Siyasət

İqbal Əbilov 1 il müddətinə qapalı tipli həbsxanaya göndərilib

3 Noyabr, 2026
46

sosial media

Həbsdə olan akademik tədqiqatçı İqbal Əbilov 1 il müddətinə qapalı tipli həbsxanaya göndərilib.
Yaxınlarının məlumatına görə, noyabrın 2-də Qaradağ Rayon Məhkəməsində Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsinin Əbilovun 3 il müddətinə qapalı tipli həbsxanaya keçirilməsi ilə bağlı təqdimatına baxılıb.
Hakim Teymur Qurbanovun sədrlik etdiyi açıq məhkəmə iclasında təqdimat qismən təmin edilib. Məhkəmə Əbilovun 1 il müddətinə qapalı tipli həbsxanaya göndərilməsi barədə qərar qəbul edib.

İclasda talış dilində çıxış edən Əbilov ona istinad edilən intizam pozuntularının əsassız olduğunu bildirib. O deyib ki, cəzaçəkmə müəssisəsinin barəsində qəbul etdiyi bir sıra qərarlarla tanış edilməyib, ondan izahat alınmayıb.
“Haqsızlığın qarşısında susmaq, boyun əymək olmaz. Ona görə də bu, kimlər üçünsə Don Kixotluq kimi görünsə də, nəticəyə heç bir təsiri olmasa da, mən susa bilmərəm”, - Əbilov bildirib.

O, müəssisənin məhbuslar arasında qarışıqlıq yaratmaq, digər məhbuslara təsir göstərmək və milli nifrətə yönələn hərəkətlər etmək barədə iddialarını da qəbul etməyib. Əbilov bu ittihamların araşdırılması üçün məhbusların şahid qismində dindirilməsini və müşahidə kameralarının görüntülərinə baxılmasını istəyib.

Tədqiqatçı talış dilində şeir yazılmış köynəyinə görə cəzalandırıldığını da deyib. O qeyd edib ki, köynəyin üzərindəki “Millət öz başını itirən günü, qazanır yurdunun ölüm hökmünü” misralarında dövlətə qarşı heç bir çağırış yoxdur. Əbilov şeirin ekspertizadan keçirilməsi ilə bağlı vəsatət verib.

Əbilov bildirib ki, 2026-cı il iyulun 9-da Bakı İstintaq Təcridxanasında köynəyi əlindən alınıb, daha sonra zor tətbiq edilərək cərimə təcridxanasına salınıb. O, iki ay cərimə təcridxanasında saxlanıldığını, çarpayıya qandallandığını və bu müddətdə səhhətinin pisləşdiyini deyib.
“Əgər talış dilində bir beytə görə mənə qarşı güc tətbiq edirlərsə, məni çarpayıya qandallayırlarsa, iki aylığına cərimə təcridxanasına salırlarsa və qapalı tipli həbsxanaya göndərirlərsə, onda ölkədə talış dilinin vəziyyəti barədə nə demək olar?!” - o bildirib.

Əbilovun sözlərinə görə, cərimə təcridxanasında olduğu müddətdə xroniki bronxiti kəskinləşib, nəfəs almaqda çətinlik çəkib, lakin tibbi yardım göstərilməyib.

Çıxışının sonunda o, Penitensiar Xidmətin təqdimatının təmin edilməməsini istəyib. Əbilov qərarın əvvəlcədən planlaşdırıldığını və intizam pozuntuları ilə bağlı sənədlərin saxtalaşdırıldığını iddia edib.
“Bilin: burada ittiham edən tərəf onlar deyil, ittiham edən tərəf mənəm”, - o əlavə edib.

İqbal Əbilov 2025-ci il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il azadlıqdan məhrum edilib.

Belarusda yaşayan tədqiqatçı 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına səfəri zamanı saxlanılıb. Həbsindən sonra hökumətyönlü mediada onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi iddia olunub.

O, Cinayət Məcəlləsinin 274-cü, 281.3-cü və 283.1-ci maddələri ilə ittiham olunub.
İ. Əbilovun Hüquqlarını Müdafiə Komitəsi onun siyasi fəaliyyətlə məşğul olmadığını, “yeganə cinayətinin” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsin qorunması olduğunu bildirib. Müxtəlif beynəlxalq insan haqları təşkilatları və BMT-nin bir sıra məruzəçiləri Əbilovu siyasi məhbus kimi qiymətləndiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Polad Aslanov aclıq aksiyasını dayandırıb: “Həkimlər iflic qala biləcəyimi dedilər”

3 Noyabr 2026

sosial media

Həbsdə olan jurnalist Polad Aslanov 20 gün davam edən aclıq aksiyasını dayandırıb. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova sosial media hesabında paylaşım edib. Onun sözlərinə görə, hicab qadağına etiraz olaraq oktyabrın 12-də aclıq aksiyasına başlayan Aslanov oktyabrın 31-də Müalicə Müəssisəsində aksiyanı dayandırıb. Gülmirə Aslanova həyat yoldaşının səhhətinin kəskin pisləşdiyini bildirib. Polad Aslanov aksiyanı dayandırmasının səbəbini belə izah edib: “Çəkim 41 kq, təzyiqim 50/80 idi. Artıq su da qəbul edə bilmirdim. Gözlərim qaralır, qulaqlarımdan şiddətli ağrılar qalxırdı. Həkimlər hər an komaya düşə biləcəyimi və iflic qala biləcəyimi bildirdilər. Səhhətimdə yaranan problemlərə görə aclıq aksiyasını dayandırdım. Gücüm bu qədər yetdi”. Aslanov...
Siyasət

Fərid İsmayılov: “Cəmiyyət hakimiyyət mirzələrini qələm əhli hesab etmir”

3 Noyabr 2026

VOA

“Toplum TV işi” üzrə 12 il azadlıqdan məhrum edilən jurnalist Fərid İsmayılov son günlərdə mediada bəzi jurnalislərə qarşı zorakılıq iddiaları , eləcə də Media və Yayım Şurasının (MYŞ) mövqeyi ilə bağlı yazı qələmə alıb. Yazını olduğu kimi təqdim edirik. “Son günlərdə hökumətin nəzarətində olan media qurumlarının əməkdaşları ard-arda hücumlara məruz qalırlar. Daxili İşlər Nazirliyi (DİN) insidentlə bağlı cinayət işi başlayıb, Media və Yayım Şurası isə bəyanat yayıb. DİN özü son 3 ildə azı 20 jurnalisti oğurlayıb həbs edib, onlara zorakılıq göstərib. MYŞ baş verən bu şərləmələrə susub. Jurnalist Elmar Hüseynovun qatili (qatilləri) hələ də cəzalandırılmayıb (cəzalandırılmayıblar), MYŞ bu cinayət işinin...

Seçilmiş Videolar

Toplum TV loqo