sosial media
Noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin apellyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib.
İnsan Haqları Naminə Həmrəylik Komitəsinin məlumatına görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin apellyasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 sentyabr 2026-cı il tarixli hökmü qüvvədə saxlanılıb.
Həmin hökmə əsasən, İsayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Komitə bildirib ki, məhkəmə prosesində ittihamın irəli sürülməsi ilə bağlı tarixlər də diqqət çəkib. Məlum olub ki, Kamal İsayev 2025-ci il noyabrın 4-də Türkiyədə olub, ertəsi gün isə barəsində axtarış elan edilib.
Məhkəmə iclasında Kamal İsayev və vəkili Nemət Kərimli ona qarşı irəli sürülən ittihamları qəbul etmədiklərini bildiriblər. Müdafiə tərəfi İsayevin dövlət əleyhinə çağırışlar etmədiyini və xarici qüvvələrin tapşırıqlarını yerinə yetirmədiyini deyib.
İsayev qrup halında dövlət əleyhinə açıq çağırışlar etmək ittihamına etiraz edib. O, bu iş üzrə adı çəkilən şəxslərin heç birini tanımadığını bildirib.
“Mən Rusiyadakı Azərbaycan səfirliyinin tədbirlərinə maddi dəstək göstərmişəm, çıxışlarımda Azərbaycanın maraqlarını müdafiə edən fikirlər səsləndirmişəm. Görünür ki, bu, mənə qarşı açıq-aşkar qurulmuş işdir”, - Kamal İsayev deyib.
Rusiya vətəndaşı olan və həmin ölkədə yaşayan Kamal İsayev ötən ilin noyabrında Türkiyəyə səfəri zamanı saxlanılıb və Azərbaycana ekstradisiya edilib.
O, Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların bir qrup şəxs tərəfindən törədilməsi), 281-1.2-ci (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolların bir qrup şəxs tərəfindən yayılması) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin zor tətbiqi və ya zor hədəsi ilə salınması) maddələri ilə təqsirli bilinib.
İsayevin “YouTube” platformasında “Jahid Kamal” və “Arya Toloş” adlı kanalları olub. O, Azərbaycan hakimiyyətinin etnik azlıqlarla bağlı siyasətini mütəmadi tənqid edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
Elnarə Qasımovanın yazısından: “Rəis qadın məhkumları döyür, yaraları görünməsin deyə “kars”a göndərir”
İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub