İctimai fəal polis bölməsində cinsi qısnamaya məruz qaldığını deyir: "Həbslə hədələnirəm"
Portağal Media
İctimai fəal Sara Rəhimova bu ilin əvvəlində polis bölməsində cinsi qısnama və psixoloji təzyiqə məruz qalmasını ictimailəşdirib.
O, sosial media hesabında etdiyi paylaşımda yazıb ki, fevral ayında pasportunu yeniləmək üçün ASAN Xidmətə müraciət etsə də, ona barəsində cinayət işi açıldığı və ölkədən çıxışına məhdudiyyət qoyulduğu deyilib.
"Məni əvvəlcə 28-ci polis bölməsinə, daha sonra isə Səbail Rayon Polis İdarəsinə apardılar. 28-ci polis bölməsində barmaq izlərimin götürülməsi üçün məni otağın içərisində yerləşən başqa bir otağa saldılar və qapını içəridən bağladılar. Barmaq izlərim götürülərkən mənə toxunmağa cəhd edildi. Etiraz etdim və mənə toxunmamalarını tələb etdim. Bu hal bir neçə dəfə təkrarlandı. Qapalı otaqda qalmaq istəmədiyimi bildirdim. Daha sonra məni otaqdan çıxardılar. Mənə toxunmağa cəhd edən şəxs bu dəfə “Sən gözəlsən, cavansan” kimi iyrənc ifadələr işlətməyə başladı. Polis maşınına mindirilərkən toxunmağa cəhd edirdilər", - o qeyd edib.
S.Rəhimova əlavə edib ki, bu zaman cəmi bir neçə gün əvvəl əməliyyat olunub və tikişləri hələ sağalmayıb.
"Buna baxmayaraq, məni “işgəncə otağı” adlandırılan yerin yaxınlığına apardılar. Otaqda işıq dayanmadan yanıb-sönür, ətrafa dözülməz qoxu yayılırdı. Mənə otağa girməyimi əmr etdilər. İmtina etdim. “Onsuz da burada qalacaqsan”, dedilər. Məni otağın yanında oturdub qapını bağladılar. İşıq yanıb-sönməyə davam edirdi. Psixoloji təzyiq altında idim. Otaqdan çıxmağa çalışsam da, buna imkan vermirdilər. Daha sonra məni Səbail Rayon Polis İdarəsinə apardılar. Orada müstəntiqin olmadığını dedilər və mənə məlumat veriləcəyini bildirdilər", - o qeyd edib.
Fəalın sözlərinə görə, bu hadisədən sonra aylarla evdən çıxmağa qorxub və müxtəlif adamlar tərəfindən izlənildiyini hiss edib.
S.Rəhimova cinayət işi ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət etsə də, ona işin Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) icraatında olduğu bildirilib. Daha sonra Səbail Rayon Polis İdarəsinə çağırılan fəala işin Cinayət Məcəlləsinin 178.2.1 və 178.3.2-ci maddələri ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) əlaqəli olduğu deyilib. Lakin o iddia edir ki, müstəntiq ona "dövlətə qarşı çıxdığını" da deyib.
"Mən isə açıq şəkildə bildirdim ki, dələduzluq etməmişəm və dövlətə qarşı çıxmaqla dələduzluq ittihamı arasında heç bir əlaqə yoxdur. Barəmdə cinayət işi olduğu və təqsirləndirilən şəxs olduğum deyilirsə, niyə iki ildir ifadəm alınmır? Niyə bu müddət ərzində istintaqın gedişi barədə mənə aydın məlumat verilmir? Müstəntiq üzümə baxaraq “Axtarışdasınız” dedi. Cavab verdim: “Mən buradayam, özünüz çağırmısınız, gəlmişəm”. Bundan əvvəl də bir neçə dəfə saxlanılmışdım. Soruşdum ki, əgər axtarışda idimsə, əvvəlki saxlanılmalarım zamanı niyə bu məsələ qaldırılmayıb? Müstəntiq mənə belə dedi: “Bu sifariş yuxarıdan gəlib. Bizə nə deyirlərsə, edirik. Sistemdə heç bir məlumat yoxdur, amma üzərinizdə cinayət işi var”", - o əlavə edib.
Fəalın sözlərinə görə, ona hər an həbs oluna biləcəyi də deyilib.
S.Rəhimova bildirib ki, sonradan onu yenə Səbail Rayon Polis İdarəsi və BŞBPİ-yə çağırsalar da, yenidən "hörmətsiz münasibət"lə üzləşəcəyini düşünərək getməkdən imtina edib.
"Mən istintaqdan yayınmıram. Bu ilin əvvəlində yaşadıqlarım mənə çox ağır psixoloji travma yaşadıb. Təsirləri bu gün də davam edir. Son aylarda vəziyyətimi müəyyən qədər yaxşılaşdıra bilmişəm, lakin mütəmadi olaraq polis idarələrinə çağırılmağım məndə yenidən ciddi stress yaradır. Keçən həftə dəvət olunduğum yerlərə getmədim. Çünki bu görüşlərin müsbət nəticə verməyəcəyini düşünürəm və hər dəfə həmin idarələrə getmək, yenidən eyni münasibətlə üzləşmək mənim üçün son dərəcə ağırdır. Yaşadıqlarımın yaratdığı psixoloji yükü daşımaq və qarşılaşdığım alçaldıcı münasibətə dözmək getdikcə çətinləşir. Bilirəm ki, görüşlərə getməməyim istintaqdan yayınma kimi təqdim edilə bilər. Ancaq mən istintaqdan yayınmıram. Əksinə, hüquqi vəziyyətimin aydınlaşdırılması üçün indiyədək üzərimə düşən addımları atmışam, rəsmi müraciətlər etmişəm və çağırışlar əsasında polis idarələrinə getmişəm", - o əlavə edib.
Fəal bildirib ki, məhkəməyə müraciət etməyi də düşünsə də, ona polis idarəsində bunun "heç bir faydası olmayacağı, işin yenə onların əlindən keçdiyi" deyilib.
İxtisasca hidrometeoroloq olan S.Rəhimova ölkədən çıxış qadağasının onun elmi fəaliyyətini də məhdudlaşdırdığını əlavə edib.
"Mən sadəcə barəmdəki cinayət işinin qanuni, şəffaf və obyektiv şəkildə araşdırılmasını, hüquqlarımın təmin olunmasını və üzərimdəki məhdudiyyətlərin hüquqi əsaslarının mənə aydın şəkildə izah edilməsini istəyirəm. Mənim haqqımda ittihamlar varsa, bunun cavabı təhdid, qeyri-müəyyənlik və alçaldıcı münasibət deyil. Bunun cavabı qanun, şəffaf istintaq və ədalətli hüquqi prosedur olmalıdır", - o qeyd edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
IDI hesabat yayıb: “Toplum TV işi” üzrə məhkəmə prosesi ciddi ədalətsizliklərlə müşayiət olunub
Toplum TV
Hicab qadağasına etirazdan sonra həbs olunan analar həbsdəki jurnalistlərə danışıb
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”