Siyasət

İctimai fəal polis bölməsində cinsi qısnamaya məruz qaldığını deyir: "Həbslə hədələnirəm"

27 Oktyabr, 2026
14

Portağal Media

İctimai fəal Sara Rəhimova bu ilin əvvəlində polis bölməsində cinsi qısnama və psixoloji təzyiqə məruz qalmasını ictimailəşdirib. 

O, sosial media hesabında etdiyi paylaşımda yazıb ki, fevral ayında pasportunu yeniləmək üçün ASAN Xidmətə müraciət etsə də, ona barəsində cinayət işi açıldığı və ölkədən çıxışına məhdudiyyət qoyulduğu deyilib. 

"Məni əvvəlcə 28-ci polis bölməsinə, daha sonra isə Səbail Rayon Polis İdarəsinə apardılar. 28-ci polis bölməsində barmaq izlərimin götürülməsi üçün məni otağın içərisində yerləşən başqa bir otağa saldılar və qapını içəridən bağladılar. Barmaq izlərim götürülərkən mənə toxunmağa cəhd edildi. Etiraz etdim və mənə toxunmamalarını tələb etdim. Bu hal bir neçə dəfə təkrarlandı. Qapalı otaqda qalmaq istəmədiyimi bildirdim. Daha sonra məni otaqdan çıxardılar. Mənə toxunmağa cəhd edən şəxs bu dəfə “Sən gözəlsən, cavansan” kimi iyrənc ifadələr işlətməyə başladı. Polis maşınına mindirilərkən toxunmağa cəhd edirdilər", - o qeyd edib. 

S.Rəhimova əlavə edib ki, bu zaman cəmi bir neçə gün əvvəl əməliyyat olunub və tikişləri hələ sağalmayıb. 

"Buna baxmayaraq, məni “işgəncə otağı” adlandırılan yerin yaxınlığına apardılar. Otaqda işıq dayanmadan yanıb-sönür, ətrafa dözülməz qoxu yayılırdı. Mənə otağa girməyimi əmr etdilər. İmtina etdim. “Onsuz da burada qalacaqsan”, dedilər. Məni otağın yanında oturdub qapını bağladılar. İşıq yanıb-sönməyə davam edirdi. Psixoloji təzyiq altında idim. Otaqdan çıxmağa çalışsam da, buna imkan vermirdilər. Daha sonra məni Səbail Rayon Polis İdarəsinə apardılar. Orada müstəntiqin olmadığını dedilər və mənə məlumat veriləcəyini bildirdilər", - o qeyd edib. 

Fəalın sözlərinə görə, bu hadisədən sonra aylarla evdən çıxmağa qorxub və müxtəlif adamlar tərəfindən izlənildiyini hiss edib. 

S.Rəhimova cinayət işi ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət etsə də, ona işin Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) icraatında olduğu bildirilib. Daha sonra Səbail Rayon Polis İdarəsinə çağırılan fəala işin Cinayət Məcəlləsinin 178.2.1 və 178.3.2-ci maddələri ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) əlaqəli olduğu deyilib. Lakin o iddia edir ki, müstəntiq ona "dövlətə qarşı çıxdığını" da deyib. 

"Mən isə açıq şəkildə bildirdim ki, dələduzluq etməmişəm və dövlətə qarşı çıxmaqla dələduzluq ittihamı arasında heç bir əlaqə yoxdur. Barəmdə cinayət işi olduğu və təqsirləndirilən şəxs olduğum deyilirsə, niyə iki ildir ifadəm alınmır? Niyə bu müddət ərzində istintaqın gedişi barədə mənə aydın məlumat verilmir? Müstəntiq üzümə baxaraq “Axtarışdasınız” dedi. Cavab verdim: “Mən buradayam, özünüz çağırmısınız, gəlmişəm”. Bundan əvvəl də bir neçə dəfə saxlanılmışdım. Soruşdum ki, əgər axtarışda idimsə, əvvəlki saxlanılmalarım zamanı niyə bu məsələ qaldırılmayıb? Müstəntiq mənə belə dedi: “Bu sifariş yuxarıdan gəlib. Bizə nə deyirlərsə, edirik. Sistemdə heç bir məlumat yoxdur, amma üzərinizdə cinayət işi var”", - o əlavə edib. 

Fəalın sözlərinə görə, ona hər an həbs oluna biləcəyi də deyilib. 

S.Rəhimova bildirib ki, sonradan onu yenə Səbail Rayon Polis İdarəsi və BŞBPİ-yə çağırsalar da, yenidən "hörmətsiz münasibət"lə üzləşəcəyini düşünərək getməkdən imtina edib. 

