Siyasət

Hesabat: Bu il Azərbaycanda azı 49 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

27 noyabr, 2026
19

sosial media

2026-cı ilin əvvəlindən noyabrın 26-dək Azərbaycanda azı 49 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib.
Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son monitorinq hesabatında deyilir.
Məlumata görə, hərbi qulluqçulardan 16-sı müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 7-si intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Daha 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir.
Xəstəlikdən ölənlərin 9-nun ürək xəstəlikləri, 1-nin sətəlcəm, 1-nin ağciyər xəstəliyi, 1-nin “sürətlə yayılan meningit”, 1-nin “ağır xəstəlik” səbəbindən öldüyü qeyd olunub. Üç hərbi qulluqçunun ölümünə səbəb olan xəstəliklər açıqlanmayıb.

Hesabata görə, bədbəxt hadisələr nəticəsində ölən 7 nəfərdən 2-si suda, 2-si dəm qazından boğulub. Bir hərbi qulluqçu dağda sürüşmə, biri hündür mərtəbədən yıxılma, digəri isə paraşütün açılmaması nəticəsində həyatını itirib.
Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbi qulluqçu ölüb. Mayda 6, apreldə və iyunda hərəsində 5, fevralda, sentyabrda və noyabrda hərəsində 4, yanvar və avqustda hərəsində 3, mart və oktyabrda isə hərəsində 2 ölüm qeydə alınıb.
Ölənlərin 32-si Müdafiə Nazirliyinin, 13-ü Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olub. Digər 4 nəfər isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarıdır.
Hesabata görə, ölənlərin 15-i əsgər, 6-sı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXQ), 8-i gizir, 6-sı zabit, 4-ü kursant, 1-i isə çavuş olub. Digər 9 nəfərin hərbi rütbəsini müəyyən etmək mümkün olmayıb.

XHTİ-nin məlumatına görə, eyni dövrdə 8 hərbi qulluqçu yaralanıb və ya xəsarət alıb. Onlardan 5-i avtomobil qəzasında, 2-si minaya düşmə nəticəsində yaralanıb, 1 nəfər isə dağda sürüşmə zamanı xəsarət alıb.
XHTİ-nin məlumatına görə, 2025-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda azı 43 hərbi qulluqçu qeyri-döyüş şəraitində ölüb.

İnstitutun direktoru Cəsur Məmmədov daha əvvəl “Toplum TV”yə deyib ki, qeyri-döyüş itkilərinin səbəblərindən biri korrupsiyadır:
“Baxmayaraq ki, hərbi xərclər artırılır, büdcədən ayrılan pul əsgərə gəlib çatmır. Əsgərlərin təminatında və yaşayış şəraitində irəliləyişlər yoxdur. Problemlərin həlli Azərbaycanın müqaviləli orduya keçidi ilə bağlıdır. Nə qədər ki, orduda ciddi islahatlar aparılmayıb, ordunun təminatı müasir standartlara uyğunlaşdırılmayıb, əsgər ölümləri davam edəcək”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Fərid İsmayılov yazır: “Beynəlxalq standartlı Umbakı həbsxanasında yağış suyu dəhlizlərə axır”

27 noyabr 2026

sosial media

“Toplum TV işi” üzrə 12 il azadlıqdan məhrum edilən jurnalist Fərid İsmayılov yeni yazısında Umbakı Penitensiar Kompleksində məhbusların rütubət və yağış sularının yaratdığı şəraitdə saxlanıldığını bildirir. Jurnalistin sözlərinə görə, son dövrlər yağan yağışlar zamanı müəssisənin bəzi dəhlizlərinə damdan su axır, döşəmədə gölməçələr yaranır. Rütubət isə çatlamış divarlara və məhbusların saxlanıldığı hissələrə yayılır. “Dəhlizlərə axan ‘şəlalələr’dən yayınmaq mümkün olsa da, rütubətli divarlar arasında yaşamağa məcburuq”, - Fərid İsmayılov yazır. Umbakı Penitensiar Kompleksi 2023-cü ildə Ədliyyə Nazirliyi tərəfindən “müasir” və “beynəlxalq standartlara uyğun” müəssisə kimi təqdim olunmuşdu. Rəsmi məlumata əsasən, 1 300 nəfərlik kompleksdə 19 müxtəlif rejimli kamera tipli korpus inşa edilib,...
Siyasət

“Abzas Media” beynəlxalq ifadə azadlığı mükafatına layiq görülüb

26 noyabr 2026

AbzasMedia

“Abzas Media” beynəlxalq “Index on Censorship” təşkilatının 2026-cı il ifadə azadlığı mükafatının jurnalistika kateqoriyasında qalib elan olunub. Bu kateqoriyada Azərbaycan nəşri ilə yanaşı, Gürcüstanın müstəqil media qurumlarını birləşdirən “Sinatle Media” şəbəkəsi və Ukraynanın regional nəşri “Vorskla” da mükafata namizəd göstərilmişdi. “Index on Censorship” jurnalistika mükafatını senzuranı və ifadə azadlığına qarşı təhdidləri üzə çıxaran, ictimai maraq doğuran araşdırmalar və materiallar hazırlayan media qurumlarına təqdim edir. Təşkilat “Abzas Media”nı Azərbaycanda korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını araşdıran müstəqil nəşr kimi xarakterizə edib: “‘Abzas Media’nın redaksiyası Azərbaycandakı həbsxanalarla mühacirət arasında bölünüb. Bunların hər ikisi jurnalist fəaliyyəti üçün son dərəcə çətin şəraitdir. Lakin bu,...

Seçilmiş Videolar

Toplum TV loqo