Məhkəmə

Jurnalistləri Müdafiə Komitəsi “ToplumTV işi” üzrə çıxaırlan hökmləri pisləyib

29 İyul, 2026
51

Toplum TV

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) iyulun 27-də  "ToplumTV işi" üzrə jurnalistlərə və digər şəxslərə 15 ilədək həbs cəzası verilməsini qətiyyətlə pisləyib.

CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Fiona Obrayen bildirib ki, “Toplum TV” ilə əlaqəli doqquz nəfərə ağır cəzaların kəsilməsi "beynəlxalq hesabatlılığın olmamasının Azərbaycan prezidenti İlham Əliyev kimi avtoritarları necə cəsarətləndirdiyinin klassik nümunəsidir. 

“Hazırda Azərbaycanda 20-dən çox jurnalist və media işçisi əsassız olaraq həbsdədir və onlar müstəqil jurnalistikaya qarşı amansız repressiyanın qurbanlarıdır. Xüsusilə Avropa dövlətləri anlamalıdır ki, Əliyev hakimiyyəti ilə getdikcə istiləşən münasibətləri və onu beynəlxalq insan hüquqları standartlarına riayət etməyə məcbur etməmələri təkcə Azərbaycanın daxilində dağıdıcı nəticələr doğurmur, həm də onların media azadlığını müdafiə etdikləri barədə iddialarını sarsıdır”, - deyə Obrayen bildirib

Komitə bildirir ki, təqsirləndirilən şəxslər 2023-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə hərbi nəzarəti bərpa etməsindən sonra mətbuata və vətəndaş cəmiyyətinə qarşı başlanan genişmiqyaslı repressiyalar çərçivəsində həbs olunan onlarla jurnalist və hüquq müdafiəçisi arasındadır: “Jurnalistlərin əksəriyyətinə Qərb maliyyəsini qəbul etməklə bağlı ittihamlar irəli sürülüb. Bu proses hərbi əməliyyatlardan sonra Azərbaycanla Qərb arasında münasibətlərin pisləşməsi fonunda baş verib”.

CPJ xatırladır ki, Azərbaycan qanunvericiliyi vətəndaş cəmiyyəti təşkilatlarından xarici qrantlar üçün dövlətin razılığını almağı tələb edir. Əlavə edilir ki, hakimiyyət hədəf alınan media qurumlarının bu tələblərə əməl etmədiyini iddia edir.

“Oxşar işlər üzrə qərarlarında Avropa İnsan Hüquqları Məhkəməsi vurğulayıb ki, belə pozuntular Azərbaycan qanunvericiliyinə əsasən cinayət məsuliyyəti ilə deyil, cərimə ilə cəzalandırılmalıdır. Müstəqil ekspertlər isə bildirirlər ki, hakimiyyət xarici qrant almaq istəyən müstəqil təşkilatların qeydiyyatından imtina etdiyinə görə onların bu vəsaitləri qanuni şəkildə qəbul etməsi faktiki olaraq mümkün olmur. CPJ-nin jurnalistlərin həbsi ilə bağlı 2025-ci il siyahıyaalmasına əsasən, Azərbaycan jurnalistləri həbsdə saxlayan ölkələr arasında dünyada altıncı yerdədir”, - açıqlamada deyilir.

Komitə onu da qeyd edir ki, hakimiyyət həmçinin beynəlxalq medianın fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb və mühacirətdə yaşayan jurnalistlərə qiyabi qaydada uzunmüddətli həbs cəzaları verib.

CPJ məsələ ilə bağlı şərh almaq üçün Azərbaycan Baş Prokurorluğuna elektron məktub ünvanlasa da, cavab ala bilmədiklərini bildirib.

İyulun 27-də “Toplum TV işi“ üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, hər biri 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. E. Abbasov məhkəmə zalında həbs olunub.

Bundan başqa, təqsirləndirilən şəxslərlə bağlı qaldırılan mülki iddia təmin edilib. Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edərək üzərinə həbs qoyulmuş avtomobillərin və evlərin müsadirə olunmasına qərar verib.

2024-cü il martın 6-da “Toplum TV”-nin ofisində və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

Həmin vaxt bu işlə bağlı 7 nəfər həbs olunmuşdu. Jurnalist Fərid İsmayılov və Elmir Abbasov barəsində əvvəlcə alternativ qətimkan tədbiri seçilsə də, 2025-ci ilin yanvarında Fərid İsmayılov da həbs edilmişdi.

“Toplum TV işi” üzrə təqsirləndirilən şəxslər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Bu iş üzrə həbs olunan şəxslər ittihamları rədd edir, fəaliyyətlərinə görə siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Əli Kərimlinin mühafizəçisi 9 il azadlıqdan məhrum edilib

30 İyul 2026

açıq mənbə

İyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Kənan Zeynalovun (Basqal) işi üzrə sonuncu məhkəmə prosesi baş tutub. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə partiya üzvünə hökm oxunub. Hökmə əsasən, Kənan Zeynalov 9 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı ona 10 il cəza istəmişdi və iddia etmişdi ki, AXCP fəalına qarşı Anar Rəhimov adlı şəxsə bıçaqla xəsarət yetirməsi barədə irəli sürülən ittiham məhkəmədə təsdiqini tapıb. Hüquq müdafiəçisi Zəfər Əhmədov “Toplum TV”-yə deyib ki, K.Zeynalov hökmdən əvvəl son sözündə ona qarşı irəli sürülmüş bütün ittihamları rədd edib və...
Məhkəmə

Kamal İsayevin məhkəməsi davam edir: "Bu proses söz davası olmamalıdır"

30 İyul 2026

Sosial media

İyulun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan hökumətinin tənqidçisi Kamal İsayevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə sənədlərin tədqiqi mərhələsinə başlanılıb.  İttiham tərəfi K.İsayevin dövlət əleyhinə cinayətlər törətdiyi iddia olunan videogörüntülər nümayiş etdirib və sosial media paylaşımlarından sitatlar gətirib. Videolarda K.İsayevin Böyük Çilə və Novruz bayramından danışdığı müşahidə olunub.  Hakimlərdən biri K.İsayevdən sosial mediada "Talış-Muğan Respublikası" haqda paylaşımlar etməsi haqda soruşub. O isə başqalarının paylaşımlarını "repost" etdiyini, bunun həmin fikirlərlə razılaşdığı mənasına gəlmədiyini bildirib.  Daha sonra ondan sosial mediada "türklərin Azərbaycana qaçıb gəldiyini" iddia edən paylaşım etməsi haqda soruşulub. K.İsayev cavab verib ki, türkdilli...

Seçilmiş Videolar

Toplum TV loqo