyə gətirmisiniz, üzərindən silah götürülüb və siz əlcəksiz maddi sübuta toxunursunuz, demək olar ki, silahın hər yerinə toxundunuz, güllələri də götürdünüz. Bəs hara getdi saxlanılan şəxsin əl izləri? O silahın üzərində saxlanılan şəxsin yox, sizin əl izləriniz qaldı. Bayaqdan da deyirsiniz ki, mən peşəkaram”

Ramil Səlimov suala “bu, peşəkarlıq deyil, ancaq qeyri-peşəkarlıq da deyil”, deyə cavab verib. 

Sonra Anar Əliyevin yaşadığı mənzildə axtarış və evdən maddi sübutun götürülməsi videosuna baxılıb. Vəkil Fuad Ağayev bu dəfə müstəntiq Yusif Yusifovun evdəki maddi sübutların götürülməsi prosesində evdən tapıldığı iddia olıunan və maddi sübut hesab edilən dollarlara əlcəksiz toxunmasına diqqət çəkib.  

Vəkil: - İndi də müstəntiq pullara əlcəksiz əl vurur. 

Şahid: - Mən neyləyim? Çağırın, özündən soruşun da... 

“Müstəntiq ittiham aktında qeyd edib ki, Qubad İbadoğlu pulu Anar Əliyevə “Şeyda” adlı kitabın arasında verib. Ancaq videodan görünür ki, əvvəla, o kitab deyil, “skrepka” ilə yuxarıdan bir-birinə bərkidilmiş kağızlardır. Arasında pul saxlanması mümkün deyil, çünki pul onun arasında qalmaz. Görüntülərdə müstəntiq pulları zorla iki kağızın arasında saxlayır. Bu da işin qurama olmasından bir daha xəbər verir”, bunu isə Fazil Qasımov deyib. 

Yanvarın 24-də məhkəmə şahid ifadələri ilə davam edəcək. 

Fazil Qasımov iqtisadçı alim və siyasətçi Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb, Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham olunur. Özü ittihamı rədd edir.

Anar Əliyevə qarşı isə həm saxta pul əldə etmə, həm də qanunsuz odlu silah saxlamaq ittihamı irəli sürülüb. O, özünü qismən təqsirli bilir.

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir. 

Bu ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib. 

Hazırda Fazil Qasımovla Anar Əliyevin işi ayrıca icraata götürülüb. Qubad İbadoğlunun da istintaqı yekunlaşmaq üzrədir və yaxın vaxtlarda iş məhkəməyə göndəriləcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Tofiq Yaqublu: “Milyonlarla manatlıq korrupsiyaya görə Səhhət Həbibbəyliyə şərti cəza verilir, Tofiq Yaqublu həbsdə saxlanılır” 

18 Yanvar 2025

Sosial media hesabı

Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəməsi davam edir. Yanvarın 17-də məhkəmə yenə sənədləri tədqiq edib.  Tofiq Yaqublu bir daha bildirib ki, zərərçəkən Elşən Hüseynovla digər təqsirləndirilən şəxs Elnur Məmmədov arasındakı hazırda tədqiq olunan Whatsapp danışıqları quramadır, onun sifarişli həbsi üçün müstəntiq Abdulla Cəlilli tərəfindən hazırlanıb:  “İkisi arasındakı saxta Whatsapp dialoqunda bir yerdə Elnur Elşənə deyir ki, qardaş, narahat olma, gedəcəksən, getməmişdən əvvəl bir qonaqlıq təşkil edərsən, mən də yuxarı başda oturaram. Adam xəstəlikdən ölürsə, təcili getməlidirsə, Elnur ona “get, sağ-salamat gəl, sonra qonaqlıq təşkil edərsən” deməməliydi. Ölümcül xəstəlikdən əziyyət çəkən, sağ qalıb-qalmayacağı bəlli...
Məhkəmə

“Mən yalnız qol çəkmişəm, pul görməmişəm” - 42 milyon manatı mənimsəməkdə təqsirləndirilən keçmiş hərbçinin məhkəməsində  

16 Yanvar 2025

unikal.az

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin keçmiş baş zabiti, bir günlük şirkət açaraq “Ata Bank”dan 42 milyon manat kredit götürüb mənimsəməkdə ittiham olunan Zahid Niftəliyevin məhkəməsi davam edir.  Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilir.  Hazırda şahid ifadələri dinlənilir.  “Ata Bank”ın keçmiş əməkdaşı Solmaz Əliyeva ifadəsində Zahid Niftəliyevi 2-3 dəfə bankda gördüyünü bildirib:  “Mən 2004-cü ildən “Ata Bank”da çalışmışam. Hüquqi şəxslər bankda mədaxil və məxaric üçün əməliyyatçıya yaxınlaşır, sonra sənədlər mənə yönləndirilir. Mən sənədlərin dəqiqliyini yoxlayıram, imzalayıb kassaya göndərirəm. Müştəri kassaya yaxınlaşaraq vəsaiti nağdlaşdırır. Elə Zahid Niftəliyevi də bir dəfə kassada, bir...

Seçilmiş Videolar

Toplum TV loqo