Siyasət

Hicab qadağasına etirazdan sonra həbs olunan analar həbsdəki jurnalistlərə danışıb

27 Oktyabr, 2026
23

sosial media

“Meydan TV işi” üzrə həbs olunan jurnalistlər Aytac Tapdıq və Xəyalə Ağayeva hicaba görə qızları məktəbə buraxılmadıqdan sonra etiraz etdikləri üçün saxlanılan üç ana ilə müsahibə aparıblar.

“Toplum TV” müsahibələri olduğu kimi təqdim edir.
“‘Hicaba Azadlıq’ şüarı ilə övladlarının məktəbə buraxılmamasına etiraz edən valideynlər həbsdən danışır:

“Qızım cərrah olmaq istəyirdi. Məktəbdə də əlaçıdır. Hicab qadağasından sonra təhsillə bağlı ümidləri alt-üst olub”

Həbs edilən inanclı qadın Nübar Həsənovanın 15 yaşlı qızı hər gün hazırlaşıb getdiyi Binə qəsəbəsində yerləşən 149 saylı məktəbə oktyabrın 12-də başıörtülü olduğu üçün buraxılmır.
Bu qərar məktəblilər və onların ailələrində şok effekti yaradır.
Hadisədən bir gün sonra digər şagirdlər də hicablı yoldaşlarına dəstək olmaq üçün məktəbin həyətinə toplaşaraq etiraz ediblər. Məktəblilər və valideynlər “Hicaba azadlıq!” şüarı səsləndirib, dərsə daxil olmaqdan imtina etməklə qərara etiraz ediblər. Həbslər və təqiblər bundan sonra başlayıb.
“Deyirlər ki, qərar dövlətdəndir, ona riayət etməlisiniz. Lakin bu adamlara başa salmaq çox çətindir ki, qərar və qanun fərqli anlayışlardır. Kimsə yuxusunda gördüyü bir şeyi “qərardır” deyə qəbul etdirə bilməz. Konstitusiyaya görə, hər kəsin din, əqidə və vicdan azadlığı var, ümumi orta təhsil isə icbaridir. Qərar dövlətdəndirsə, biz də dövlətin vətəndaşlarıyıq. Bütün qanunlar və səlahiyyətli şəxslər xalqa xidmət etməlidir. Bəs bu uşaqların yaşadığı psixoloji travmanı heç kəs nəzərə almır?” - Nübar Həsənova.

Nübar Həsənova etirazın səhəri qızını məktəbə aparıb, sinif otağına daxil edib və dərsinə davam etməsini tələb edib. Övladını sinifdən çıxarmasınlar deyə məktəbin dəhlizində keşik çəkərkən mülki geyimli polislər tərəfindən saxlanılıb.

“Beş nəfər mülki geyimli şəxs terrorçu kimi, sanki haranısa partlatmışam kimi üstümə hücum etdi. Qollarımı burub, ağzımı tutaraq vəhşi kimi məni “Hyundai” markalı qara maşına itələdilər. Əvvəlcə məni Binə qəsəbəsi 3 nömrəli polis bölməsinə, sonra Xəzər Rayon Polis İdarəsinə apardılar. Bölmədə mənimlə çox pis rəftar edirdilər. Hətta çantamdakı 45 manat pulumu da oğurladılar. Həqiqətən də ölkənin hüquq-mühafizə orqanları gülünc vəziyyətdədir. Bizi cinayətdən, oğurluqdan qorumalı olan polis özü cinayət törədir, oğurluq edir”, - Nübar Həsənova deyir.

