Ölkə

Kimi aldadırsan, ay zalım oğlu?..

13 Fevral, 2026
391

Foto/kollaj: Toplum TV

Tutaq ki, həqiqətən Əli Kərimlinin Ramiz Mehdiyevlə əlaqəsi olub, bəs bu adamı yüksək vəzifəyə təyin edərək 25 il orada saxlayanlar cavabdehlik daşımır?

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) fevralın 12-də “Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yarandığı” haqqında yazılı açıqlama və videomaterial yayıb. Videomaterialda R. Mehdiyevə və “Azadlıq” qəzetinin baş redaktoru olmuş Qənimət Zahidə aid səs yazıları, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının görüntüləri də yer alıb.

F. Qəhrəmanlının 2020-ci ilin iyulunda, general Polad Həşimovun həlak olduğu Tovuz döyüşlərindən sonra Bakıda orduya dəstək və müharibə tələbi ilə keçirilən kütləvi aksiya və Milli Məclisə yürüşlə bağlı naməlum tarixdə (pandemiya zamanı) istintaqa verdiyi ifadə, eləcə də onun naməlum şəxsdən pul aldığına dair görüntülər videomaterialın ən ciddi məqamlarıdır.

F. Qəhrəmanlı sual doğuran bu məqamlara sosial mediada aydınlıq gətirməyə çalışıb. Amma onun izahatının yeni suallar doğurduğunu qeyd etmək lazımdır. Şübhəsiz ki, həm bu məqamlara, həm də şəxsən özü haqqında iddialara Ə. Kərimli də aydınlıq gətirməlidir və yəqin ki, yaxın günlərdə müvafiq açıqlama yayacaq. Amma ümumən hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, həmçinin Kərimli-Mehdiyev əlaqələrinə dair DTX-nin ittihamlarının nə dərəcədə etimad doğurduğu üzərində ayrıca dayanmaq lazımdır.

Azərbaycanın müasir müstəqillik tarixində, başqa sözlə, Əliyevlər dövründə bu tip və buna bənzər ittihamlar və iddialarla cinayət işlərinin açılması, mövzuya dair “teleseriallar” hazırlanması əvvəllər də olub. Adiləşdiyi üçün ictimaiyyət bunlara “çevriliş şousu” adını qoyub. Hər kəs başa düşür ki, bu işlər ilk növbədə rejimin siyasi maraqlarından və onun öz hakimiyyətini qorumaq instinktindən irəli gəlir. Bu səbəbdən Azərbaycan hakimiyyətinin daxili ictimai rəydə ciddi inandırıcılıq problemi var.

Hətta dövlət orqanları doğruları söyləsələr belə, toplumda buna şübhə ilə yanaşanlar heç də az olmur. Hansısa müxalifətçi, yaxud müstəqil-müxalif jurnalistlər, vətəndaş cəmiyyəti təmsilçiləri gizli və qanunsuz maliyyə əlaqələrində ittiham ediləndə cəmiyyət şok keçirmir və ittiham olunanlara qarşı öz etirazını, qəzəbini, nifrətini ifadə etmir. Həmin müxalifətçinin, jurnalistin, QHT nümayəndəsinin həqiqətən qaçaqmalçılıq yolu ilə 3 min, 5 min, 10 min pul əldə etdiyinə inananların da o dəqiqə ağıllarına gəlir ki, axı siz hakimiyyət mənsubları hər gün milyonlarla ölçülən miqdarlarda rüşvət alırsınız, hər il milyardlarla büdcə vəsaitini mənimsəyirsiniz, dövləti talayırsınız. Belə olan halda başqalarını qanunsuz gəlir əldə etməkdə ittiham etməyiniz, hansısa kasıb jurnalistin xaricdən 3-5 min avro gətirdiyini iddia etməyiniz komik görünür. Müxaliflər qarşısında mənəvi-əxlaqi üstünlüyünüz yoxdur. Bu gün cümlə xəyanətlərə bais olmaqda suçladığınız Ramiz Mehdiyev də sizin içinizdən çıxıb, hakimiyyətinizin formalaşmasında və möhkəmlənməsində xüsusi rol oynayıb.

Mərhum şair Məmməd İsmayıl demişkən,

Əgər iç üzünü bu xalq bilirsə,
Kimi aldadırsan, ay zalım oğlu?..

Çevriliş məsələsinə gəldikdə, həqiqətən bu yöndə hazırlıqlar və cəhdlər olubsa da bunun səbəbkarı mövcud rejimdir. Çünki ölkədə qanuni və konstitusion yolla hakimiyyət dəyişikliyi imkanı yoxdur. Bu yolu hakimiyyət özü bağlayıb. İllərdir bütün səviyyələrdə seçkilər saxtalaşdırılır, dövlət hakimiyyətinin həyata keçirilməsində xalqın iradəsi heç bir rol oynamır.

Əlbəttə ki, zorakı çevriliş cəhdləri, antikonstitusion əməllər heç bir halda təqdir edilə və qanuni sayıla bilməz. Amma seçki saxtakarlığı da əslində hakimiyyətin zorla ələ keçirilməsi və uzurpasiyası deməkdir. Bu da ağır cinayətdir. Konstitusiyanın 1-ci maddəsinin 1-ci bəndində yazılan müddəa (“Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”) yerinə yetirilmirsə, başqa nədən danışmaq olar?

