sosial media
Sabirabad rayonunda 16 yaşlı qızı öldürərək Kür çayına atmaqda şübhəli bilinən şəxs həbs olunub.
Baş prokurorluq mətbuata bildirib ki, mayın 20-də Kür çayından qadın meyitinin tapılması barədə rayon prokurorluğuna məlumat daxil olub.
“İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb”, - açıqlamada deyilir.
Əlavə olunub ki, Talıbzadə şübhəli şəxs qismində saxlanılıb və istintaq davam edir.
Şübhəlinin atası Seyidrəsul Talıbzadə jurnalistlərə deyib ki, oğlu ilə Nuranə Ələkbərova keçən ildən qeyri-rəsmi nikahda olublar.
"Hər ailədə söz-söhbət olur. Onlar keçən ildən birlikdə yaşayırdılar, sonradan ayrıldılar. Uşaqları yox idi", - o bildirib.
“Baku TV” kənd sakinlərinə istinadən məlumat yayıb ki, cütlük arasında mübahisə yaşandığına görə Ələkbərova Şirvan şəhərinə valideynlərinin yanına qayıdıb, Talıbzadə isə onu kəndə geri gətirib.
Bənzər hadisələr fonunda Azərbaycanda erkən nikahlar vaxtaşırı gündəmə gəlir.
Mart ayında Ağcabədidə 14 yaşlı qızın ana olması barədə xəbər yayılmışdı. Faktla bağlı cinayət işi getməyinə baxmayaraq, yeniyetmə ilə cinsi əlaqədə olmuş 24 yaşlı şəxs polis nəzarətinə verilməklə azadlığa buraxılıb.
Buna səbəb kimi isə yeniyetmənin və valideynlərinin şikayətçi olmaması göstərilib.
Cinayət Məcəlləsinin 176-cı maddəsinə görə, nikah yaşına çatmayan qadını məcburi evləndirməyə görə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, 2023-cü ildə 293 erkən evliliyin qarşısı alınıb.
Başqa bir məlumatda isə bildirilir ki, 2023-cü ildə 18 yaşına çatmayan qızlar tərəfindən 1742 uşaq dünyaya gəlib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Fərqanə Novruzova
Sosial Media
“Abzas Media işi”ndə şahidlər dindirilib
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub