Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi qapalı keçirilib, fəallar prosesə buraxılmayıb
sosial media
Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
AXCP üzvlərinin yaydığı məlumata görə, məhkəmə iclası qapalı keçirilib. Partiya fəalları jurnalistlərin, dəstək üçün gələn şəxslərin və AXCP üzvlərinin məhkəmə binasına buraxılmadığını bildiriblər.
Məlumata görə, təqsirləndirilən şəxslərin cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi, həmçinin Əli Kərimlinin vəkillərinin yanında əyləşməsi ilə bağlı vəsatətləri təmin olunmayıb.
Əli Kərimli ittihamın əsassız olduğunu deyərək cinayət işinə xitam verilməsini tələb edib. O, prosesin qapalı keçirilməsinə etiraz edib və məhkəmə iclasları bu qaydada davam edəcəyi halda, onlarda iştirak etmək istəmədiyini bildirib.
Növbəti məhkəmə iclası noyabrın 13-nə təyin olunub.
Milli Şuranın sədri Cəmil Həsənli sosial media hesabında məhkəmə başlamazdan əvvəl binanın ətrafına polis əməkdaşlarının yerləşdirildiyini yazıb.
“Polis heç kimi məhkəmə binasına yaxın buraxmır, prosesin qapalı keçiriləcəyini bildirirdi. Halbuki məhkəmənin qapalı olub-olmamasına saat 10:00-da başlayan iclasda məhkəmə heyəti qərar verməli idi. Hakimlərin qərarı və proses başlamazdan əvvəl polisin məhkəmənin qapalı olduğunu bildirməsi göstərir ki, bu qərar yuxarıdan verilib. Əli Kərimlini necə saxlamışdılarsa, elə də ‘mühakimə’ edirlər”, - Cəmil Həsənli yazıb.
Əli Kərimli və Məmməd İbrahim 2025-ci ilin noyabrında həbs olunublar. Onların əvvəlcə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı açılmış cinayət işi çərçivəsində saxlanıldığı bildirilsə də, sonradan işlər ayrılıb.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi - hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə yekun ittiham verilib. Bu maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
AXCP ittihamları siyasi motivli və əsassız hesab edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
RSF
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar