Siyasət

RSF İlham Əliyevi yenə “mətbuat azadlığının düşmənləri” siyahısına daxil edib

3 noyabr, 2026
16

RSF

“Sərhədsiz Reportyorlar” təşkilatı (RSF) Azərbaycan prezidenti İlham Əliyevi və ABŞ prezidenti Donald Trampı 2026-cı il üzrə “mətbuat azadlığının düşmənləri” siyahısına daxil edib.

Noyabrın 2-də - Jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlığa son qoyulması günü yayımlanan siyahıda 33 şəxs və qurum yer alıb. RSF onların jurnalistləri və media qurumlarını hədəfə aldığını bildirir.

Təşkilat Azərbaycanı dünya mətbuat azadlığı İndeksində 180 ölkə arasında 171-ci yerdə göstərib. 

Əliyevi isə ölkəsində informasiyanı boğan liderlər sırasında göstərilir. RSF bildirir ki, Əliyevin hakimiyyəti dövründə Azərbaycanda hökuməti tənqid edən səslər susdurulub, müstəqil media qurumları bağlanıb və ya ölkəni tərk etməyə məcbur olub.

RSF İlham Əliyevi 2003-cü ildən, prezident vəzifəsinə başladığı vaxtdan mətbuat azadlığı “düşməni” kimi təqdim edir və təzyiqlərin xüsusilə 2014-cü ildən gücləndiyini bildirir.

Təşkilat 2022-ci ildə qəbul edilən “Media haqqında” Qanunun senzuranı institusionallaşdırdığını qeyd edib.

RSF-nin məlumatına görə, hazırda Azərbaycanda 27 media nümayəndəsi həbsdədir. Təşkilat həmçinin jurnalistlərə qarşı hökmlərin ağırlaşdığını, 2026-cı ilin iyulunda “Toplum TV” jurnalistlərinə 14 ilədək həbs cəzalarının verildiyini bildirib.

RSF rəsmi Bakının təzyiq siyasətini ölkə sərhədlərindən kənara da daşıdığını, xaricdə yaşayan jurnalist və blogerlərin  təhdidlərlə üzləşdiyini qeyd edib.

RSF 2026-cı il üzrə media sahəsində dövlət nəzarətinin gücləndirilməsini, “Toplum TV” əməkdaşlarına verilən uzunmüddətli həbs cəzalarını, məhkəmə qərarı olmadan saytların bloklanmasına imkan yaradan dəyişiklikləri və “Abzas Media” jurnalistləri haqqında həbs hökmlərinin Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmasını əsas faktlar kimi göstərib.
Təşkilat İlham Əliyevin fevralın 14-də Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi “Dünyada müstəqil media yoxdur” fikrini də sənədə daxil edib. RSF Əliyevin “seçdiyi silah” kimi institusionallaşdırılmış senzuranı göstərib.

RSF-nin baş direktoru Tibo Brütten bildirib ki, siyahının məqsədi mətbuat azadlığının geriləməsinə görə məsuliyyət daşıyan şəxsləri və qurumları müəyyənləşdirməkdir.
“Fiziki və ya şifahi zorakılığa, hüquqi sui-istifadəyə, hədəyə, faktların rəqəmsal manipulyasiyasına və ya iqtisadi təzyiqə əl atmalarından asılı olmayaraq, bu düşmənlərin məqsədi eynidir: jurnalistlərin işini görməsinə mane olmaq və vətəndaşları müstəqil mənbələrdən informasiya almaq imkanından məhrum etmək”, - o deyib.

Təşkilat siyahını Dünya Mətbuat Azadlığı İndeksinin göstəriciləri əsasında siyasi, təhlükəsizlik, hüquqi, iqtisadi və sosial kateqoriyalar üzrə hazırlayıb. Siyahıya medianı susdurmaq üçün dövlət imkanlarından istifadə etməkdə, jurnalistlərə qarşı zorakılıq törətməkdə, onları həbs etməkdə, xəbər redaksiyalarına maliyyə təzyiqi göstərməkdə, hüquqi mexanizmlərdən jurnalistlərə qarşı istifadə etməkdə və peşəyə qarşı nifrəti təşviq etməkdə ittiham olunan şəxslər və qurumlar daxil edilib.

“Siyasi” kateqoriyada İlham Əliyevlə yanaşı, Belarus prezidenti Aleksandr Lukaşenko, Rusiya prezidenti Vladimir Putin, Nikaraqua prezidenti Daniel Orteqa, Taliban lideri Heybətullah Axundzadə, Uqanda ordusunun komandanı Muhozi Kayneruqaba və Donald Tramp yer alıb.

RSF Donald Trampın ikinci prezidentlik müddətində mətbuata qarşı siyasətinin sərtləşdiyini bildirib. Təşkilatın fikrincə, Trampın mediaya yönələn hücumları təkcə ritorika və dövlət siyasəti ilə məhdudlaşmayıb, jurnalistlər üçün fiziki məhdudiyyətləri də əhatə edib. RSF qeyd edib ki, ABŞ təşkilatın Dünya Mətbuat Azadlığı İndeksində 64-cü yerdədir.

“Təhlükəsizlik” kateqoriyasına İsrail silahlı qüvvələri, Çin Kommunist Partiyası, Meksikadakı “Jalisco Yeni Nəsil” karteli (CJNG), Burkina Fasoda hakim hərbi xunta, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman, Misir prezidenti Əbdülfəttah əs-Sisi, M23 silahlı qruplaşması və Qvineya prezidenti Mamadi Dumbouya daxil edilib. RSF İsrailin Qəzza, İordan çayının Qərb sahili və Livandakı siyasətini, Çində jurnalistlərin həbslərini və Meksikada media nümayəndələrinə qarşı zorakılığı tənqid edib.

“Hüquqi” kateqoriyada ABŞ Federal Rabitə Komissiyasının sədri Brendan Karr, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Honkonq rəhbəri Con Li Ka-çiu, Roskomnadzor, “Adani Group” və Qazaxıstan prezidenti Qasım-Comart Tokayev yer alıb. RSF onları jurnalistlərə və media qurumlarına qarşı hüquqi təqiblərdən istifadə etməkdə ittiham edib.
“Sosial” kateqoriyaya Elon Mask, “HonestReporting”, Slovakiyanın baş naziri Robert Fitso, Argentina prezidenti Xavyer Miley, RT-nin baş redaktoru Marqarita Simonyan, “OpIndia” və Burkina Fasodakı BIR-C daxil edilib. Təşkilat bu aktorların mediaya qarşı qarayaxma kampaniyaları apardığını və jurnalistlərə etimadsızlığı təşviq etdiyini bildirib.
“İqtisadi” kateqoriyada “Alphabet” və “Meta”, Bidzina İvanişvili, Vladimir Tabak, Vensan Bollore və Keniya prezidenti Uilyam Ruto yer alıb. RSF onları müstəqil medianı maliyyə təzyiqi ilə zəiflətməkdə ittiham edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi qapalı keçirilib, fəallar prosesə buraxılmayıb

3 noyabr 2026

sosial media

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində cinayət işi üzrə məhkəmə baxışı başlayıb. AXCP üzvlərinin yaydığı məlumata görə, məhkəmə iclası qapalı keçirilib. Partiya fəalları jurnalistlərin, dəstək üçün gələn şəxslərin və AXCP üzvlərinin məhkəmə binasına buraxılmadığını bildiriblər. Məlumata görə, təqsirləndirilən şəxslərin cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi, həmçinin Əli Kərimlinin vəkillərinin yanında əyləşməsi ilə bağlı vəsatətləri təmin olunmayıb. Əli Kərimli ittihamın əsassız olduğunu deyərək cinayət işinə xitam verilməsini tələb edib. O, prosesin qapalı keçirilməsinə etiraz edib və məhkəmə iclasları bu qaydada davam edəcəyi halda,...
Siyasət

Avropa İttifaqı: Jurnalistlərə qarşı cinayətlər cəzasız qalmamalıdır

3 noyabr 2026

sosial media

Avropa İttifaqı jurnalistlərin öldürülməsi, təqib olunması, qanunsuz saxlanılması və peşə fəaliyyətinə görə təzyiqlərlə üzləşməsi ilə bağlı bəyanat yayıb. Noyabrın 1-də Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas, Avropa Komissiyasının icraçı vitse-prezidenti Henna Virkkunen və komissar Maykl Makqrat Beynəlxalq Jurnalistlərə Qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Günü münasibətilə birgə bəyanat yayıblar. Bəyanatda qeyd olunub ki, dünyanın müxtəlif yerlərində jurnalistlər öldürülür, işgəncəyə məruz qalır, təqib edilir, həbs olunur və ölkələrini tərk etməyə məcbur qalırlar. “Jurnalistlər onlayn təqib, qanunsuz müşahidə, nüfuzdan salma kampaniyaları, məhkəmə iddialarından sui-istifadə və iqtisadi təzyiqlərlə üzləşirlər”, - bəyanatda bildirilib. Aİ rəsmiləri qadın jurnalistlərin bu cür hücumlarla...

Seçilmiş Videolar

Toplum TV loqo