Siyasət

Akif Qurbanov: “Demokratik seçki keçirməyən rejim və məmurları da öz gəlirlərini açıqlasın”

22 May, 2026
230

Sosial media

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov "Toplum TV işi" üzrə sonuncu məhkəmə prosesində çıxış edərək qanunsuz gəlir əldə etməsi barədə ittihama cavab verib.

A.Qurbanovun çıxışını olduğu kimi təqdim edirik:

Qanuna əsasən ittihamı sübut etmə yükü dövlət ittihamını müdafiə edən tərəfin üzərindədir. Yəni, bizi nədə ittiham edirlərsə, gərək bizi tutan polis (DİN, Bakı şəhər baş polis idarəsi) və istintaqa nəzarət edən Prokurorluq (Baş Prokurorluq və Bakı Şəhər Prokurorluğu) irəli sürülən, iddia edilən rəsmi ittiham (6 maddə) üzrə sübut ortaya qoymalıdır. İbtidai istintaq dönəmində tanış olduğumuz 23 cildlik cinayət materiallarında və onlar əsasında hazırlanan ittiham aktında irəli sürülən 6 maddəni sübut edən dəlillər yoxdur.

12 aydan artıq davam edən “kvazi məhkəmə” (red. - formal məhkəmə görüntüsü yaradan proses) səhnəsində də əsaslı qanuni sübutları hələ görən olmayıb, müxtəlif cür təzyiq və təhdid əsasında (şahidlər məhkəmədə ifadələrində təsdiq etdilər) əldə edilmiş sübut kimi təqdim edilən şahid ifadələri də məhkəmədə şahidlərin dindirilməsində öz əksini tapmadı. Məlum oldu ki, ya müstəntiq öz istədiyini yazıb, şahidə imzalatdırıb, ya da şahid bir formada danışır, müstəntiq isə özündən əlavələr edib, şahiddən xəbərsiz. Ya da şahidi aldadaraq ifadəsini göstərib, amma çap edəndə öz əlavələrinə imzalatdırıb və s.

İttihamın sübut kimi təqdim etdiyi digər iddialar, polislərin əlləriylə evimizə və ofislərimizə qoyduqları xarici valyuta, iki ofisdən və evlərdən götürdükləri avadanlıqlar, mebellər, elektron cihazlar, ofis ləvazimatları, 4 nəfərin əmlakı kimi 5 avtomobil, bağ evi və s. guya cinayət yolu ilə əldə olunub. Qeyd edilənləri qaçaqmalçılığın və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamının sübutu kimi təqdim edirlər.

Bundan əlavə, fiziki şəxs kimi sahibkar olaraq vergi qeydiyyatında olduğumuz bank hesablarına xidmət müqavilələri əsasında daxil olan vəsaitlər üzrə vergilər ödədiyimiz və illər uzunu vergi orqanları heç bir irad bildirmədiyi halda, birdən-birə qanunsuz sahibkarlıq iddiası ilə əlavə cinayət ittihamı irəli sürülüb.

Beləliklə, rəsmi ittihamda göstərilən cinayət təqibi dövründən (2019-2024) əvvəl alınmış atamın mülkiyyətində olan avtomobil (2016-cı ildə alınıb) həyat yoldaşımın mülkiyyətində olan bağ (2018-ci ildə alınıb) azyaşlı övladlarımın mobil telefonları və noutbukları, kompüter, atamın mobil telefonu və s. qatıb-qarışdırılıb. Qeyd edilən əmlak və əşyalar şişirdilərək, yüksək rəqəmlərlə qiymətləndirilərək, üzərinə qoyduqları valyutaları, bank hesabımızda vergisini ödədiyimiz vəsaitləri toplayaraq, 9 nəfər üçün cəmi 1.038.618 manatlıq rəqəm ortaya qoyublar.

Qeyd etdiyim kimi, sübut etmə yükünün hakimiyyətin borcu olmasına və əldə edə bilməməsinə baxmayaraq, cəmiyyətin həqiqəti bir daha bilməsi naminə hesabatlılıq və şəffaflıqdan qaçmayaraq (YAP hakimiyyətindən fərqli olaraq) ictimai-siyasi məsuliyyəti olan şəxs kimi ittihamın 1.038.618 rəqəminin qondarma olduğunu təqdim etdiyim sübutla bir daha ifşa edirəm.

Belə ki, hakimiyyət, 9 nəfər üçün saxta da olsa (o cümlədən qanunsuz yolla əldə olunmuş “fakt”sübut kimi təqdim edilə bilməz gerçəkliyini xatırladaraq) təqdim etdiyi 1.038.618 manatdan da artıq rəsmi və qanuni gəlir əldə etdiyimi sübut edən üç sənədi cəmiyyətə təqdim edirəm. “Kvazi” olsa da, tarix naminə məhkəməyə də təqdim edirəm.

