Siyasət

AİHM Gültəkin Hacıbəylinin səs yazılarının yayılması ilə bağlı hökumətə sorğu ünvanlayıb

29 Aprel, 2026
143

Sosial media

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) keçmiş deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin Bakıda xarici diplomatlarla apardığı söhbətin gizli şəkildə dinlənilməsi və həmin səs yazısının televiziyada yayımlanması ilə bağlı Azərbaycan hökumətinə sorğu ünvanlayıb.

“Azadlıq Radiosu”nun məlumatına görə, G.Hacıbəyli Avropa Məhkəməsinə ərizəsində Konvensiyanın 6, 8, 10 və 18-ci maddələri üzrə hüquqlarının pozulmasından şikayət edib.

O bildirib ki, 8 oktyabr 2019-cu ildə beynəlxalq təşkilat nümayəndəsi ilə restorandakı görüşü və 19 oktyabrda səfirlik əməkdaşı ilə telefon danışığı gizli qeydə alınıb, səs yazıları isə 20 oktyabrda televiziyada yayımlanıb. Bu qanunsuz dinləmə və yayımın araşdırılması, məsul şəxslərin cəzalandırılması üçün Baş Prokurorluğa müraciət etsə də, nəticə əldə olunmayıb.

Baş Prokurorluq hadisədə cinayət tərkibi olmadığı qənaətinə gələrək 6 dekabr 2019-cu ildə cinayət işi başlanmasını rədd edib. G.Hacıbəyli ərizəsində həmin qərarın surətinin ona təqdim olunmadığını qeyd edib. O, prokurorluğun imtina qərarından məhkəməyə şikayət versə də, yerli məhkəmələr işi icraata götürməyib və buna əsas kimi qərarın surətinin şikayətə əlavə olunmamasını göstəriblər. Halbuki, o, yuxarı instansiya məhkəmələrinə müraciətlərində bu sənədin ona verilmədiyini xüsusi vurğulayıb.

Bunun ardından keçmiş deputat Avropa Məhkəməsinə müraciət edib. O, Strasburqa təqdim etdiyi şikayətdə dövlət orqanlarının danışıqlarını qanunsuz dinlədiyini, gizli şəkildə qeydə aldığını və materialları jurnalist Mirşahin Ağayev-ə ötürdüyünü iddia edir. Ərizədə baş verənlərin onun siyasi fəaliyyəti ilə bağlı olduğu da vurğulanır.

Avropa Məhkəməsinin hökumətə ünvanladığı suallar arasında G.Hacıbəyliyə məhkəməyə çatımlılıq hüququnu gerçəkləşdirmək imkanının yaradılması, onun şəxsi həyatına və yazışmalarına hörmət hüququnun pozulub-pozulmaması və s. məsələlər yer alıb.

2019-cu il oktyabrın 20-də “Real TV” kanalında G.Hacıbəylinin ABŞ səfirliyi və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin diplomatları ilə telefon danışığı və görüşünün səs yazıları yayımlanıb, digər media orqanları da bu materialları tirajlayıb. Daha sonra kanal verilişi “YouTube”dan silib. Həmin efirdə Mirşahin Ağayev ABŞ-ni Azərbaycanın daxili işlərinə qarışmaqda ittiham edib, G.Hacıbəylini “casus” adlandırıb.

ABŞ səfirliyi bu iddiaları yalan və əsassız adlandıraraq bəyanat yayıb və materialların silinməsini müsbət qiymətləndirib.

G.Hacıbəyli isə diplomatlarla telefon danışığı və görüşünü təsdiqləyərək, telefonunun gizli dinlənildiyini və görüşdən əvvəl xəbərdar olan şəxslər tərəfindən restoranda dinləmə qurğusu yerləşdirildiyini ehtimal etdiyini bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi: 8 il əvvəlki sistemə qayıdış?

23 Oktyabr 2026

sosial media

Prezident İlham Əliyevin oktyabrın 19-da imzaladığı fərmanla Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib.  Fərmana əsasən, TƏBİB publik hüquqi şəxs kimi fəaliyyətini davam etdirəcək və onun Müşahidə Şurasının səlahiyyətlərini nazirliyin yaratdığı komissiya həyata keçirəcək. Əliyevin həmin gün imzaladığı sərəncamla TƏBİB-in icraçı direktoru Anar Bayramov səhiyyə naziri təyin olunub. Digər sərəncamla isə səhiyyə naziri Teymur Musayev baş nazir müavini təyin edilib.  Prezident TƏBİB-i 2018-ci ilin dekabrında imzaladığı fərmanla yaratmış və Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrini bu qurumun tabeliyinə vermişdi. 2022-ci ildə verilən fərmanla isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin TƏBİB üzərindəki səlahiyyətləri...
Siyasət

Əli Kərimli və Məmməd İbrahimə qarşı cinayət işi məhkəməyə göndərilib

23 Oktyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiya Ali Məclisinin katibi Məmməd İbrahim barəsində açılan cinayət işi məhkəməyə göndərilib. “Qafqazinfo”nun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin topladığı istintaq materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim olunub. İlk məhkəmə iclasının vaxtı hələ açıqlanmayıb. Hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə yekun ittiham irəli sürülüb. Bu maddə hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Əli Kərimli 2025-ci il noyabrın 29-dan həbsdədir. O, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş hərəkətlərdə ittiham olunur. AXCP sədri ittihamı...

Seçilmiş Videolar

Toplum TV loqo