Kamal İsayevin apellyasiya iclası eyni hakimin işə baxmasına etirazdan sonra təxirə salınıb
sosial media
Oktyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
İnsan Haqları Uğrunda Həmrəylik Komitəsinin məlumatına görə, iclasa hakim Telman Hüseynov sədrlik edib.
Müdafiə tərəfi bildirib ki, Hüseynov İsayevin işinə birinci instansiyada da hakim kimi baxıb. Vəkillər bunun hakimin qərəzsizliyinə dair əsaslı şübhələr yaratdığını deyərək, Cinayət-Prosessual Məcəllənin 109.1.6-cı maddəsinə əsasən ona etiraz ediblər.
Müdafiə tərəfinin hakimin işə baxmaqdan kənarlaşdırılması ilə bağlı vəsatəti təmin edilib. İclas qeyri-müəyyən müddətə təxirə salınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 sentyabr 2026-cı il tarixli hökmü ilə İsayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Kamal İsayev Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların bir qrup şəxs tərəfindən törədilməsi), 281-1.2-ci (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolların bir qrup şəxs tərəfindən yayılması) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin zor tətbiqi və ya zor hədəsi ilə salınması) maddələri ilə təqsirli bilinib.
İsayev son sözündə ittihamları rədd edib:
“Qarabağ azad olunanda Azərbaycan xalqını təbrik edən videolar paylaşmışam. Həmin videoların bir neçəsini də burada nümayiş etdirdiniz. Ölkə xaricində Azərbaycanla bağlı tədbirlərdə iştirak etmişəm, maliyyə dəstəyi də göstərmişəm. İndi mən talış xalqının problemləri haqda da açıq danışıramsa, separatçı oluram? Heç vaxt Azərbaycanın parçalanmasının tərəfdarı olmamışam. Bəzi çıxışlarımda sadəcə olaraq talışları təhqir edənlərə cavab vermişəm. İstintaq orqanı və dövlət ittihamçısı da özlərinə sərf edən hissələri kontekstdən çıxarıb ittiham aktı hazırlayıblar”.
Rusiya vətəndaşı olan və Rusiyada yaşayan Kamal İsayev ötən ilin noyabrında Türkiyəyə səyahət edərkən saxlanılıb və Azərbaycana ekstradisiya edilib.
İsayevin “YouTube” platformasında “Jahid Kamal” və “Arya Toloş” adlı kanalları olub. O, Azərbaycan hakimiyyətinin etnik azlıqlarla bağlı siyasətini mütəmadi tənqid edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Memar: "Tarixi irsin zədələnməsi prosesi Memarlar İttifaqının binasına da çatıb"
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”