Bu üç sənəd mənim və yoldaşımın əldə etdiyi əmək haqları barədə arayışlar və sahibkar kimi üç valyuta (manat, avro və ABŞ dolları) əldə etdiyim vəsaitin təsdiqi olan bank hesabından çıxarışlardır. Qeyd edim ki, istintaq məqsədli şəkildə əmək haqları barədə məlumatları əldə edib, iş materiallarına daxil etməyib. Bank çıxarışı isə olsa da, mənim əleyhimdə istifadə edib qanunsuz olaraq. Bu üç sənəd sübut edir ki, mart 2024-cü ilə qədər gəlirim xarici valyutada 729.026 ABŞ dolları miqdarında, milli valyuta ilə 1.239.344 manat gəlirim olub. Yəni, hakimiyyətin 9 nəfərin adına göstərdiyi rəqəmdən də tək mənim gəlirim düz 200.726 manat artıqdır. Hələ digər dostların gəlirlərini bura əlavə etmədim. Təkcə mənimki artıqlaması ilə yetərlidir.

Onu da əlavə edim ki, hətta hakimiyyətin şişirib topladığı rəqəmi, 1.038.618-i, gerçək kimi fərz etsək belə təqdim etdiyim 3 sənəd əsas verir deyəm ki, o vəsaitlərin qanun mənbəyi olduğu üçün cinayət yolu ilə əldə edilmiş hesab edilə bilməz və ya cinayətin maddi sübutu kimi təqdim edilə bilməz. Hətta bir qədər də irəli gedərək bu 3 sənəd əsasında polislərin əlləri ilə qoyduğu valyutaları belə sahiblənməyə çalışsaq, heç bir qanun pozuntusu baş verməz.

Amma biz həqiqətin gözünə dik baxaraq nəyin bizim, nəinsə saxta olduğunu cəmiyyətə açıq və səmimi ifadə edirik. Beləliklə, bu qədər gücü, zorakı aparatı, hər cür özbaşınalıqdan yayınmayan güc orqanlarının bu qədər arsenalının, Prezident Administrasiyasının və onun nəzarətində olan propaqanda maşınının yalanlarını təqdim etdiyi sübutları təkcə mənim bu 3 sənədim darmadağın edir.

Millətimizə xatırladım ki, respublikaçı olan bizlərlə “tək adam” rejimi quran YAP hakimiyyətinin fərqi də budur. Biz bu ənənəni irs kimi qurucu babalarımız olan Rəsulzadə, Xoyski, Yusifbəli, Topçubaşovlardan götürmüşük. 32 ildən artıqdır hakimiyyəti zəbt edərək əldən verməyi düşünmək belə istəməyən, uduzmaqdan qorxduğu üçün demokratik seçki keçirməyən, səhvsiz və nöqsansız olduğunu zənn edən mütləqiyyət rejiminin sahibi və onun məmurları, o cümlədən bizim işdə adı keçən “hüquq-mühafizə orqanları” və “məhkəmə hakimiyyətinin” təmsilçiləri də öz gəlirlərini açıqlasın. Xalq da daha kimin kim olduğunu qənaətinə gəlsin. İlham Əliyev və onun rejiminə hodri meydan deyirəm!


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Azərbaycan hökuməti ölkədə sərbəst toplaşmaq azadlığının pozuntusunu tanıyıb

17 İyun 2026

VOA

Azərbaycan hökuməti bir sıra siyasi fəalların sərbəst toplaşmaq azadlığının pozuntusunu tanıyıb, onlara təzminat ödəməyə razılaşıb.  Bu barədə "Azadlıq Radiosu" xəbər yayıb. Hüquqlarının pozulduğunu iddia edən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Təşkilat şöbəsinin rəhbəri Saqif Qurbanov, partiyanın Ali Məclisinin keçmiş sədri Nurəddin Məmmədli, hazırda fəaliyyətini dayandırmış Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvləri Arif Əzizzadə, Arifə Hüseynli və Dilarə Miriyeva bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət ediblər.  Şikayətçilər ərizələrində ölkədə dinc toplantıların və etiraz aksiyalarının keçirilməsinə imkan verilmədiyini, bununla bağlı şikayətlərinə isə baxılmadığını bildiriblər. Ərizəçilər məhkəmədən Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci (yığıncaqlar və birləşmək azadlığı) və 13-cü (səmərəli hüquqi müdafiə...
Siyasət

"Human Rights Watch" Azərbaycan hakimiyyətini Rüfət Səfərovu azad etməyə çağırır 

17 İyun 2026

Sosial media

"Human Rights Watch" beynəlxalq insan hüquqları təşkilatı Azərbaycan hakimiyyətini həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovu azad etməyə çağırıb.  Təşkilat yayımladığı bəyanatda bildirib ki, R.Səfərovun iyunun 12-də səkkiz il müddətinə azadlıqdan məhrum edilməsi Azərbaycanda "artıq ciddi şəkildə məhdudlaşdırılmış vətəndaş cəmiyyəti məkanına vurulan növbəti zərbədir".  Bəyanatda xatırladılır ki, R.Səfərov 2024-cü ilin dekabrında ABŞ-nin Bakıdakı səfirliyindən viza götürdüyü gün həbs edilib. O, həmin viza ilə ABŞ Dövlət katibinin "İnsan Hüquqları Müdafiəçisi Mükafatı"nı almaq üçün Vaşinqtona səfər edəcəkdi.  "Rüfət Səfərovun mühüm beynəlxalq insan hüquqları mükafatını almağa hazırlaşdığı ərəfədə həbs edilməsi bu işin onun insan hüquqları sahəsində fəaliyyətinə görə qisas xarakteri daşıdığına dair ciddi əsaslar...

Seçilmiş Videolar

Toplum TV loqo