ABŞ prokurorluğu: Çinin “Huawei” şirkəti etirazçıları izləmək üçün İran hakimiyyətinə kameralar verib
sosial medya
ABŞ-də federal məhkəmənin münsiflər heyəti Çinin texnologiya nəhəngi “Huawei” şirkətini və onun üç törəmə müəssisəsini bank və elektron dələduzluğu, İrana qarşı sanksiyaların pozulması, kommersiya sirlərinin oğurlanması və çirkli pulların yuyulması ilə bağlı ittihamlar üzrə təqsirli bilib.
Bu barədə ABŞ Ədliyyə Nazirliyi noyabrın 24-də məlumat yayıb.
Nyu-Yorkun Bruklin şəhərində keçirilən və 12 həftə davam edən məhkəmə prosesində münsiflər heyəti “Huawei”yə qarşı irəli sürülmüş 12 ittihamdan 10-u üzrə təqsirli hökm çıxarıb. Şirkət mütəşəkkil cinayətkar birlik yaratmaq və ədalət mühakiməsinə mane olmaq məqsədilə sui-qəsddə iştirak ittihamları üzrə isə bəraət alıb.
ABŞ prokurorluğunun məhkəmədə təqdim etdiyi sübutlara görə, “Huawei” uzun illər İrandakı fəaliyyətini beynəlxalq banklardan gizlədib. Şirkət bu ölkədəki biznesini “Skycom” adlı qurum vasitəsilə həyata keçirib və onu öz törəmə müəssisəsi deyil, müstəqil biznes tərəfdaşı kimi təqdim edib.
Prokurorluq həmçinin iddia edib ki, “Huawei” İranda telekommunikasiya infrastrukturu qurmaqla yanaşı, hakimiyyətə internet istifadəçilərinin fəaliyyətini izləmək və onların internetə çıxışını məhdudlaşdırmaq imkanları yaradıb. Şirkətin İran hökumətinin etiraz aksiyalarını izləməsi üçün müşahidə kameraları təmin etdiyi də bildirilib.
İttiham tərəfi “Huawei”nin ABŞ şirkətlərinə məxsus texnologiya və kommersiya sirlərini ələ keçirdiyini də bildirib. Məhkəmədə “T-Mobile” şirkətinin toxunma ekranlarının sınağında istifadə etdiyi “Tappy” adlı robotla bağlı nümunə təqdim olunub. Prokurorluğun məlumatına görə, “Huawei” əməkdaşları robotun texniki xüsusiyyətlərini öyrənmək üçün onun fotoşəkillərini və texniki məlumatlarını Çinə göndərib, hətta hissələrindən birini laboratoriyadan çıxarıblar.
Prokurorluğun bildirdiyinə görə, şirkət İrandakı fəaliyyətini gizlətməklə banklardan milyardlarla dollar kredit və ABŞ dolları ilə beynəlxalq ödəniş sistemlərinə çıxış əldə edib.
Hökmün ardından “Huawei” və törəmə şirkətlərini maliyyə cərimələri, müsadirə və zərərin ödənilməsi kimi sanksiyalar gözləyir. Cəza tədbirləri ilə bağlı yekun qərarın 2027-ci il sentyabrın 14-də verilməsi nəzərdə tutulur.
“Reuters”in məlumatına görə, “Huawei” qərardan məyus olduğunu bildirib və hökmdən apellyasiya şikayəti verəcəyini açıqlayıb. Şirkət ittihamların hüquqi və faktiki əsası olmadığını müdafiə edir.
ABŞ hökuməti milli təhlükəsizlik risklərini əsas gətirərək 2019-cu ildə “Huawei”ni ticarət üzrə qara siyahıya salıb. Bununla şirkətin ABŞ texnologiyalarına çıxışı məhdudlaşdırılıb, digər ölkələrə isə 5G rabitə şəbəkələrində “Huawei” avadanlıqlarından istifadə etməmək tövsiyə olunub.
Bununla belə, ekspertlərin fikrincə, məhkəmə işi şirkətin biznesinə ciddi təsir göstərməyib. “Huawei” son illərdə fəaliyyətini genişləndirib və Çinin süni intellekt sənayesini inkişaf etdirmək strategiyasında əsas şirkətlərdən birinə çevrilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial medya
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
Elnarə Qasımovanın yazısından: “Rəis qadın məhkumları döyür, yaraları görünməsin deyə “kars”a göndərir”
İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub