Məhkəmə

"Toplum TV işi"ndə hakim: "Siz özünüzü şagird kimi aparmalısınız"

9 Fevral, 2026
252

Foto: Toplum TV

Fevralın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslər və vəkilləri bir sıra vəsatətlər qaldırıblar.

Təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov istintaq dövründə müsadirə olunmuş telefonların məhkəməyə gətirilməsini tələb edib.

"Telefonların şifrələrini ancaq biz bilirik. Gətirin, açaq, siz də göstərin ki, orada cinayət əməlinə dair hansı sübutlar var. Keçən dəfə Dövlət Vergi Xidmətinin nümayəndəsi burada dedi ki, biz gəlir əldə etmişik və ödənişlər etmişik. Ödənişlərin qəbzlərini gətirin, göstərin”, - o deyib.

A.Qurbanovun vəkili Fuad Ağayev isə istintaqa rəy vermiş ekspertlərin məhkəməyə gətirilməsi üçün vəsatət verib.

Təqsirləndirilən şəxslərdən "Toplum TV”-nin həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli də vəsatəti dəstəkləyib. O əlavə edib ki, Daxili İşlər Nazirliyinə (DİN) tabe olmayan, alternativ ekspertiza keçirilməlidir:

"Çünki DİN bu prosesdə tərəfdir. Həm də qanunsuz "sübut"lar təqdim edən, insanları şərləyən tərəfdir. Ona görə onların keçirəcəyi ekspertizanın heç bir dəyəri yoxdur. Yenidən, müstəqil ekspertiza keçirilməlidir, mənə aid olduğu iddia olunan pul vəsaitləri tozlanıb barmaq izləri yoxlanmalıdır. 40-50 dənə əskinasdan cəmi ikisində mənim barmaq izimin çıxdığını dedilər. Onun da saxta olduğunu sübut etdik”.

A.Tağıyev Ə.Məmmədliyə ekspertiza ilə bağlı vəsatətinin yazılı formada verilməli olduğunu deyib.

Dövlət ittihamçısı Rauf Malışov ekspertiza rəyi vermiş şəxslərin məhkəməyə çağırılmasına lüzum görmədiyini bildirib.

Hakimlər müşavirədən sonra "ekspertiza rəylərinin aydın şəkildə tərtib olunduğunu" əsas gətirərək F.Ağayevin vəsatətini təmin etməyiblər. Təqsirləndirilən şəxslər hakimlərin qərarını ironiya ilə alqışlayıblar.

"İndiyə qədər bir dəfə olubmu ki, Malışovun "yox" dediyinə "hə" deyəsiniz?", - A.Qurbanov hakimə sual edib.

A. Tağıyev isə bildirib ki, onun vəzifəsi dövlət ittihamçısını sadəcə dinləməkdir və yekun qərarı sonda özü qəbul edir.

Ardınca təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli çıxış edib.

“Bu iş 2024-cü il martın 6-da açılıb. Həmin gün saxlanılsam da, gecə sərbəst buraxılmışam. İki gün sonra isə məni yenidən saxlayıb, evimdə axtarış apararaq guya pul tapıblar. Əgər bu pul mənim idisə və dostlarımın, eləcə də daha əvvəl digər jurnalist və fəalların məhz bu ittihamla həbs olunduğunu bilirdimsə, niyə həmin pulu iki gün ərzində evimdən çıxarmamışam?” - deyə o, hakimə sual ünvanlayıb.

R.İzzətli də qeyd edib ki, pulun ona aid olduğu iddia edilsə də, bütün əskinaslarda barmaq izi olduğuna dair sübutlar yoxdur. 

"Mən sizi də anlayıram. Bu sistem belə qurulub. Ekspertiza nə rəy verir, onu təsdiq edirsiniz. Sabah zəng gəlsə ki, ABŞ vitse-prezidenti Ə.Məmmədlinin ev dustaqlığına buraxılmasını tələb edib və buraxılmalıdır, ona uyğun qərar verəcəksiniz. Bu gün tarixçilər araşdırır və görürük ki, sovet hakimiyyəti nə cür məhkəmələr qurub və hakimlər orada necə iştirak edib. Sizin də bu məhkəmədə iştirakınızı gələcək nəsillər görəcək", - siyasətçi hakimə xitabən deyib.

