Siyasət

Əfqan Sadıqov siyasi şüarlar səsləndirdikdən sonra məhkəmədən çıxarılıb

4 noyabr, 2026
9

sosial media

Noyabrın 3-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində “Azel TV” saytının baş redaktoru Əfqan Sadıqovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Jurnalistin yaxınlarının “Meydan TV”yə verdiyi məlumata görə, Sadıqov məhkəmə zalına əlləri qandallı, beş konvoy əməkdaşının müşayiəti ilə gətirilərək şüşə kabinəyə yerləşdirilib.

Hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə vəkil Nemət Kərimlinin müvəkkilinin şüşə kabinədən çıxarılaraq yanında əyləşdirilməsi barədə vəsatəti təmin edilsə də, onun qollarındakı qandal açılmayıb.

Hakim iş üzrə yeddi nəfərin zərərçəkmiş şəxs kimi tanındığını, onlardan üçünün məhkəmə iclasında iştirak etdiyini bildirib.
Dövlət ittihamçısı Taleh Səfərov ittiham aktının nəticə hissəsini oxuyub.
Sadıqov ittihamda yazılanların hamısının yalan olduğunu deyib. O, jurnalist fəaliyyətinə görə prezident İlham Əliyevin göstərişi ilə həbs olunduğunu deyib. Bundan sonra o, hakimin göstərişi ilə təkrar şüşə kabinə salınıb.

Dövlət ittihamçısı Sadıqovun özünü təqsirli bilmədiyini əsas gətirərək əvvəlcə zərərçəkmiş kimi tanınan şəxslərin dindirilməsini istəyib. Onlar isə əvvəlcə ifadə vermək istədiklərini bildiriblər.

Vəkil Nemət Kərimli isə məhkəmə iclasının təxirə salınması barədə vəsatət verib. O, indiyədək müvəkkili ilə görüşə bilmədiyini və onunla konfidensial ünsiyyət qurmaq istədiyini deyib. Dövlət ittihamçısı vəsatəti əsassız adlandıraraq məhkəmə iclasının davam etdirilməsini istəyib.
Məhkəmə tərkibi müşavirədən sonra iclasın davam etdirilməsi barədə qərar qəbul edib. Əfqan Sadıqov qərara etiraz edib və vəkilinin vəsatətini dəstəkləyib. Hakim isə məhkəmənin artıq qərar qəbul etdiyini bildirib.

Sadıqov bunun məhkəmə olmadığını deyərək həbsinin prezident İlham Əliyevin sifarişi ilə həyata keçirildiyini bir daha iddia edib. O, İlham Əliyevi və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevi “quldurlar” adlandırıb, “Rədd olsun diktatura!” və “Siyasi məhbuslara azadlıq!” şüarlarını səsləndirib.

Hakim onun məhkəmə zalından çıxarılmasını əmr edib. Yaxınlarının məlumatına görə, konvoy əməkdaşları Sadıqovu itələyərək zaldan çıxarıblar. Jurnalist zorla çıxarıldığı zaman da eyni şüarları səsləndirməyə davam edib.

Bundan sonra vəkil Nemət Kərimli Əfqan Sadıqovun müdafiə hüququnun pozulduğunu bildirib və müvəkkili ilə ünsiyyət qurması üçün məhkəmə iclasının təxirə salınması barədə yenidən vəsatət verib. Hakim vəsatəti təmin edib.
Məhkəmə iclası noyabrın 16-sına təxirə salınıb.

Əfqan Sadıqov 2024-cü il avqustun 4-də Azərbaycan Baş Prokurorluğunun vəsatəti əsasında Gürcüstanda saxlanılıb. Tbilisi Şəhər Məhkəməsi onun həbsinə və Azərbaycana ekstradisiyasına qərar versə də, Avropa İnsan Hüquqları Məhkəməsi ekstradisiyanın icrasını dayandırıb.

Jurnalist 2025-ci ilin aprelində azadlığa buraxılıb. Azərbaycan Baş Prokurorluğu 2026-cı il aprelin 1-də onun barəsində aparılan cinayət işinə xitam verib. İki gün sonra Tbilisi Şəhər Məhkəməsi bu qərarı əsas götürərək Sadıqovun Gürcüstanı tərk etməsinə qoyulan məhdudiyyəti aradan qaldırıb.
Bununla belə, jurnalist 2026-cı il aprelin 4-də Tbilisidə yaşadığı ünvandan götürülərək Azərbaycana gətirilib.
İyunun 8-də Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Əfqan Sadıqov Cinayət Məcəlləsinin 182-ci maddəsi - hədə-qorxu ilə tələb etmə ittihamı ilə həbs olunub.
Avropa İnsan Hüquqları Məhkəməsi bu hadisə ilə bağlı Gürcüstan tərəfinin hərəkətlərindən narahatlığını ifadə edən açıqlama yayıb.
Əfqan Sadıqov ittihamları qəbul etmir, təqibin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ruslan İzzətli yazır: “Rusiya Cənubi Qafqazdan imtina etməyəcək”

4 noyabr 2026

şəxsi arxivi

“Toplum TV işi” üzrə 15 il azadlıqdan məhrum edilən, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli Cənubi Qafqazda Rusiya, Türkiyə və İranın təsiri barədə yazıb. Ruslan İzzətlinin yazısını olduğu kimi təqdim edirik. “Rusiya-Ukrayna müharibəsinin necə nəticələnməsindən asılı olmayaraq, Rusiya iki əsrdir təsir dairəsində saxladığı Cənubi Qafqazdan imtina etməyəcək. Cənubi Qafqaz ölkələrindən kim Moskvanın çətiri altında olmaqdan imtina edəcəksə, sərt reaksiya görəcək. Necə ki, 2008-ci ildə Saakaşvili iqtidarının Moskvanın çətirindən imtinası ərazilərinin işğalı ilə nəticələndi. Cənubi Qafqazda Saakaşvilidən sonra ikinci cəhdi Ermənistan etməyə çalışır. Paşinyanın qərbyönlü siyasətinə Putin “Qarabağ kartı” ilə cavab verdi. Ənənəvi müttəfiqi İrəvanı İkinci Qarabağ müharibəsində tək qoydu....
Siyasət

“Mütəşəkkil dəstə”dən penitensiar sistemin rəhbərliyinə: ‘Məhbusların həyatına görə məsuliyyəti kim daşıyır?’

4 noyabr 2026

sosial media

“Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev və jurnalist Fərid İsmayılov penitensiar müəssisələrdə tibbi xidmətin təşkili ilə bağlı açıq məktub ünvanlayıblar. Özlərini “Mütəşəkkil dəstə” aldandıran müraciət müəllifləri penitensiar sistemdə tibbi kadr çatışmazlığının, gecə saatlarında təcili tibbi yardıma çıxışın və tibbi avadanlıqlardan istifadənin problem olaraq qaldığını bildirirlər. “Toplum TV işi” üzrə 13 il azadlıqdan məhrum olunan Ramil Babayev həm Bakı İstintaq Təcridxanasında (BİT), həm də Umbakı Penitensiar Müəssisəsində (PM) keçirdiyi aclıq aksiyalarında məhbuslara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasını tələb etdiyini bildirib. Babayevin sözlərinə görə, Umbakı PM-də aclıq etdiyi dövrdə Ombudsman Aparatının əməkdaşları...

Seçilmiş Videolar

Toplum TV loqo