Siyasət

Həyat yoldaşı: “Həkimlər Ələsgər Məmmədlidə infarkt riskinin artdığını bildiriblər”

3 Sentyabr, 2026
42

sosial media

“Toplum TV işi” üzrə 14 il azadlıqdan məhrum edilən media hüququ üzrə ekspert Ələsgər Məmmədli əldə etdiyi ümumi və biokimyəvi qan analizlərinin cavablarını ailəsinə verib.

Bu barədə onun həyat yoldaşı Günay Məmmədli məlumat yayıb.

G.Məmmədli bildirilib ki, Ə.Məmmədli sentyabrın 2-də görüş zamanı analizlərinin cavablarının yalnız bir qismini onlara verə bilib. Onun sözlərinə görə, bəzi analizlərin nəticələri təqdim edilməyib və onların harada olduğu bilinmir.

Ailəsi daha əvvəl də qan analizlərində bəzi göstəricilərin normadan yüksək, digərlərinin isə normadan aşağı olduğunu açıqlamışdı.

“Son təqdim edilən nəticələrdə ümumi xolesterin və aşağı sıxlıqlı lipoprotein (LDL) göstəricisinin normadan yüksək çıxıb. Həkimlərin sözlərinə görə, LDL səviyyəsinin yüksək olması koronar damarlarda lövhələrin yaranması, ürəyin işemik xəstəliyi və infarkt riskini artıran amillərdən biridir. Lakin həkimlər sinə ağrısı və tutmaların, eləcə də səhhətlə bağlı digər şikayətlərin daha ciddi narahatlıq doğurduğunu bildiriblər, - G.Məmmədli qeyd edib.

Ailəsinin sözlərinə görə, Ə.Məmmədlinin qalxanabənzər vəzinin ultrasəs müayinəsi (USM) hələ də aparılmayıb, ürəklə bağlı müayinələrinin nəticələri isə onlara təqdim edilməyib.
Yaxınları onun vəziyyətinin təxminən bir aydır ciddi narahatlıq doğurduğunu, lakin çağırışlarına adekvat reaksiya verilmədiyini bildiriblər:

“Ələsgər Məmmədlinin həyatı təhlükə qarşısındadır. Artıq bir aydır bununla bağlı çağırışlarımızı görməzdən gəlirsiniz. Yarımçıq müayinələrlə işinizi bitmiş hesab edirsiniz. Əgər hər hansı hadisə baş versə, bütün məsuliyyət sizin üzərinizdədir”, - Günay Məmmədli bildirib.

Ələsgər Məmmədlinin yaxınları avqustun 9-da onun gecə saatlarında ürək tutması keçirdiyini, nəbzinin dəqiqədə 120-dən yuxarı qalxdığını açıqlamışdılar. Onlar həmçinin Məmmədlidə nəfəs darlığı, boğulma və yüksək ürəkdöyünmə hallarının davam etdiyini bildirmişdilər.

Ə.Məmmədlinin qalxanabənzər vəzində 23×25 millimetr ölçüdə düyün olduğu da açıqlanıb. Ailəsi onun tam tibbi müayinədən keçirilməsini və müalicəsinin təmin olunmasını tələb edir.
Penitensiar Xidmət son açıqlamaya münasibət bildirməyib.

Ələsgər Məmmədli 2024-cü il martın 8-də Bakıda klinikalardan birindən çıxarkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb və həbs olunub.
Ailəsi və vəkilləri mütəmadi olaraq onun səhhətindəki problemlərlə bağlı narahatlıqlarını dilə gətirirlər. Vəkili bu səbəbdən onun ev dustaqlığına buraxılması üçün dəfələrlə vəsatət qaldırsa da, indiyədək heç biri təmin edilməyib.

İyulun 27-də "Toplum TV işi" üzrə keçirilən yekun məhkəmə prosesində Ə.Məmmədliyə 14 il həbs cəzası verilib.
O, qaçaqmalçılıq, vergidən yayınma və qanunsuz sahibkarlıq da daxil olmaqla bir sıra cinayətlərdə ittiham olunur. Ə.Məmmədli ittihamları qəbul etmir, hakimiyyətin sifarişi ilə həbs olunduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Instagram” 14 gün sonra “Toplum TV”nin hesabını bərpa edib

3 Sentyabr 2026

Toplum TV

“Instagram” “Toplum TV”nin şikayətlə bloklanan hesabını bərpa edib. Platforma redaksiyanın etirazından sonra əqli mülkiyyət qaydalarının pozulmadığını müəyyən edib. “Toplum TV”nin “Instagram” hesabı avqustun 20-də müəllif hüquqlarının pozulması ilə bağlı şikayətlərdən sonra bloklanmışdı. Eyni dövrdə “Abzas Media”, “Azadlıq” qəzeti və mühacirətdə fəaliyyət göstərən digər Azərbaycan media qurumlarının sosial şəbəkə hesabları da oxşar şikayətlərlə üzləşmişdi. Media qurumları birgə bəyanat yayaraq bu şikayətləri koordinasiyalı hücum və müstəqil jurnalistikanı susdurmaq cəhdi kimi qiymətləndirmişdilər. Jurnalistləri Müdafiə Komitəsi (CPJ) də baş verənlərdən narahatlığını ifadə etmiş, “Meta”nı avtoritar ölkələrdə mətbuatı senzura etmək məqsədilə məzmun moderasiyası mexanizmlərindən sui-istifadənin qarşısını almağa çağırmışdı. Mühacir Media Qurumları Şəbəkəsi (NEMO) isə “Meta”ya...
Siyasət

Paşinyan: “Ermənistandan Azərbaycana ixracla bağlı ilk müqavilə bağlanıb”

3 Sentyabr 2026

sosial media

Ermənistan baş naziri Nikol Paşinyan ölkəsindən Azərbaycana məhsul ixracı ilə bağlı ilk ticarət müqaviləsinin bağlandığını deyib. Baş nazir bunu sentyabrın 3-də hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, sövdələşmə faktiki olaraq baş tutsa da, şirkətlər daxili prosedurları hələ tamamlamayıblar. “İlk sövdələşmə artıq baş tutub. Ancaq onun bütün mərhələlərinin tamamlanmasını və bundan sonra şirkətlərin özlərinin açıqlama verməsini istərdim. Bu, hökumətin açıqlamalı olduğu məsələ deyil. Biz belə sövdələşmələrin detallarını müzakirə etmirik”, - Paşinyan deyib. Baş nazir hansı şirkətlər və məhsullardan söhbət getdiyini açıqlamayıb. Avqustun 31-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yaxın günlərdə Azərbaycan şirkətlərinin Ermənistan şirkətlərindən məhsul alması barədə...

Seçilmiş Videolar

Toplum TV loqo