A.Tağıyev R.İzzətlinin sözünü kəsərək deyib ki, "əl-qolla danışma!”. Bu zaman onların arasında mübahisə yaranıb. A.Qurbanov isə hakimə "özünüzü sinif rəhbəri kimi aparırsnız” deyərək irad tutub.

"Siz özünüzü elə şagird kimi aparmalısınız. Sizin hörmətinizə ehtiyacım yoxdur", - deyə A.Tağıyev cavab verib.

Daha sonra çıxış edən, təqsirləndirilən şəxslərdən "Toplum TV" əməkdaşı Fərid İsmayılov hakimdən Ombudsman Aparatına şikayət etdiyini bildirib.

"Ombudsman Aparatı işçiləri mənə nə desə, yaxşıdır? 'Allah köməyin olsun'. İndiyə qədər heç bir vəsatətimi təmin etməmisiniz. Hikmət Hacıyev COP29-da özü mənə söz verdi ki, məhkəmə ədalətli aparılacaq. Budur ədalətli məhkəmə? Ölkədə hüquq adına bir şey qalmayıb. Mən niyə gəlib-gedirəm bura?", - o deyib.

Jurnalist artıq 10 aydır 28-ci dəfə məhkəməyə gətirildiyini xatırladaraq, ona hansı cinayətin istinad edildiyinin hələ də aydın olmadığını bildirib:

“Sənədlərdə qeyd olunur ki, Fərid İsmayılov “Toplum TV“-də araşdırmaçı jurnalist olub, vəssasalam. Özünüz etiraf edirsiniz ki, hökumət bu ölkədə həqiqi jurnalistika ilə məşğul olmağı cinayət sayır. 10 aydır suallarıma cavab verən yoxdur, prokuror susur, Dövlət Sərhəd Xidmətinin əməkdaşları susur, üç hakimdən biri Roman Ələkbərov heç danışmır”.

Daha sonra Ə.Məmmədli müsadirə olunmuş bəzi sənədlərin sübutlar siyahısından çıxarılması və səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılması üçün vəsatətlər verib. Məhkəmə vəsatətləri təmin etməyib.

Növbəti məhkəmə prosesi fevralın 23-ə təyin olunub.

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Samirə Qasımlı: “Mənə qarşı irəli sürülən ittiham siyasi sifarişlidir”

16 İyul 2026

Sosial media

İyulun 15-də Binəqədi Rayon Məhkəməsində siyasi psixoloq Samirə Qasımlının ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.  Hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə S.Qasımlını böhtan və təhqirdə ittiham edən Qurbanəli Yusifov yenə də iştirak etməyib. Vəkili Vüqar Şamilov müvəkkilinin Türkiyədə işlədiyini deyib.  Hakim vəkildən Q.Yusifovun məhkəməyə şikayət etdiyindən özünün xəbəri olub-olmadığını soruşub, vəkil də təsdiqləyib.  S.Qasımlının vəkilləri Aqil Layıc və Ramil Süleymanov şifahi vəsatət verərək bildiriblər ki, xüsusi qaydada ittiham irəli sürən şəxsin üzrlü səbəb göstərmədən, ardıcıl olaraq məhkəməyə gəlməməsi onun ittihamda maraqlı olmaması deməkdir. Onlar vurğulayıb ki, şərəf və ləyaqət hiss və düşüncə kateqoriyasına daxildir, buna görə də ittihamçıya...
Məhkəmə

Şirvan məhkəməsi İqbal Əbilovun şikayətini təmin etməyib

15 İyul 2026

Sosial media

İyulun 14-də Şirvan Şəhər Məhkəməsində həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun şikayəti üzrə məhkəmə iclası keçirilib.  İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin yaydığı məlumata görə, tədqiqatçı iclasın əvvəlində talış dilində çıxış etmək istədiyini bildirib. Müdafiə tərəfinin təqdim etdiyi tərcüməçi məhkəmə tərəfindən qəbul edilib və proses boyunca İ.Əbilovun çıxışını talış dilindən Azərbaycan dilinə tərcümə edib. İ.Əbilov şikayətində həbsi zamanı baş verdiyini iddia etdiyi qanun pozuntularını sadalayıb. Onun sözlərinə görə, o, ötən ilin oktyabrında Şirvan Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində təhdid və təhqirlərə məruz qalıb, vəkili ilə əlaqə saxlamaq imkanından məhrum edilib və qeyri-insani şəraitdə saxlanılıb.  Tədqiqatçı əlavə edib ki, məhkəmə...

Seçilmiş Videolar

Toplum TV loqo