Ona görə də Azərbaycan xalqının ağlını və zəkasını ələ salmaq lazım deyil. İnsanların çox vaxt susması, hadisələrə açıq münasibət bildirməkdən çəkinməsi o demək deyil ki, onlar baş verənləri anlamır, kimin kim olduğunu bilmir. Bu susqunluq ölkədə yaradılmış qorxu mühiti ilə əlaqədardır. İnsanlar öz yoxsulluğunun, hüquqsuzluğunun, sabaha ümid­sizliyinin, övladlarının gələcəyindən narahatlığının əsl səbəbkarının kim olduğunu gözəl başa düşür. Ötən günlərdə vəfat edən deputat Fəzail Ağamalıya qarşı sosial şəbəkələrdə göstərilən münasibət çox şeydən xəbər verir. F. Ağamalı dövlət vəzifəsi tutmurdu, məmur deyildi, adi bir deputat idi. Buna baxmayaraq, mandatı xalqdan deyil, hakimiyyətdən alması, xalqın problemlərini və dərdlərini dilə gətirməməsi, hakimiyyətə yarınması, yaltaqlığı və sair səbəblərdən camaat ona rəhmət oxumadı, ölümündən təəssüflənmədi...

Tutaq ki, həqiqətən Əli Kərimlinin hansısa dövrdə Ramiz Mehdiyevlə gizli əlaqələri olub. Məqsəd bunu qəti, birmənalı şəkildə istisna etmək və Ə. Kərimlini müdafiə etmək deyil. Yaxşı, bəs Ramiz Mehdiyevi Prezident Aparatının (sonradan Administrasiya adlandırıldı) rəhbəri kimi yüksək vəzifəyə (faktiki olaraq o zaman dövlətin ikinci postu) gətirən və 25 ilə yaxın orada saxlayan da Əli Kərimli olub? Buna görə də Əli Kərimli cavab verməlidir? Dövlətə və xalqa kim daha çox zərər vurmuş ola bilər: Mehdiyevlə nə vaxtsa əlaqəsi olmuş (bu həqiqətdirsə) Əli Kərimli, yoxsa Ənvəroviçə o vəzifəni etibar edənlər?

Ramiz Mehdiyevin Rusiyanın adamı olması dünən ortaya çıxan fakt deyil, bunu illərdir, hətta onillərdir ölkədə hər kəs bilir. Hakimiyyət mənsubları və şəxsən İlham Əliyev özü də bunu çox yaxşı bilirdi, amma onu dövlətin ikinci adamı postunda saxlayırdı. Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun da Rusiyanın adamı olduğunu bilməyən yox idi, buna baxmayaraq, o da uzun illər strateji əhəmiyyətli vəzifədə qaldı. Bu şəxslərin çalışdığı müddətdə dövlətə və milli təhlükəsizliyə vurduqları zərərin miqyasını dəqiq bilməsək də, bunu təsəvvür etmək çətin deyil. Bəs bütün bunlara görə kim cavabdehlik daşımalıdır? Sual, təbii ki, ritorikdir, cavabı bəllidir.

Demək istənilən odur ki, ölkədə hər kəs hər şeyi olmasa da, çox şeyi dərk edir və anlayır. Yayılan rəsmi açıqlamalar və hazırlanan videoreportajlar, televiziya verilişləri dünənlə müqayisədə bu gün insanların fikirlərini, təsəvvürlərini radikal şəkildə dəyişə bilməz.

Qeyd: Yazıdakı fikirlər “Toplum TV”-nin mövqeyini əks etdirmir, müəllifin mövqeyini əks etdirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Niyə bəzi tarixi abidələrə milyonlar ayrılır, digərləri isə baxımsız qalır?

16 İyul 2026

Toplum TV

Hər il dövlət büdcəsindən tarixi-mədəni irsin qorunması, bərpası və abadlaşdırılması üçün milyonlarla manat vəsait ayrılır. Son illərdə təkcə Qobustan rayonundakı Diri Baba türbəsinin bərpasına 683,5 min manat, Ağdamdakı Şahbulaq qalasında bərpa işləri və turizm infrastrukturunun yaradılmasına isə 3 milyon 530 min 197 manat vəsait nəzərdə tutulub. Bəzi abidələrin bərpası üçün isə təkrar maliyyə ayrılır. Məsələn, Naxçıvandakı Möminə xatun türbəsinin bərpasına 2025-ci ildə 1 milyon manat ayrıldığı halda, 2026-cı ildə işlərin davam etdirilməsi üçün əlavə 9 milyon 566 min manat vəsait ayrılıb. Bununla yanaşı, ölkənin müxtəlif bölgələrində yerləşən çoxsaylı tarix və mədəniyyət abidələrinin illərdir baxımsız qalması və mühafizəsinin lazımi səviyyədə təmin...
Ölkə

Qumar oyunları üçün cəzalar sərtləşdirilir

10 İyul 2026

açıq mənbə

Milli Məclis qumar oyunları üçün cəzaları sərtləşdirir.  Parlamentin iyulun 10-da keçirilən iclasında bu barədə Cinayət Məcəlləsinin müvafiq maddəsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliklərdən birinə əsasən, internet və mobil rabitə şəbəkəsindən, sosial şəbəkələrdən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə etməklə qumar oyunları keçirənlər iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Onlar, həmçinin, qumar nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə ediləcək. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən isə, sözügedən əməli törədənlər on min manatdan on beş min manatadək miqdarda cərimə olunur və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum olunur. Digər dəyişiklikdə qumar oyununda təkrar iştiraka görə inzibati...

Seçilmiş Videolar

Toplum TV loqo