IDI hesabat yayıb: “Toplum TV işi” üzrə məhkəmə prosesi ciddi ədalətsizliklərlə müşayiət olunub
Toplum TV
Demokratik Təşəbbüslər İnstitutu (IDI) “Toplum işi: sistemli repressiyalar şəraitində ədalətsizlik” adlı hesabat dərc edib.
İnstitutun oktyabrın 27-də yaydığı press-relizdə bildirilib ki, hesabat IDI-ın məzun və ekspert şəbəkəsi tərəfindən hazırlanıb, “Toplum TV işi” üzrə məhkəmə prosesləri monitorinq edilib.
Hesabatda IDI, “Toplum TV” və Üçüncü Respublika Platforması ilə əlaqəli doqquz jurnalist, ictimai fəal və siyasətçinin məhkəmə prosesinin ciddi ədalətsizliklərlə müşayiət olunduğu qeyd edilib. İnstitut həmin şəxslərin Avropa Şurası Parlament Assambleyasının 1900 (2012) saylı qətnaməsində nəzərdə tutulan meyarlara uyğun olaraq siyasi məhbus olduqlarını bildirib.
2026-cı il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Toplum TV işi” çərçivəsində doqquz nəfəri qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, vergidən yayınma və əmək qanunvericiliyinin pozulması ittihamları ilə 12 ildən 15 ilədək azadlıqdan məhrum edib. Təqsirləndirilən şəxslər ittihamları rədd edib və hökmdən apellyasiya şikayəti veriblər.
IDI xatırladır ki, məhkəmənin hökmü ilə IDI rəhbəri və RePlatformanın spikeri Akif Qurbanov 15, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər.
IDI hesabatda işin hüquqi əsasları, təqdim edilən sübutların etibarlılığı və məhkəmə prosesinin ədalətliliyi ilə bağlı ciddi problemlər müəyyən etdiyini bildirib.
İnstitutun açıqlamasına görə, dövlət qeydiyyatına alınmasından imtina edilən IDI-ın və media qurumunun fəaliyyəti iqtisadi cinayət kimi qiymətləndirilib. Qaçaqmalçılıq ittihamı isə 2024-cü il martın 6-da aparılan axtarışlar zamanı polis tərəfindən aşkarlandığı bildirilən nağd pul vəsaitinə əsaslandırılıb. Təqsirləndirilən şəxslər həmin vəsaitin onların üzərinə qəsdən qoyulduğunu bildiriblər. Hesabatda gömrük qaydalarının pozulduğunu təsdiqləyən sübutların iş materiallarında təqdim edilmədiyi vurğulanıb.
“Məhkəmə prosesində ədalətli araşdırma hüququ ilə bağlı pozuntular da qeydə alınıb. Şahidlərin ifadələrinə görə, onlardan təzyiq altında ifadələr alınıb və ifadələrini geri götürəcəkləri təqdirdə hədələniblər. Eyni zamanda, iş üçün əhəmiyyətli olan bəzi şahidlərin ifadə verməsinə imkan yaradılmayıb, hakim isə təqsirləndirilən şəxslərə qarşı açıq qərəz nümayiş etdirib”, - hesabatda deyilir.
IDI mövcud pozuntuları əsas gətirərək doqquz nəfərin dərhal azadlığa buraxılmasını tələb edib. İnstitut həmçinin Avropa Şurası Nazirlər Komitəsini Azərbaycanla bağlı Məmmədli qrupu işləri üzrə qərarların icrası çərçivəsində “Toplum TV işi” ilə bağlı müvafiq addımlar atmağa çağırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
İctimai fəal polis bölməsində cinsi qısnamaya məruz qaldığını deyir: "Həbslə hədələnirəm"
Portağal Media
Hicab qadağasına etirazdan sonra həbs olunan analar həbsdəki jurnalistlərə danışıb
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”