Elə həmin gün 149 saylı məktəbin həyətində başqa bir valideyn, Nərgizxanım Məmmədova da həbs olunub. O deyir ki, oktyabrın 13-də telefonunda canlı yayım açaraq hicablı uşaqları sinfə qədər aparıb:
“Qızımı sinfə salanda əlindən tutmuşdum. Uşaq qorxudan əlimi sıxırdı, çünki müəllimə, mühafizə əməkdaşları və direktor özləri önümüzü kəsib içəri buraxmırdılar. Bir dərs keçəndən sonra qızımı sinifdən çıxarıb başqa otağa - psixoloji otağa aparıblar. Orada “psixoloqlar” uşaqlara baş örtülərini açmalı olduqlarını deyiblər. Səhəri gün də qızımı sinif otağına salıb qapıdan çıxan kimi 5-6 nəfər mülki geyimli şəxs zorla məni sürüyərək maşına apardı”.

Qızı üçüncü sinifdə oxuyan Nərgizxanım Məmmədova deyir ki, polislər onu hədələyib və zorakılıq göstərəcəkləri ilə bağlı təhdid ediblər. Hər iki valideyn gecə saat 11-12 radələrində Xəzər Rayon Məhkəməsinə çıxarılıb və barələrində Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə həbs qətimkan tədbiri seçilib.
“Hökm oxunanda kövrəldim, həbs olunduğum üçün yox. Üzümə durub şər atmaqları mənə təsir etdi. Hakimə dedim ki, bu yaşıma qədər heç bir qanun pozuntusu etməmişəm. Siz şeytana qulluq edənlərsiniz”, - Nərgizxanım Məmmədova deyir.

Həbs edilən valideynlərin hər biri etiraz zamanı video çəkərək sosial mediada paylaşıb. Qızı Xocəsən qəsəbəsindəki 103 nömrəli məktəbin 4-cü sinfində oxuyan Çinarə Dərgahova da onların arasındadır. Valideynin sözlərinə görə, qızını sinifdən çıxarmayacaqlarını deyərək aldadıblar və videoları sildiriblər.

“Direktor Səmə müəllim bizə tapşırdı ki, heç bir video çəkilməsin və paylaşılmasın. Mən videoları silib evə getdim. Evə çatandan 15 dəqiqə sonra mənə zəng gəldi ki, hicabla qızıma dərsdə oturmağa da icazə vermədilər. Onu da deyim ki, müəllimlərin heç biri deyilən formada deyildi. Məktəbin həyətində keçirilən etirazdan sonra həbs olundum. Mən 4-cü sinifdə oxuyan hicablı qızıma görə mübarizə aparırdım. Mənə İranın adamı dedilər”, - Çinarə Dərgahova bildirib.

Hökumət baş verən etirazların İrandan idarə olunduğunu, etirazçıların iğtişaş yaradaraq qanunu pozduqlarını deyir. Həbs olunan valideynlər isə bildirirlər ki, “Hicaba azadlıq!” tələbi ilə baş tutan aksiyalar sivil qaydada keçirilib və onlar heç bir zorakılığa yol verməyiblər.

“Bu məlumatlar şər və böhtandır. Sizə əminliklə deyə bilərəm ki, bu provokasiya tipli hərəkətlər - haranısa yandırmaq, iğtişaş yaratmaq, kiməsə hücum etmək süni şəkildə yaradılıb və xüsusi təyin olunmuş adamlar vasitəsilə həyata keçirilib. Oktyabrın 13-də bir şeyi öz gözlərimizlə gördük. Məktəbin hər tərəfi mülki geyimlilərlə dolu idi. Biz valideynlər təhsil idarəsindən olduğunu güman etdiyimiz qalstuklu şəxsə yaxınlaşdıq ki, vəziyyətin səbəbini izah etsin. Daha sonra şagirdlər həmin şəxsin belində silah olduğunu görüblər. Bir neçə şagirddən bunu dəqiqləşdirdim. Sual yaranır: Bu silahlı şəxsin uşaqların arasında, məktəbdə nə işi var idi? Əlbəttə ki, ilk qarşıdurma anında atəş açıb bütün baş verənləri İranın ayağına yazmağa. İndiyə qədər radikal molla adlandırdıqları İranmı hicabı qadağan etdi? Xalqı və dövləti qarşı-qarşıya qoyub, vətəndaş qırğını yaradan, ölkəni bir-birinə qatan kimlərdir?” - Nübar Həsənova soruşur.

