Siyasət

İqbal Əbilov 1 il müddətinə qapalı tipli həbsxanaya göndərilib

3 noyabr, 2026
54

sosial media

Həbsdə olan akademik tədqiqatçı İqbal Əbilov 1 il müddətinə qapalı tipli həbsxanaya göndərilib.
Yaxınlarının məlumatına görə, noyabrın 2-də Qaradağ Rayon Məhkəməsində Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsinin Əbilovun 3 il müddətinə qapalı tipli həbsxanaya keçirilməsi ilə bağlı təqdimatına baxılıb.
Hakim Teymur Qurbanovun sədrlik etdiyi açıq məhkəmə iclasında təqdimat qismən təmin edilib. Məhkəmə Əbilovun 1 il müddətinə qapalı tipli həbsxanaya göndərilməsi barədə qərar qəbul edib.

İclasda talış dilində çıxış edən Əbilov ona istinad edilən intizam pozuntularının əsassız olduğunu bildirib. O deyib ki, cəzaçəkmə müəssisəsinin barəsində qəbul etdiyi bir sıra qərarlarla tanış edilməyib, ondan izahat alınmayıb.
“Haqsızlığın qarşısında susmaq, boyun əymək olmaz. Ona görə də bu, kimlər üçünsə Don Kixotluq kimi görünsə də, nəticəyə heç bir təsiri olmasa da, mən susa bilmərəm”, - Əbilov bildirib.

O, müəssisənin məhbuslar arasında qarışıqlıq yaratmaq, digər məhbuslara təsir göstərmək və milli nifrətə yönələn hərəkətlər etmək barədə iddialarını da qəbul etməyib. Əbilov bu ittihamların araşdırılması üçün məhbusların şahid qismində dindirilməsini və müşahidə kameralarının görüntülərinə baxılmasını istəyib.

Tədqiqatçı talış dilində şeir yazılmış köynəyinə görə cəzalandırıldığını da deyib. O qeyd edib ki, köynəyin üzərindəki “Millət öz başını itirən günü, qazanır yurdunun ölüm hökmünü” misralarında dövlətə qarşı heç bir çağırış yoxdur. Əbilov şeirin ekspertizadan keçirilməsi ilə bağlı vəsatət verib.

Əbilov bildirib ki, 2026-cı il iyulun 9-da Bakı İstintaq Təcridxanasında köynəyi əlindən alınıb, daha sonra zor tətbiq edilərək cərimə təcridxanasına salınıb. O, iki ay cərimə təcridxanasında saxlanıldığını, çarpayıya qandallandığını və bu müddətdə səhhətinin pisləşdiyini deyib.
“Əgər talış dilində bir beytə görə mənə qarşı güc tətbiq edirlərsə, məni çarpayıya qandallayırlarsa, iki aylığına cərimə təcridxanasına salırlarsa və qapalı tipli həbsxanaya göndərirlərsə, onda ölkədə talış dilinin vəziyyəti barədə nə demək olar?!” - o bildirib.

Əbilovun sözlərinə görə, cərimə təcridxanasında olduğu müddətdə xroniki bronxiti kəskinləşib, nəfəs almaqda çətinlik çəkib, lakin tibbi yardım göstərilməyib.

Çıxışının sonunda o, Penitensiar Xidmətin təqdimatının təmin edilməməsini istəyib. Əbilov qərarın əvvəlcədən planlaşdırıldığını və intizam pozuntuları ilə bağlı sənədlərin saxtalaşdırıldığını iddia edib.
“Bilin: burada ittiham edən tərəf onlar deyil, ittiham edən tərəf mənəm”, - o əlavə edib.

İqbal Əbilov 2025-ci il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il azadlıqdan məhrum edilib.

Belarusda yaşayan tədqiqatçı 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına səfəri zamanı saxlanılıb. Həbsindən sonra hökumətyönlü mediada onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi iddia olunub.

O, Cinayət Məcəlləsinin 274-cü, 281.3-cü və 283.1-ci maddələri ilə ittiham olunub.
İ. Əbilovun Hüquqlarını Müdafiə Komitəsi onun siyasi fəaliyyətlə məşğul olmadığını, “yeganə cinayətinin” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsin qorunması olduğunu bildirib. Müxtəlif beynəlxalq insan haqları təşkilatları və BMT-nin bir sıra məruzəçiləri Əbilovu siyasi məhbus kimi qiymətləndiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi qapalı keçirilib, fəallar prosesə buraxılmayıb

3 noyabr 2026

sosial media

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində cinayət işi üzrə məhkəmə baxışı başlayıb. AXCP üzvlərinin yaydığı məlumata görə, məhkəmə iclası qapalı keçirilib. Partiya fəalları jurnalistlərin, dəstək üçün gələn şəxslərin və AXCP üzvlərinin məhkəmə binasına buraxılmadığını bildiriblər. Məlumata görə, təqsirləndirilən şəxslərin cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi, həmçinin Əli Kərimlinin vəkillərinin yanında əyləşməsi ilə bağlı vəsatətləri təmin olunmayıb. Əli Kərimli ittihamın əsassız olduğunu deyərək cinayət işinə xitam verilməsini tələb edib. O, prosesin qapalı keçirilməsinə etiraz edib və məhkəmə iclasları bu qaydada davam edəcəyi halda,...
Siyasət

Avropa İttifaqı: Jurnalistlərə qarşı cinayətlər cəzasız qalmamalıdır

3 noyabr 2026

sosial media

Avropa İttifaqı jurnalistlərin öldürülməsi, təqib olunması, qanunsuz saxlanılması və peşə fəaliyyətinə görə təzyiqlərlə üzləşməsi ilə bağlı bəyanat yayıb. Noyabrın 1-də Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas, Avropa Komissiyasının icraçı vitse-prezidenti Henna Virkkunen və komissar Maykl Makqrat Beynəlxalq Jurnalistlərə Qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Günü münasibətilə birgə bəyanat yayıblar. Bəyanatda qeyd olunub ki, dünyanın müxtəlif yerlərində jurnalistlər öldürülür, işgəncəyə məruz qalır, təqib edilir, həbs olunur və ölkələrini tərk etməyə məcbur qalırlar. “Jurnalistlər onlayn təqib, qanunsuz müşahidə, nüfuzdan salma kampaniyaları, məhkəmə iddialarından sui-istifadə və iqtisadi təzyiqlərlə üzləşirlər”, - bəyanatda bildirilib. Aİ rəsmiləri qadın jurnalistlərin bu cür hücumlarla...

Seçilmiş Videolar

Toplum TV loqo