"Mən istintaqdan yayınmıram. Bu ilin əvvəlində yaşadıqlarım mənə çox ağır psixoloji travma yaşadıb. Təsirləri bu gün də davam edir. Son aylarda vəziyyətimi müəyyən qədər yaxşılaşdıra bilmişəm, lakin mütəmadi olaraq polis idarələrinə çağırılmağım məndə yenidən ciddi stress yaradır. Keçən həftə dəvət olunduğum yerlərə getmədim. Çünki bu görüşlərin müsbət nəticə verməyəcəyini düşünürəm və hər dəfə həmin idarələrə getmək, yenidən eyni münasibətlə üzləşmək mənim üçün son dərəcə ağırdır. Yaşadıqlarımın yaratdığı psixoloji yükü daşımaq və qarşılaşdığım alçaldıcı münasibətə dözmək getdikcə çətinləşir. Bilirəm ki, görüşlərə getməməyim istintaqdan yayınma kimi təqdim edilə bilər. Ancaq mən istintaqdan yayınmıram. Əksinə, hüquqi vəziyyətimin aydınlaşdırılması üçün indiyədək üzərimə düşən addımları atmışam, rəsmi müraciətlər etmişəm və çağırışlar əsasında polis idarələrinə getmişəm", - o əlavə edib. 

Fəal bildirib ki, məhkəməyə müraciət etməyi də düşünsə də, ona polis idarəsində bunun "heç bir faydası olmayacağı, işin yenə onların əlindən keçdiyi" deyilib. 

İxtisasca hidrometeoroloq olan S.Rəhimova ölkədən çıxış qadağasının onun elmi fəaliyyətini də məhdudlaşdırdığını əlavə edib. 

"Mən sadəcə barəmdəki cinayət işinin qanuni, şəffaf və obyektiv şəkildə araşdırılmasını, hüquqlarımın təmin olunmasını və üzərimdəki məhdudiyyətlərin hüquqi əsaslarının mənə aydın şəkildə izah edilməsini istəyirəm. Mənim haqqımda ittihamlar varsa, bunun cavabı təhdid, qeyri-müəyyənlik və alçaldıcı münasibət deyil. Bunun cavabı qanun, şəffaf istintaq və ədalətli hüquqi prosedur olmalıdır", - o qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

IDI hesabat yayıb: “Toplum TV işi” üzrə məhkəmə prosesi ciddi ədalətsizliklərlə müşayiət olunub

27 Oktyabr 2026

Toplum TV

Demokratik Təşəbbüslər İnstitutu (IDI) “Toplum işi: sistemli repressiyalar şəraitində ədalətsizlik” adlı hesabat dərc edib. İnstitutun oktyabrın 27-də yaydığı press-relizdə bildirilib ki, hesabat IDI-ın məzun və ekspert şəbəkəsi tərəfindən hazırlanıb, “Toplum TV işi” üzrə məhkəmə prosesləri monitorinq edilib. Hesabatda IDI, “Toplum TV” və Üçüncü Respublika Platforması ilə əlaqəli doqquz jurnalist, ictimai fəal və siyasətçinin məhkəmə prosesinin ciddi ədalətsizliklərlə müşayiət olunduğu qeyd edilib. İnstitut həmin şəxslərin Avropa Şurası Parlament Assambleyasının 1900 (2012) saylı qətnaməsində nəzərdə tutulan meyarlara uyğun olaraq siyasi məhbus olduqlarını bildirib. 2026-cı il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Toplum TV işi” çərçivəsində doqquz nəfəri qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, çirkli pulların...
Siyasət

Hicab qadağasına etirazdan sonra həbs olunan analar həbsdəki jurnalistlərə danışıb

27 Oktyabr 2026

sosial media

“Meydan TV işi” üzrə həbs olunan jurnalistlər Aytac Tapdıq və Xəyalə Ağayeva hicaba görə qızları məktəbə buraxılmadıqdan sonra etiraz etdikləri üçün saxlanılan üç ana ilə müsahibə aparıblar. “Toplum TV” müsahibələri olduğu kimi təqdim edir. “‘Hicaba Azadlıq’ şüarı ilə övladlarının məktəbə buraxılmamasına etiraz edən valideynlər həbsdən danışır: “Qızım cərrah olmaq istəyirdi. Məktəbdə də əlaçıdır. Hicab qadağasından sonra təhsillə bağlı ümidləri alt-üst olub” Həbs edilən inanclı qadın Nübar Həsənovanın 15 yaşlı qızı hər gün hazırlaşıb getdiyi Binə qəsəbəsində yerləşən 149 saylı məktəbə oktyabrın 12-də başıörtülü olduğu üçün buraxılmır. Bu qərar məktəblilər və onların ailələrində şok effekti yaradır. Hadisədən bir gün sonra digər...

Seçilmiş Videolar

Toplum TV loqo