Azərbaycanın qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasına görə, heç kəs təhsil hüququndan məhrum edilə bilməz. Sənəddə yazılır ki, dövlət valideynlərin öz dini baxışlarına uyğun təhsil və tədrisi təmin etmək hüququna hörmət etməlidir.
Qızlarının təhsil hüququ uğrunda mübarizə aparan valideynlər uşaqlarının gələcəyindən narahatdır. Hicab qadağası onları övladlarından ayrı saldı, anaları həbsxana kamerasına, qızları isə evlərinə məhkum etdi.

Alman dili müəllimi olan 34 yaşlı Nübar Həsənova deyir ki, qızı bu il kimya fənni üzrə hazırladığı layihəyə görə məktəbdə birinci olub. Təhsildən məhrum buraxılmaq övladının taleyi ilə oynamaqdır.
“Qızım özü də çox narahatdır. Gələcəyi ilə bağlı qurduğu bütün planlar alt-üst olub. Öz vətənində yad kimi yaşayır. ‘Biz dünyəvi ölkədə yaşayırıq’ deyirlər. Dünyəvilik əxlaqsızlıq demək deyil. Dünyəvilik tolerantlıq, dözümlülük, müasirlik, azadlıq və demokratiya deməkdir”, - Nübar Həsənova.”

Aytac Tapdıq, Xəyalə Ağayeva


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İctimai fəal polis bölməsində cinsi qısnamaya məruz qaldığını deyir: "Həbslə hədələnirəm"

27 Oktyabr 2026

Portağal Media

İctimai fəal Sara Rəhimova bu ilin əvvəlində polis bölməsində cinsi qısnama və psixoloji təzyiqə məruz qalmasını ictimailəşdirib.  O, sosial media hesabında etdiyi paylaşımda yazıb ki, fevral ayında pasportunu yeniləmək üçün ASAN Xidmətə müraciət etsə də, ona barəsində cinayət işi açıldığı və ölkədən çıxışına məhdudiyyət qoyulduğu deyilib.  "Məni əvvəlcə 28-ci polis bölməsinə, daha sonra isə Səbail Rayon Polis İdarəsinə apardılar. 28-ci polis bölməsində barmaq izlərimin götürülməsi üçün məni otağın içərisində yerləşən başqa bir otağa saldılar və qapını içəridən bağladılar. Barmaq izlərim götürülərkən mənə toxunmağa cəhd edildi. Etiraz etdim və mənə toxunmamalarını tələb etdim. Bu hal bir neçə dəfə təkrarlandı. Qapalı otaqda...
Siyasət

IDI hesabat yayıb: “Toplum TV işi” üzrə məhkəmə prosesi ciddi ədalətsizliklərlə müşayiət olunub

27 Oktyabr 2026

Toplum TV

Demokratik Təşəbbüslər İnstitutu (IDI) “Toplum işi: sistemli repressiyalar şəraitində ədalətsizlik” adlı hesabat dərc edib. İnstitutun oktyabrın 27-də yaydığı press-relizdə bildirilib ki, hesabat IDI-ın məzun və ekspert şəbəkəsi tərəfindən hazırlanıb, “Toplum TV işi” üzrə məhkəmə prosesləri monitorinq edilib. Hesabatda IDI, “Toplum TV” və Üçüncü Respublika Platforması ilə əlaqəli doqquz jurnalist, ictimai fəal və siyasətçinin məhkəmə prosesinin ciddi ədalətsizliklərlə müşayiət olunduğu qeyd edilib. İnstitut həmin şəxslərin Avropa Şurası Parlament Assambleyasının 1900 (2012) saylı qətnaməsində nəzərdə tutulan meyarlara uyğun olaraq siyasi məhbus olduqlarını bildirib. 2026-cı il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Toplum TV işi” çərçivəsində doqquz nəfəri qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, çirkli pulların...

Seçilmiş Videolar

Toplum TV loqo